İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya bölünür - 'B plan'ına start verilib

4167 19.05.2016 23:24 Xəbər xətti A A
Qərb ölkələri və Səudiyyə Ərəbistanı bölünmədən danışır, cəbhədə isə şərti bölünmə izləri müşahidə olunur

Suriyada “B planı” yenidən gündəmə gəlib. Bu dəfə fərqli ölkə - Səudiyyə Ərəbistanı tərəfindən. 'Reuters' Xəbər Agentliyinin bildirdiyinə görə, xarici işlər naziri Adil Cübeyr, Vyanada keçirdiyi mətbuat konfransında bildirib ki, Suriya hakimiyyəti atəşkəs rejiminə riayət etmədiyi təqdirdə, alternativ planlar dəyərləndirilməlidir. Eyni zamanda əlavə edib ki, “alternativ planlar”ın daha öncə tətbiq olunması lazım idi.

Adil Cübeyr bildirib ki, “B planı”na Suriyada Bəşər Əsədə qarşı savaşan qüvvələrə Qərb ölkələrinin və müttəfiqlərinin ən müasir texnika və raket sistemləri, o cümlədən təyyarə əleyhinə raket sistemlərinin verilməsi də daxildir. Bununla da əslində Suriyada hökumət qüvvələrinin hava üstünlüyü aradan qalxar və cəbhədə böyük dəyişiklik baş verə bilər. Ancaq mediada yayılan videolardan da göründüyü kimi, silahlı qrupların çoxunda bu cür yeni texnikalar və raketlər var. 


Suriyaya dair “B planı” ifadəsinin daha geniş bilinən mənası ABŞ dövlət katibi Con Kerriyə məxsusdur. Bu ilin fevralında C.Kerri Suriyaya dair “B planı” variantını ölkənin bir neçə hissəyə bölünməsi olaraq qeyd edib. ABŞ Senatında etdiyi çıxışda Con Kerri deyib ki, Suriyada münaqişənin siyasi həllinin mümkün olmayacağı təqdirdə “B planı” olaraq ölkənin bölünməsi gündəmə gələ bilər. 


Qeyd edək ki, Cenevrədə sülh danışıqlarının növbəti raundunun başlaması ilə paralel olaraq, Suriyada fevralın 27-də atəşkəs qüvvəyə minib. Ancaq atəşkəs xeyli kövrək olub və tez-tez pozulur. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura Rusiya və ABŞ-ı atəşkəsi təmin etməyə çağırsa da, hələlik görünən odur ki, bu, mümkün olmur. 

İndi isə daha bir oyunçu – Səudiyyə Ərəbistanı eyhamlı olsa da “B planı”ndan danışır. Bu isə o deməkdir ki, Səudiyyə Ərəbistanının daxil olduğu Bəşər Əsədə qarşı blok daxilində “B planı” mövzusu aktualdır. Çünki Riyad hazırda qarşı qanadın əsas aktiv oyunçularından biridir. Yeri gəlmişkən, Türkiyədə də bir sıra ekspertlər və sahə mütəxəssisləri Suriyanın bölünməsinin real olduğunu düşünür.



Lakin məsələnin ən maraqlı və diqqət çəkən tərəfi Suriyada cəbhədə gedən proseslərdir. Yuxarıda qeyd etdiyim kimi, atəşkəsin imzalanmasına və Rusiya, ABŞ kimi ölkələrin də qarant durmasına rəğmən, Suriyada savaş hər gün davam edir. Son olaraq ötən həftədən bu yana radikal qruplar, “əl-Qaidə” silahlı qanadı Hələb ətrafında hökumət qüvvələri və İran ordusu hərbçilərinə hücum edərək Xan Tuman bölgəsində ciddi uğurlara nail olub. Suriya ordusuna məxsus zirehli texnika və hərbçilər islamçı qruplar tərəfindən məhv edilib və bu zaman onların əllərində ən müasir silah sistemləri, o cümlədən Fransa istehsalı olan “Milan” tank əleyhinə raket kompleksləri də görünüb. 


Suriya hökumət qüvvələri isə Hələb ətrafında məğlubiyyətin əvəzini isə bu gün Dəməşq yaxınlığında yerləşən və 2012-ci ildən müxalif qrupların nəzarətində olan Şərqi Quta bölgəsində böyük bir ərazini ələ keçirməklə çıxıblar. BBC-nin yerli mənbələrə istinadən verdiyi məlumata görə, Şərqi Quta bölgəsində hücuma keçən hökumət qüvvələri və Hizbullah döyüşçüləri Deyr əl-Əsafir qəsəbəsini islamçı qruplardan təmizləyib. Bununla da Hələb ərazisindəki məğlubiyyətin əvəzi Şərqi Qutada çıxılıb. Şərqi Quta bölgəsi Dəməşq yaxınlığında əsas strateji bölgələrdən biridir. 

Hökumət qüvvələrinin Dəməşq ətrafında möhkəmlənməsi, Hələb ətrafında isə müxaliflərin üstünlüyü Suriyanın bölünməsi ilə bağlı “B planı” haqda təsəvvür yaradır. Suriyanın Dəməşq ətrafı mərkəz və qərb bölgələrində hakimiyyət möhkəmlənir, bunun əksində şimal və şərq hissədə müxaliflər (fərqli silahlı qruplar) möhkəmlənir. 

Bu arada Suriyada baş verən savaş nəticəsində bölgədə siyasi və hərbi mövqeləri xeyli möhkəmlənmiş İsrail hakimiyyəti də dilə gəlib. İsrailin hərbi kəşfiyyatının sabiq rəisi Amos Yadlin yerli mətbuatda yazdığı məqaləsində İsrailin Suriyaya məhdud müdaxilələr həyata keçirməli olduğunu deyib. O, bunun üçün İsrailin Misir, S.Ərəbistanı kimi ölkələrlə əməkdaşlıq etməli olduğunu deyib. Yeri gəlmişkən, bir qədər əvvəl İsrail baş qərargah rəisi də Suriyanın bölünməsi planının qaçılmaz olduğunu bildirmişdi. Suriyanın bölünməsi İsrailin maraqlarına xidmət edəcək, çünki İsrail ətrafında böyük Suriyadansa, xırda dövlətlərin olması daha uyğundur. 


Beləliklə, hələlik Rusiya öz münasibətini bildirməsə də, Moskvanın bölünməyə, daha zərərli çıxacağı ehtimal olunduğu üçün,  ehtiyatlı yanaşdığı məlumdur. Türkiyə və İran isə bölünməyə qarşıdır. Xüsusən də Türkiyə hər nə qədər Qərb blokunda yer alsa da, Suriyanın bölünməsi Ankara üçün zərərlidir. Türkiyənin şimalında güclü kürd muxtar bölgəsinin meydana çıxması Türkiyənin də ərazi bütövlüyü təhdid edir, iç separatçı qüvvələri hərəkətə gətirir. Bu səbəbdən də Ankara Suriyanın bölünmə planına qarşıdır. 



Kənan Rövşənoğlu, 
musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR