İnsanlara hürriyət, millətlərə istiqlal!

“MİLLİ HƏKİMLƏRİMİZƏ GÜVƏNMƏK LAZIMDIR”

1036 13.07.2009 08:00 Yaşam A A
Ürək kimi vacib orqanın, obrazlı ifadə etsək, mühərrikin vəziyyəti insan üçün həmişə böyük əhəmiyyət daşıyıb. Odur ki, maraqlandıq görək, Azərbaycanda ürək cərrahlığının hazırkı səviyyəsi necədir. Mövzuya körpünü isə xalq artisti, sevimli müğənnimiz Yalçın Rzazadənin də bir çox digər tanınmışlar və tanınmamışlar kimi ürək əməliyyatı üçün xaricə üz tutması saldı. Əcəba, ölkə səhiyyəsi bu sahədə o qədərmi geridir ki, vətəndaşlarımız tez-tez Türkiyəyə, İrana, Avropa ölkələrinə, hətta ABŞ-a gedirlər?  
Tibb elmləri doktoru, professor Adil Qeybulla əvvəlcə ürək cərrahlığı sahəsində kardioloq-cərrah Nurəddin Rzayevin böyük rolundan danışdı: “30-40 il öncə onun başçılığı ilə professor Fikrət Zərgərli ilk dəfə ürək cərrahı kimi işə başlayıb. Bundan sonra Əli İnsanovun səhiyyə naziri olduğu dövrdə Əli Bağırov adlı şəxs ürək cərrahlığına nəzarət edib, lakin tezliklə işdən çıxarılıb. O zaman ürək cərrahlığı haqqında ürəkli söz demək olmazdı”. Professorun sözlərinə görə, hazırda Azərbaycanda ürək cərrahlığı inkişaf mərhələsindədir: “İndi Mərkəzi Klinik xəstəxanada ürək cərrahlığının bütün sahələri üzrə əməliyyatlar aparılır. Amma bununla belə Azərbaycanda ürək cərrahlığı renessans dövrünü yaşayır”.
Professorun qənaətincə, həmvətənlərimizin xaricə ürək əməliyyatı üçün getməsi bizim milli həkimlərə olan güvənin zəifliyindən xəbər verir: “Tibbi xidmətin səviyyəsinə güvən lazımdır. Burada əsas rollardan birini təbliğat oynayır. Güvən süni surətdə yarana bilməz. İnsanlar bilməlidirlər ki, hansı xəstəliyi hansı həkim əməliyyat edə bilər”.
Bununla yanaşı o, İran və Türkiyədə ürək cərrahlığının yüksək səviyyədə olmasını etiraf etdi: “Keçmiş Rusiya prezidenti Boris Yeltsin cərrahi əməliyyat lazım olanda onu Rusiyada elətdirmək istəmirdi. Nəhayət Maykl Debeyki adlı cərrahın başçılığı ilə rusiyalı həkimlər onu əməliyyat etdilər. Bu da bir göstəricidir. Bu gün cəmiyyətin tanınmış simalarının xaricdə əməliyyat olunması onlara baxan insanlarda da eyni rəyi formalaşdırır. Ortada insanlardan asılı olan subyektiv səbəblər də var. Çalışmaq lazımdır ki, yerli həkimlərimizə inansınlar”.
Kardioloq İdris Xəlilov isə bizimlə söhbətdə sovet dövründə ürək cərrahlığının ləng inkişaf etdiyini söylədi: “Bu da o dövrün xüsusiyyətləri ilə bağlı idi. Mərkəzdən yeni aparatlar gətirilmirdi. Xaricdə ürək köçürülən zaman bizdə bu sahədə irəliləyiş yox idi. Digər tərəfdən, cərrahlar konservativ təfəkkürlü idilər, işin mahiyyətini anlaya bilmirdilər”. Onun sözlərinə görə, müstəqillik əldə olunandan sonra bu sahədə inkişaf hiss edilməyə başlayıb: “Hazırda ürəyin diaqnostikası sahəsində müxtəlif üsullardan istifadə edilərək cərrahi əməliyyatlar aparılır”.
O, xaricə ürəyini cərrahiyyə əməliyyatı elətdirmək üçün gedənləri anlamadığını da bildirdi: “Onlar ya Azərbaycanda ürək cərrahiyyəsinin səviyyəsindən bixəbərdirlər, ya da pulları çoxdur. Mən əminliklə deyə bilərəm ki, Azərbaycandakı avadanlıqlar İrandan da, Avropadan da geri qalmır. Hətta İrandakı avadanlıqlar bizdəkindən köhnədir. Mən şəxsən yanıma gələn xəstələri Azərbaycanda əməliyyat etdirməyə çağırıram və onları xaricə getməyə qoymuram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR