İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaz bahalaşması başladı

1835 28.04.2017 10:41 İqtisadiyyat A A

Natiq Cəfərli: “Bunun birinci səbəbi nə qədər qəribə səslənsə də, psixoloji faktorla bağlıdır”

Dolların məzənnəsi manata nisbətən aşağı düşsə də, dükan-bazarda qiymətlər enmir. Xüsusən də xaricdən gətirilən məhsulların qiyməti əl yandırır desək, yanılmarıq. Qəribəsi isə odur ki, eyni məhsul müxtəlif marketlərdə müxtəlif qiymətlərə satılır.


Ancaq əvvəlki qiymətlə müqayisədə hər bir məhsulun qiymətində 20-30 qəpik bahalaşma müşahidə edilir. Məsələn, əvvəl 70 qəpiyə olan türk peçenyesi indi 1 manatadır. Həmçinin Rusiyadan gələn məhsulların da qiymətində 20-30 qəpik bahalaşma var, Məsələn, qatılaşdırılmış süd əvvəl 1 manat 20 qəpik idisə, indi 1 manat 30 qəpiyə satılır. Əvvəllər bahalaşmaya məhsulların dollarla alınmasını səbəb göstərir və dolların da qiymətinin manata nisbətən yüksək olduğunu deyirdilər. İndi isə satıcılardan bahalaşmanın səbəbini soruşduqda onların verəcək bir cavabı olmur.


Söhbətləşdiyimiz bir sıra satıcılar isə hər an dolların qalxacağından ehtiyat etdikləri üçün bahalaşma olduğunu və bununla da özlərini riskə atmadıqlarını deyirdilər. Bir sözlə, mağaza sahibləri hər ehtimala qarşı işlərini qarantiyaya alırlar ki, sabah dollar qalxsa, itkiləri olmasın.


Kənd təsərrüfatı məhsullarının da qiymətində bahalaşma müşahidə olunur. Belə ki, pomidor 4 manat 70 qəpik -5 manat, xiyar 2-3 manat arası, badımcan 2 manat 70 qəpik- 4 manat arası, bibər 5 manat, lobya 6 manat, alça 5-6 manat, çiyələk 6 manat, mandarin 3 manata satılır. Satıcılar bir sıra kənd təsərrüfatı məhsullarındakı bahalığı isə mövsümlə əlaqələndirirdilər.
Alıcılar isə təbii ki, durumdan narazıdır. “Bravo” marketdə alış-veriş edən alıcı Sevinc Əliyeva qiymətlərin ucuzlaşmaq əvəzinə bahalaşdığını dedi: “İnsan bilmir ki, marketə girib nə alsın. Əvvəl hara gedirdinsə, istər geyim, istərsə də ərzaq olsun, deyirdilər dollarla almışıq deyə bahadır. İndi ki, dollar düşüb. Nə vaxtadək insanların cibinə girməyə, haqqı olmayandan artıq almağa davam edəcəklər. bu cür olmaz”.

Image result for Natiq Cəfərli


İqtisadçı ekspert Natiq Cəfərli qiymətlərin bahalaşmasının iki səbəbi olduğunu dedi: “Bunun birinci səbəbi nə qədər qəribə səslənsə də, psixoloji faktordur. Yəni bazar oyunçuları manatın məzənnəsinin uzun zaman aşağılarda qalmasını ehtimal etmirlər. Bir müddət sonra yenidən məzənnənin artmasını gözləyirlər. İndidən də o risk marjını qiymətin üstünə qoymağa çalışırlar ki, sonradan uduzmasınlar. Çünki bu gün manatla satdıqları məhsulun dəyərini geri yığmaq və bundan sonra onu valyutaya çevirmək müəyyən zaman alır. Müəyyən zaman aldığına görə bu zaman kəsimində bir neçə həftədən bir neçə aya qədər çəkə bilər bu proses, manat məzənnəsində dəyişiklik olması ehtimalını hələ də güclü olduğunu nəzərə alaraq, bu risk marjını qiymətin üzərinə qoymağa çalışırlar. Əsas səbəblərdən biri budur. İkinci səbəb isə gömrükdə rəsmiləşmənin ciddiləşməsi ilə əlaqədardır. Əvvəllər keçirilən malların müxtəlif vasitələrlə rəsmiləşdirilməsində problemlər var idi və rəsmiləşdirmə həyata keçirilmirdi. İndi demək olar ki, Azərbaycana gətirilən bütün məhsulların rəsmi qaydada qeydiyyata alınması prosesi baş tutub. Bu da vergi rüsumlarının qiymətlərin üzərinə gəlməsinə səbəb olur. Bu nöqteyi-nəzərdən gömrükdə baş tutan rəsmiləşdirmə qiymət bahalaşmasına səbəb olan əsas faktorlardan birinə çevrilib. Bu iki səbəb qiymətlərin səviyyəsinin aşağı düşməməsinə əsas səbəblərdən biridir. Hər iki məsələ bazar oyunçularına və qiymətlərin formalaşmasına çox ciddi təsir göstərir”.


Günel MANAFLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR