İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşın taleyinə təsir edən Fərman və onun nəticələri...

2155 16.07.2020 17:00 Ölkə A A

Azərbaycanda vətəndaşların ən çox şikayətçi olduğu sahələrdən biri də məhkəmə-hüquq sistemi idi. Çünki bu sistemdə çıxarılan hökmlər, verilən qərarlar insanların birbaşa taleyinə təsir edir. Məhz bunu nəzərə alaraq, ölkə rəhbərliyi məhkəmə-hüquq sahəsində vəziyyətin dəyişməsi üçün ardıcıl ciddi addımlar atdı. Nəticədə elə dəyişikliklər baş verdi ki, ən nikbin biri də əvvəldən ehtimal edə bilməzdi.

Bu mənada, Prezidentin ötən il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman xüsusi qeyd olunmalıdır. İlk gündən rəsmilər bu fərmanın ölkənin məhkəmə-hüquq sistemində köklü dəyişikliklərə gətirib çıxaracağını iddia edirdi. Heç tənqidçilər də ümidsiz deyildi. Alternativ ekspertiza institutunun tətbiqi, məhkəmə iclaslarının audioyazısına icazə və s. məqamların fərmanda əksini tapması uzun illərdir narazılıq yaradan problemlərin həllini tapacağına ümid yaradırdı. Ona görə bu fərmanı məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi” adlandıranlar da vardı.

Fərmanın imzalanmasından 1 il 3 ay vaxt keçir. Bu sənəddə qarşıya qoyulan məqsədin həyata keçirilməsi baxımından o qədər böyük müddət sayıla bilməz. Amma nəticələr artıq göz önündədir – 40-a qədər normativ-hüquqi aktın layihəsi hazırlanıb, onların əksəriyyəti qəbul olunub; iqtisadi sahədə olan mübahisələrə daha dəqiq və peşəkar baxılması üçün ayrıca Kommersiya məhkəmələri yaradılıb; məhkəmələrin təxminən 70 faizi elektron sistemə keçib; cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması istiqamətində xeyli addımlar atılıb; vahid məhkəmə təcrübəsinin tətbiqi (oxşar işlər üzrə qərarların kəskin fərqlənməməsi) daha geniş yayılıb; vətəndaşların şikayətinə operativ reaksiya üçün Məhkəmə-Hüquq Şurasında “Qaynar Xətt” yaradılıb və s.
Bütün bu sadalananlar bir fərmanın icrası çərçivəsində görülən və bundan sonra da görüləcək işlərin yalnız bir hissəsidir.
Ekspertlər deyir ki, bu fərmanın əsas hədəflərindən biri məhkəmə-sistemində şəffaflıq, şübhələrə yer qoyulmamasıdır.

İnsanlarda inamı artırdı...

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, bu fərman məhkəmələrə inamın artırılması baxımından da vacibdir. Hüquqşünas vurğulayır ki, ədalət mühakiməsi zamanı vətəndaşlarda narazılıq doğuran məqamlardan biri ekspert rəylərilə bağlı olurdu. Yəni ekspertiza rəylərinin obyektivliyi bir sıra hallarda şübhə altına alınırdı. Yaxud məhkəmələrdə verilən ifadələrin təhrif olunması barədə iddialara tez-tez rast gəlinirdi. Fərmanda bütün bu məsələlər nəzərə alınıb və vətəndaşın narahatlıqlarının aradan qaldırılması üçün zəruri olan addımların hamısı nəzərdə tutulub: “Bu fərman ədalət mühakiməsinin səmərəliliyini, məhkəmələrə inamı artıran mühüm addım idi. Fərmanda göstərilən məsələlərin bir hissəsi icra olunub, bir hissəsinin icrası istiqamətində işlər davam edir. Məsələn, alternativ ekspertiza ilə bağlı qanuna dəyişiklik edilib, bu istiqamətdə başqa lazımi addımlar atılır. Praktik olaraq da bu institutun işləməsinin şahidi olacağıq. Bu çox mühümdür. Dövlət orqanı tərəfindən keçirilən ekspertizanın nəticələrinə bir çox hallarda şübhələr yaranırdı. Yaxud məhkəmə qərarlarının ümumiləşdirilməsi... Oxşar işlərlə bağlı tamamilə bir-birinə zidd qərarların çıxarılması məhkəmə sisteminə inamsızlıq yaradırdı. Vahid məhkəmə praktikasıyla bu problem də aradan qalxır”.

2019-09-30-17-17-50WSF1w8X9i5eyADJQqAsS_file.jpg (314 KB)

Ə.Nuriyev deyir ki, Məhkəmə-Hüquq Şurasında “Qaynar Xətt”in yaradılması da məhkəmələrdən gələn şikayətlərin operativ şəkildə araşdırılması baxımından vacib addımdır. Hüquqşünas Azərbaycandakı məhkəmələrin 69 faizinin elektron sistemə keçdiyini, bir sıra bölgələrdə isə sırf texniki (internet problemi və s.) məsələlər üzündən, hələlik, keçid baş tutmadığını qeyd edib. Ekspert məhkəməyə daxil olan işlərin hakimlər arasında elektron qaydada bölgüsünü də vacib addım sayır. Bu da fərmanda əksini tapıb: “İstər işlərin elektron qaydada bölgüsü, istər qərarların dərci şəffaflığın təmin olunmasına hesablanıb”.
Ə.Nuriyev işlərə daha keyfiyyətli baxılması üçün hakimlərin sayının artırıldığını, onların müstəqilliyinin təmin olunması məqsədilə maaşlarının yüksəlməsi və başqa addımların atıldığını da yada salıb.

“Dövlətimiz narahatlığımızı nəzərə aldı”

Prezidentin fərmanında vəkilliklə bağlı problemlər də diqqətdən yayınmayıb. Azərbaycanda vəkilliyin fəaliyyətini tənqid edənlər vəkillərin bir sıra hallarda məhkəmə-hüquq sistemindəki korrupsiya zəncirinin halqasına çevrildiyini iddia edirlər. Söhbət məhkəmə və ya istintaq orqanı ilə tərəf arasındakı korrupsiya xarakterli sövdələşmələrdə vasitəçilikdən gedir.
Bu məsələ dolayısıyla “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda da əksini tapıb. Fərmanın 9-cu bəndində yazılıb: “Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin”.
Fərmanda vəkilliyə aid daha bir bənd isə maliyyə məsələsi ilə bağlıdır. Ötən ilə qədər vətəndaşa dövlət hesabına hüquqi yardım göstərən vəkillərə vəsaiti uyğun yerli icra hakimiyyəti orqanı ödəyirdi. Prezident qərar verdi ki, hər il büdcədən vəsait birbaşa Vəkillər Kollegiyasının özünə ayrılsın. Kollegiya da dövlət hesabına hüquqi yardım göstərən müdafiəçiyə çatacaq vəsaiti özü hesablayıb həmin vəkilə ödəsin.

27332737_1449246015202774_667631823820049815_n_071f5d3899d428b5ec7d113be2d1f97c.jpg (133 KB)

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov sözügedən fərmanı vəkilliyin maliyyə müstəqilliyinin təmin olunması istiqamətində də mühüm addım kimi qiymətləndirir. Onun sözlərinə görə, dövlət hesabına göstərdiyi hüquqi yardıma görə vəkillərə vəsaitin ödənilməsində süründürməçilik halları vardı, şəffaflıq təmin olunmurdu: “Bəzi vəkillərimiz dövlət hesabına göstərdikləri hüquqi yardıma görə bir ildən çox keçsə də, vəsaiti ala bilmirdilər. Bəzi şəhər və rayonlarda belə hallar da, ödəniləcək məbləğ də kifayət qədər çox idi. Bu da bizi narahat edirdi. Ona görə Nazirlər Kabinetinə müraciət etmişdik. Dövlətimiz narahatlığımızı nəzərə aldı, məsələ həllini tapdı. Bu da onu göstərir ki, vəkilliyin səsi eşidilir, hörmətlə yanaşılır”.

Cəza siyasətinin humanistləşdirilməsi

Fərmanın əsas məqsədlərindən biri də cəza siyasətinin humanistləşdirilməsidir. Məhkəmə-Hüquq Şurasından bildirilib ki, bu məqsədlə bir xeyli mühüm qanunvericilik paketləri qəbul edilib. Məsələn, təkcə may ayında Cinayət Məcəlləsinə edilmiş dəyişiklərlə 35 əməl dekriminallaşdırılıb, daha 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib.

Bundan əlavə, dövlət başçısının tövsiyələrinə uyğun olaraq, Ali Məhkəmə tərəfindən məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması, o cümlədən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları müəyyənləşdirib. Bununla da hakimlərin fəaliyyəti hərtərəfli qiymətləndiriləcək, sistemli nöqsanlar aşkarlanacaq və ciddi pozuntulara yol verən şəxslər üzə çıxarılacaq. Artıq yeni qaydalarla fəaliyyəti qiymətləndirilməsi nəzərdə tutulan 100-dən çox hakim barədə qiymətləndirmə prosesi başlanıb.

"Ədliyyə Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının birgə "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ təcrübələr" mövzusunda KİV təmsilçiləri arasında keçirilən jurnalist araşdırmaları müsabiqəsinə təqdim etmək üçündür"

İlkin Muradov,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR