İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım litr qanun

3689 17.12.2018 08:10 Yazarlar A A

Xarici işlər nazirinin müavini Xələf müəllimi Nazirlər Kabinetinə aparat rəhbəri qoydular. Bundan qabaq da baş nazir qoyulan Novruz müəllim uzun illər administrasiyada xarici siyasətə baxmışdı. Deməli xaricə baxanlarımızın daxilə baxmağa dəyişdirilməsi prosesi gedir. Bu da xarici siyasətin uğurları ilə bağlıdır. Axı həmişə deyirlər biz uğurlu, balanslı xarici siyasət aparırıq. Düzdür, arada Elmar müəllimi, onun idarəsini tənqid eləyənlər tapılır, ancaq bunlar barmaq sayı qədər olmaz. Əsasən etiraf edilir ki, xarici siyasətimiz olduqca uğurludur. Bunu hətta daxili siyasətdən narazı qalanlar da deyirlər.

İqtidarın beynəlxalq aləmdə hər hansı böyük düşməni yoxdur, arada özləri tərsini söyləyib bir növ gözqaytarması eləsələr də. “Xarici düşmənlərimiz”, “ikili beynəlxalq standart”, “bizim uğurları istəməyən xaricdən maliyyələşən qara qüvvələr” kimi söhbətlərə çox aludə olmayın, dezinformasiyadır. Ya da yuxarıda yazdığım kimi, göz dəyməməsi üçün elə təbliğat qurulub. Azərbaycan iqtidarı İranla da dostdur, Amerika ilə də. Rusiya ilə də yaxındırlar, Ukrayna ilə də. Belarus lideri də vaxtaşırı onları tərifləyir, Fransa, Almaniya, Britaniya başçıları da. Ta nə lazımdır? Papağı yan qoy, gəz özün üçün.

İndi güman edə bilərik yaxın perspektivdə Nazirlər Kabinetində camaatla münasibətlər xaricilərlə olan kimi qurulacaq, hamı razı qalacaqdır. Rəhmətlik iqtisadi inkişaf naziri Fərhad müəllimin oxuduğu köhnə mahnıda deyilən kimi: “Hamı yerli mal alsın, Xeyir vətənə qalsın!”. Ya da belə idi: “Öz musiqimiz, öz pomidorumuz”. Nəsə unutmuşam, üzrlü sayın. Yaş öz sözünü deyir. Ancaq təxminən belənçik bir söhbət idi.

Bu arada deyir bir psixoloq qız milləti dəli eləyib internetin küçələrinə salıbdır. Qarabağ savaşı haqda nəsə xalqa xoş gəlməyən söhbət edibmiş. Camaat da istəyirmiş qızı tutub iyirmi faiz təhqir eləsinlər. Bizim işimiz həmişə belə olub, əsas məsələni qıraqda qoyub, mənasız söhbətlərlə başımızı qatmışıq. Hərçənd, o qızda da az yoxdur. Bütün dünyada görmüşük psixoloq millətin zırramalarını müalicə eləsin, başına ağıl qoysun, bizdə isə psixoloq xalqı dəli eləməyi ilə qürur duyur. Namiq müəllimin gözəl mahnısında deyilən kimi: “Bu nə bəladır düşmüşük Allah”. Hərçənd, mən ən çox Üzeyirə qulaq asıram. Hələ sözlərə bax: “Sənə nə, Mənə nə, Ona nə, Gedirəm, gəlirəm, Sənə nə, Nənənə, Ənənə, Çənənə”. Uzun mahnıdır, müəllif hüquqları pozulmasın deyə hamısını yazmıram.

Gör hardan-hara gəldik çıxdıq. Bunda deputat Kamran müəllimin də günahı var. Nədir, yoxsa mənim kimi siz də onun adını ilk dəfə eşidirsiniz? Öylədirsə, bilin, bizim belə deputatımız varmış. Deyir paytaxtın hansısa restoranında spirtli içki içib dava salıbdır. Hərçənd, deputat sonra bunun yalan xəbər olduğunu açıqlayıb. Ancaq yalan olsa da millətə gör nə qədər xeyir verdi: adamın dili açıldı, üzünü gördük, bəlkə sabah hansısa müzakirələrə qatıldığını, seçicilərlə görüşdüyünü (Allah, Allah!) də eşidərik. Bundan qabaq başqa deputat (keçmiş də olsa) və rektorumuzun sərxoş olması gündəmə gəlmişdi. Ömər Xəyyam bu durumda yazıbdır:

“Gül rəngli şərab ver bizə, ey saqi!

Uymayaq söhbətə, sözə, ey saqi!

Bir kuzə mey gətir, torpağımızdan

Dövran düzəltməmiş kuzə, ey saqi!"

Doğrudan da, şərab içən deputat ayıq deputatdan daha yaxşı qanunvericidir. Ayıq başla siyasətlə məşğul olmaq cana ziyandır. Rusiyada hər seçkidə camaatı şərabla, araqla məntəqələrə cəlb edirlər. Görürsən hər səs qutusunun böyründə xiyar turşusu ilə yüz qram araq qoyulubdur. Bu cür müsbət təcrübələri bizim seçkilərdə niyə tətbiq etməyək? Axtarsan gələn ilin büdcəsində buna vəsait tapılar. 

Çalışmalıyıq deputatlar tək yox, seçiciləri ilə birgə içsinlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR