İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quş qripi” yenidən qayıdır

1257 06.01.2017 10:13 Yaşam A A

“Quş qripi” yenidən dünyanın diqqət mərkəzindədir. Baxmayaraq ki, bir müddət bundan əvvəl bu xəstəliyin mövcud olmadığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, hansısa beynəlxalq qurumlar öz anbarlarında yığılıb qalan ət məhsullarını bazara çıxarmaq üçün bu xəstəliyi məqsədli şəkildə “icad” edib. Yəni “ət mafiyası”  insanları quş ətindən diksindirməyə çalışıb. 

Lakin bu gün dünyanın bir çox ölkələrindən “quş qripi” ilə bağlı həyəcanlı xəbərlər gəlməkdədir.  Xüsusən də Qərb ölkələrində bu virus getdikcə yayılmağa başlayıb.  Təkcə Fransanın dövlət orqanları hazırda ölkənin 3 regionunda “quş qripi” virusunun yayılmasının qarşısını almaq üçün 1 milyondan çox ördək və qazın məhv edilməsini planlaşdırır. Yaponiyada isə bu virusla əlaqədar bu yaxınlarda 90 min quş məhv edilib. Bundan əvvəl Hollandiyada “quş qripi” virusunun yayılmasının qarşısının alınması üçün 190 min ev ördəyi məhv edilib.  

Ən təhlükəlisi isə odur ki, Azərbaycanla sərhəd olan Rusiya və İranda da “quş qripi” virusu aşkarlanıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 24 noyabr və 9 dekabr tarixlərində yaydığı rəsmi məlumatlara görə, Rusiyanın Kalmıkya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında  “quş qripi” (H5) xəstəliyinin yayılması barədə məlumat daxil olub.
İranda isə ötən il noyabrın sonlarında Tehranın Malard bölgəsində 4 quşçuluq təsərrüfatında ev quşları arasında adı çəkilən virus aşkarlanıb. Nəticədə həmin təsərrüfatda 513 mindən çox toyuq məhv edilib. 

Bəs sərhədlərində yayılan “quş qripi” virusu ilə bağlı ölkəmizdə zəruri tədbirlər həyata keçirilirmi? Virusla bağlı risk zonasına daxil olan ölkələrdən Azərbaycana quş və quşçuluq məhsullarına məhdudiyyət varmı?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri, Yolçu Xanvəli suallarımıza belə cavab verdi: “Bəli, qeyd etdiyiniz kimi təxminən noyabrın sonlarında İranda, dekabrın ortalarında isə Rusiyada bu xəstəliyik qeydə alındı. Bununla bağlı həm İran, həm də Rusiyanın Həştərxan və digər vilayətləri də daxil olmaqla, oradan  quş ətinin gətirilməsinə məhdudiyyət tətbiq etmişik. Həmin məhdudiyyət bu gün də öz qüvvəsində qalmaqdadır. Eləcə də Avropa ölkələrindən. Bu məsələ daim dövlət baytarlıq xidmətinin mərkəzinin diqqətindədir, daim məlumatlar alınır. Həmin məlumatlar əsasında iş adamlarına hansı ölkədə vəziyyət stabildirsə, oradan quş əti və quş əti məhsullarının gətirilməsi məsləhət bilinir. 

Image result for Yolçu Xanvəli

Keçən il virusla bağlı 4 dəfə monitorinq keçirilib. Onun ikisi yaz mövsümündə, aprel-may aylarında, ikisi də payız mövsümündə, noyabr-dekabr aylarında baş tutub. Həmin monitorinqlər zamanı həm çöl, həm də ev quşlarından götürülən qan və patoeloji materiallarda bu xəstəliyin daşıyıcıları qeydə alınmayıb".

Qurum rəsmisi onu da qeyd etdi ki, mütəmadi olaraq iş adamlarına və vətəndaşlara zəruri xəbərdarlıqlar edilir:

“Təkcə ”quş qripi" deyil, qış mövsümündə yarana bilən xəstəliklər ilə əlaqədar quşların qapalı vəziyyətdə saxlanılması, hər hansı bir narahatlıq olarsa yerli və ya dövlət baytarlıq qurumuna vaxtında məlumat verilməsi tövsiyə edilir, tapşırılır. Hələ ki ölkəmizdə epizootik vəziyyət stabildir və bu stabilliyə nəzarət olunur". 

Xatırladaq ki, təkcə 2003-cü ildə dünyada 170 nəfər “quş qripi” xəstəliyindən tələf olub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir. 

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR