İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər konvensiyası mübahisəli yataqlar mövzusunu qapatmır - ekspert

1097 15.08.2018 08:40 İqtisadiyyat A A

Ekspert: “Mübahisələrin Xəzərin şimalındakı kimi həlli tövsiyə edilir”

Xəzərin hüquqi statusuna dair Aktauda dəniz kənarında yerləşən beş ölkənin rəhbəri tərəfindən konvensiyanın imzalanması geniş müzakirə mövzusu olaraq qalmaqdadır. Azərbaycanda xüsusilə konvensiyanın Türkmənistan və İranla Xəzərdəki mübahisəli neft yataqlarına dair razılaşmaya gətirib-gətirməyəcəyi maraq doğurur.

Qeyd edək ki, İranla Azərbaycan arasında mübahisəli olan “Araz-Alov-Şərq” perspektiv strukturu Bakıdan təxminən 120 kilometr cənub-şərqdə yerləşir. Struktur üzrə ilk saziş 1998-ci ilin iyulunda bağlanmışdı. Transmilli neft şirkətləri ilə strukturun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsünə dair sazişə görə, ARDNŞ-ə 40 faiz, BP-yə 15 faiz, “Statoil”a 15faiz, “ExxonMobil”ə 15faiz, TPAO-ya 10 faiz və “Albert nergy”yə 5 faiz pay düşmüşdü. 2001-ci ildə İranın hərbi gəmiləri orada kəşfiyyat işlərinin dayandırılmasına nail olub. 2015-ci ildə bağlanmış saziş qüvvədən düşmüş elan edilib.

İran tərəfi yaxın müddətədək “Sərdar Canqal” adlandırdığı strukturla bağlı dəfələrlə qeyri-real məlumatlar yayıb. Məsələn, İran tərəfi 2012-ci ildə orada 2 milyard barrel neft kəşf olunduğunu iddia edir. Digər bir məlumatda guya strukturda 10 milyard barel neft olduğu iddia edilib.

2001-ci ildə İran 1934-cü ildən SSRİ ilə İran arasında qəbul edilmiş sərhədləri qəbul etmədiyini bəyan etdi. Həmin sərhədlərə görə, iki ölkənin dəniz sularını Astaraçayla Türkmənistanın Həsənqulu məntəqəsini birləşdirən düz xətt ayırır. Bu bölgüyə görə, dənizin təxminən 13 faizi İranın payına düşməlidir.

Bu il İran prezidenti Azərbaycana səfər edərkən mübahisəli yataqların birgə işlənməsinə dair razılıq əldə olunduğu açıqlandı. Hər iki ölkənin enerji nazirlikləri arasında imzalanmış memorandumda konkret ad çəkilməsə də, söhbətin “Araz-Alov-Şərq”dən getdiyi ehtimal edilir.

“Kəpəz”ə gəlincə, bu yatağı ötən əsrin 80-ci illərində Azərbaycan neftçiləri kəşf ediblər. Lakin nə sovet dövründə, nə də müstəqillik illərində orada hər hansı digər əməliyyatlar həyata keçirilməyib. Müstəqillik dövründə buna Türkmənistanın etirazı, onunla razılaşmanın əldə olunmaması imkan verməyib.

Aktauda imzalanmış konvensiya bu mübahisələrin həlli üçün hüquqi əsas yaradırmı?

İlham Şaban ile ilgili görsel sonucu

Sualı cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyir ki, imzalanan sənəd Xəzərin dibinin bölgüsünü əhatə etmir: “Konvensiyada dənizin dibinin orta xətt prinsipi ilə bölgüsü tövsiyə olunur. Necə ki, Rusiya, Qazaxıstan,  Azərbaycan Xəzərin Şimal hissəsi ilə bağlı qarşılıqlı razılaşma əsasında belə bölgü aparıblar, tövsiyə olunur ki, cənub hissəsində də eyni razılaşmalar əldə olunsun. Lakin bildiyiniz kimi, nə Azərbaycan-İran, nə Azərbaycan-Türkmənistan, nə də İran-Türkmənistan arasında belə razılaşma uzun illərdir ki, əldə olunmur. Bunun da əsasında o dayanır ki, İran Xəzər dənizini göl hesab edir, özü üçün ona ad da qoyub: Mazandaran gölü. Göl hesab olunardısa, Xəzəryanı ölkələr ondan bərabər hüquqlarla pay alacaqdılar. Lakin konvensiya Xəzərin göl olmadığını təsbit edir, bu isə İranın istəyinə uyğun deyil. Türkmənistana gəlincə, onlar bölgünün orta xətt prinsipi ilə aparılmasına razıdırlar. Mübahisə başlanğıc nöqtəsinin haradan hesablanması ilə bağlıdır. Belə ki, Türkmənistan Abşeron yarımadasının başlanğıc nöqtəsi kimi götürülməsinin əleyhinədir. Çünki belə götürüldükdə onlar ”Kəpəz"i itirirlər".

Ekspert bildirir ki, konvensiyaya görə, mübahisələr tərəflərin öz aralarındakı danışıqlar yolu ilə həll olunmalıdır: “Yəni mübahisələri tərəflər özləri həll etməli olacaqlar”.

İranla mübahisəli struktura gəlincə, İ.Şabanın sözlərinə görə, “Araz-Alov-Şərq”i yataq adlandırmaq düzgün deyil: “Nə Xəzərin Azərbaycan sektorunun cənubunda, nə də İran sektorunda yataq adlandırılması mümkün olan yer yoxdur. Burada söhbət perspektiv strukturdan gedir. Onun ehtiyatları geoloji kəşfiyyatla təsdiqlənməyib, bir quyu belə qazılmayıb. İran buna imkan belə vermədi. İlkin ehtimallar orada neft olduğunu göstərir, amma bu, hələ tam təsdiq olunmayıb”.

Ekspert deyir ki, İranın “Araz-Alov-Şərq”də  iş apara bilməsi üçün texnoloji imkanları yoxdur: “Orada olan enerji resursları “Şahdəniz” yatağından da dərində yerləşir. Güman olunur ki, bu dərinlik 7 min metrdir. Orada kəşfiyyat aparmaq həddindən artıq mürəkkəb prosesdir. Ona görə də orada ancaq Heydər Əliyevin adını daşıyan qazma qurğusu tipində qurğuya ehtiyac var. Hansı ki, Azərbaycan bu qurğuya bir milyard dollara yaxın investisiya yatırıb. Ona görə də bu strukturun işləməsi Azərbaycanın “qılıncının altından” keçir".

DÜNYA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR