İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəli yoxsa Binali?

1694 28.05.2016 01:00 Xəbər xətti A A
Qulu Məhərrəmli: “Adlar Azərbaycan dilində nə cür səslənirsə o cür də yazılmalıdır”

Bu günlərdə Türkiyənin baş nazir postuna Binəli Yıldırım (Binali Yildırım) təyin olundu. Türkiyə Azərbaycana qardaş, dost ölkə olduğu üçün bu isim tez-tez mətbuat və mediada yazılacaq, səslənəcək. Lakin həm jurnalistlər, həm də bir sıra siyasətçilər üçün bir məsələ mübahisəli olaraq qalır. Belə ki, ölkənin kütləvi informasiya vasitələrində baş nazirin adı iki formada - Binəli və Binali Yıldırım kimi qeyd edilir. 

Təkcə yeni baş nazirin adı deyil, tanınmış bir neçə Türkiyə siyasətçilərinin də adına uzun müddətdir ki, müxtəlif formalarda rast gəlirik. Məsələn, MHP rəhbəri Dövlət Baxçalı (Devlet Bahçeli) bəzən Dövlət Bağçalı, bəzən isə Devlet Baxçalı kimi yazılır. Yaxud Rəcəb Tayyip Ərdoğan (Receb Tayyip Erdoğan) bir çox hallarda Erdoğan kimi qeyd olunur, yazılır. Adlarının müxtəlif formada yazılması təkcə Türkiyə deyil, xarici siyasətçilərə də şamil olunur. Bəs görəsən hansı variant doğrudur? Jurnalistlər bir qayda olaraq hansı ad formasına müraciət etməlidir?

AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin rəhbəri Qulu Məhərrəmli məsələ bağlı “Yeni Müsavat”a danışıb. Qulu Məhərrəmlinin sözlərinə görə, türk və ya xarici adlar Azərbaycan dilində nə cür səslənirsə o cür də yazılmalıdır: “Bir vahidlik sistemi olmalıdır. Mənim yanaşmam ondan ibarətdir ki, bu adlar Azərbaycan dilində nə cür səslənirsə, o cür də yazılmalıdır. Amma mətbuata ilk dəfə gələrkən bu adların orijinalı mötərizədə yazıla bilər. Məsələn, Ərdoğan (Erdoğan). Sovet dövründə əsasən belə idi ki, rəsmi qurum, indiki halda AZƏRTAC bunu verirdi və digər rəsmi qəzetlər o şəkildə yazırdı. Mən hesab edirəm ki, bu da bir təcrübədir. Dövlət proqramında göstərilir ki, Azərbaycan dilində transpirasiya məsələləri həll olunmalıdır. Hazırda bununla bağlı bizim Dilçilik İnstitutunun mütəxəssisləri müəyyən bir prinsip hazırlayıb. Mütəxəssislər ona baxıb, qəbul ediblər. Yəqin ki, onun qaydalarının tətbiq olunması jurnalistlərə və siyasətçilərə də imkan verəcək ki, vahid bir prinsiplə tələffüz etsinlər, yazsınlar. 

Türklərdə “ə” sözü yoxdur, amma səslənmədə var. Ona görə türklər Ərdoğan, ruslar Erdoqan, ingilislər isə bir başqa formada deyirlər. Amma biz Ərdoğan şəklində yazmalıyıq. Bizdə bəzi sözlərin əvvəlində fonetik hadisə kimi səs artırıla bilir. “Yildırım” sözü Azərbaycan dilində Yıldırım şəkilndə işlədilir. Ona görə də səslənməsi əsas götürülüb Azərbaycan dilində yazılmalıdır. Yox əgər orijinalı yazmağa ehtiyac varsa ilk dövrlərdə bunu etmək olar. Beləliklə adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğunlaşdırılır.

Baş nazirin adına gəldikdə isə bu Binali deyil, Binəlidir. Əvvəla, sözdə incə saitlər bir-birini izləyəndə bu, Binəlidir. Binalı bəzən ruslarda və yaxud başqalarında səslənib və bizimkiləri də bu çaşdırır. Ona görə də Yıldırım Binəlidir. Həm də Binalıdansa Binəli tələffüz etmək daha rahatdır, yazı da həmçinin. Yazıda, tələffüzdə asanlıq - bu bir prinsip olaraq qəbul olunur”.


Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR