İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrip virusu ilə bağlı ilginc iddia - Azərbaycana Rusiyadan gəlib

2003 11.01.2017 11:00 Yaşam A A

Köhnə ilin sonundan əhali arasında kəskin qrip virusu yayılıb. İlk olaraq qızdırma ilə müşahidə edilən infeksiyanın Rusiyadan ölkəmizə gəldiyi də iddia olunur. Xatırladaq ki, Rusiyada bu epidemiya ötən ilin sonlarından yayılıb. Hətta buna görə Rusiyada bir sıra məktəblər bağlanaraq karantin elan edilmişdi. Azərbaycana da ötən ilin sonunda gələn bu virus geniş vüsət alıb. 

Qeyd edək ki, həmin virus təkcə Rusiya sərhədlərində deyil, Ukrayna və Türkiyədə də yayılıb. Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin məlumatına görə, müşahidə olunan A tipli qrip virusunun ştamı H3N2-dir. Elmi adı “influenza” (tərcümədə “qrip”) olan qrip virusu kifayət qədər təhlükəli sayılır. Azərbaycanda bu virusa yoluxan insanların çox olmasına baxmayaraq, Səhiyyə Nazirliyinin baş epidemioloqu, ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev mətbuata açıqlamasında ölkədə H3N2 virusunun yayılması barədə yayılan xəbərlərə münasibət bildirərək Azərbaycanda təhlükəli virusun olmadığını bildirib. “Mən sizə rəsmi surətdə bildirirəm ki, Azərbaycan ərazisində elə bir şey yoxdur. Kim deyirsə, bu, fərziyyədən başqa bir şey deyil. Əgər belə bir iddia varsa, buyursunlar, sübut etsinlər. Hər kəs özündən uydurduğu şeyi deyib, cəmiyyətdə ajiotaj yaratmasın”.

İ.Ağayevin sözlərinə görə, ölkədə qrip virusu sürətlə yayılsa da, bu, epidemiya səviyyəsinə çatmayıb: “Qrip elə bir xəstəlikdir ki, 2-3 ildən bir epidemiyaları yayılır. 8-12 ildən bir ola bilər ki, pandemiyası da yayılsın. Şükür olsun ki, nə respublikada, nə də dünyada pandemiya var.

50-100 nəfərin xəstələnməsi ilə təşvişə düşmək lazım deyil. Əgər 1 nəfər xəstələnibsə, işə getməsin, evdə müalicə olunsun. Bununla da xəstəliyin qarşısını almaq olar. Səhiyyə Nazirliyi vəziyyəti izləyir və buna uyğun bütün qabaqlayıcı tədbirlər görülür". 

Qeyd edək ki, qrip virusu öskürmə və asqırma nəticəsində ətrafa yayılan kiçik hissəciklər vasitəsilə yayılır. Bəsit bir öskürək belə 100.000 virus hissəciyinin havaya yayılmasına bəs edir. Burnunuzu silərkən bu rəqəm 2 milyona qədər çata bilər.

Tibb elmləri doktoru Adil Qeybulla bu virus haqqında müxtəlif şayiələr gəzdiyini dedi: “Buna H3N2 virusu, sezon virusu deyirlər. Bu, yuxarı tənəffüs yollarında parazitlik edən mikroorqanizmlərin fəallaşmasından baş verir. Mən jurnalistlərə məlumat vermişəm bu barədə. Ancaq yazıblar ki, guya mən demişəm ki, qripdən adam ölüb. Mən bu cür deməmişəm. Demişəm ki, bu qrip o qədər ağır keçir ki, ondan ölüm halları mümkündür. Bu ola bilər. Çünki bu, ağır ağciyər patologiyası ilə keçdiyi üçün bunun ölüm proqnozu mümkün hesab olunur. Bütün viruslar kimi qrip virusu da zamanla dəyişikliyə və mutasiyaya uğrayır. Orqanizm ona qarşı əks-cisimlər hazırlayana qədər virus dəyişir və yaranmış əks cisimlər onu tanıya bilmir. Nəticədə virus orqanizmin immun sisteminin zərbəsindən yayına bilir və daim xəstəlik törətməyə qadirdir. Hər il qripdən orta hesabla 20-30 min arası insan dünyasını dəyişir. Adətən payız başlayanda qeyri-stabil havalarda sezon qripi başlayır və yazın ortalarına qədər davam edir. Çünki bu vaxtlar insanlar daha çox qapalı yerlərə toplanır, bu da xəstəliyin yayılmasında əsas rol oynayan hava-damcı təmaslarını artırır. 

Image result for Adil Qeybulla

Qripin pandemiyası əsasən yeni ştamlar peyda olan zaman qeydə alınır, bu zaman virus qısa zaman kəsiyi ərzində böyük areala yayıla bilir. Qrip yuxarı tənəffüs yollarının qripəbənzər əlamətlərlə keçən iltihabi proseslərindən (kəskin respirator infeksiyalar, soyuqdəymə xəstəlikləri) daha təhlükəli hesab edilir. Qrip əlamətləri bunlardır: hərarətin yüksəlməsi, üşütmə, əzələ-oynaq ağrıları, zökəm, öskürək, boğazda ağrı, angina, yorğunluq, halsızlıq, zəiflik. Virus intoksikasiyası ağırlaşmalar törədə (bakterial pnevmoniya, ağciyər ödemi, udlaqarxası abses, qulaq və əngin ciblərinin infeksiyaları, görmənin itməsi, xroniki xəstəliklərin kəskinləşməsi) və ölümə gətirə bilər. Xüsusilə 65 yaşdan yuxarı insanlar, 2 yaşa qədər olan uşaqlar, xroniki xəstəlikləri (şəkərli diabet, astma, xroniki ürək, ağciyər, qaraciyər və böyrək xəstəlikləri) olan insanlar qripə yoluxmağa daha meylli olurlar”. 

A.Qeybulla hazırda ölkədə geniş yayılmış bu qripdən qorunmağın yollarından da danışdı: “Qripdən qorunmaq  üçün ictimai nəqliyyatda, işdə, kütləvi toplantı yerlərində cuna maskalardan istifadə edilməli, şəxsi gigiyena tədbirlərinə riayət etməli: əlləri tez-tez sabun və isti su ilə yumalı (xüsusilə yeməkdən öncə); qapı dəstəyinə, sürahiyə, idarəetmə pultuna və s. əşyalara əl vurduqdan sonra əlləri yumalı, vitaminoterapiya olunmalı, virus əleyhinə vaksinasiya olunmalıdır. Əgər qripə yoluxmusunuzsa, tez yataq rejiminə keçməli, çoxlu ilıq maye qəbul etmək, cuna maskalardan istifadə etməlisiniz. Antiqrippin, Amantadin, Remantadin, Arbidol,

Tamiflu, Relenza, Zanamivir dərmanlarından istifadə etməlisiniz. Çünki bu dərmanlar virusun yayılmasına müqavimət göstərir. Onları qrip əlamətləri başlayandan 48 saat sonra atmalısınız. Təcrübə göstərir ki, onlar ağırlaşmaları azaldır və xəstəliyin ömrünü qısaldır".

Qeyd edək ki, ölkəmizə ərəb turistlərin axını da çoxalıb Onlar da ölkəmizdə müxtəlif xəstəliklər yayırlar. Çünki sərhəddə ölkəmizə gələn turistlər tibbi müayinədən keçmirlər.

Ancaq bir sıra ölkələr var ki, ora gedən turist mütləq öncədən tibbi müayinədən keçməlidir ki, onu getdiyi ölkəyə buraxsınlar. A.Qeybulla Azərbaycanda bu sahədə boşluq olduğunu dedi: “Bu məsələ yüksək səviyyədə həll olunmalıdır ki, Azərbaycan səfirliklərindən viza alıb ölkəyə daxil olan şəxslər konkret müəyyən yoluxucu xəstəliklərin yoxlanmasından keçsin. Məsələn, həmin ölkədə spesifik olan infeksiyalar və yaxud viruslara qarşı, Hepatit, SPİD-ə qarşı yoxlamadan keçilsə, çox yaxşı olardı. Nəzərə alsaq ki, ərəb turistləri gəlib burada geniş fəaliyyət göstərir, deməli, bu yoxlanma zəruridir. Məsələn, İrana gedəndə bu cür yoxlama mütləq vacibdir. Yalnız sağlamlıq sənədi əsasında bu ölkəyə getmək olur. Azərbaycanda da bu həyata keçirilsə, çox yaxşı olardı”.

Günel MANAFLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR