İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəni dağıdan kişi – general Kenan Evren

6791 13.05.2015 21:00 Vaxt axarı A A

Dünya tarixində vəfatı əzdiyi toplum üçün bayrama çevrilən dövlət xadimləri çox olub. Ancaq cənazə namazı qılınanda din xadiminin “haqqınızı halal edirsizmi” sualına açıq-açıq “haram olsun” cavabı verilən dövlət rəsmiləri çox deyil. Türkiyənin 7-ci prezidenti Kenan Evren adını bu siyahıya yazdıran hələlik sonuncu prezidentdir.

98 yaşında vəfat edən Evren mayın 12-də dövlət rəsmilərinin dəfn edildiyi qəbristanlıqda torpağa tapşırılıb. Dövlət və hökumət rəsmilərinin qatılmadığı dəfn mərasim səs-küylü keçib. Prezidentliyi dönəmində həbs edilən, işgəncə görən minlərlə insan, qurbanların yaxınları küçələrə çıxıb “cəllad” adlandırdıqları Evrenin vəfatını davul-zurna ilə qeyd edib, halay çəkib. Polis bir neçə yerdə olaylara müdaxilə etmək məcburiyyətində qalıb.

Kenan Evrenin cənazəsi Türkiyə Silahlı Qüvvələrinin baş qərargahından götürülüb. Türkiyə qəzetçilərinin Kenan Evrenlə bağlı fikirlərini soruşduğu törən iştirakçıları sadəcə insani borclarını yerinə yetirdiklərini bildiriblər. Evrenin fəaliyyəti haqqında kəlmə kəsən olmayıb.


Səbəblər gizli deyil. Türkiyə tarixinin ən ağrılı səhifələrindən olan 1980-ci il 12 sentyabr çevrilişi Kenan Evrenin “şah” əsəridir.

Maraqlıdır ki, 12 sentyabr çevrilişinin digər generalları son mənzilə daha hörmətlə yola salınıb. Çevriliş zamanı Quru Qoşunları komandanı, bir dönəm Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi olan general Nurettin Ersin vəfat edərkən onu cənazə namazını qılanlar arasında dönəmin baş naziri Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir sıra dövlət və hökumət rəsmiləri vardı. Həmin törəndə kameraların yaddaşına Kenan Evrenin Rəcəb Tayyib Ərdoğanla mehriban söhbəti də düşmüşdü.


Kenan Evren 1980-cı il 12 sentyabr çevrilişindən sonra 1982-ci ilə qədər Dövlət və Milli Təhlükəsizlik Şurasının başqanı və Silahlı Qüvvələrin Baş Qərargah rəisi olub. K.Evrenin memarı olduğu 12 sentyabr çevrilişinin yaraları Türkiyə siyasətində uzun illər hiss edilib. Bəzi siyasətçilər iddia edir ki, həmin dönəmdən qalan bölücülük meylləri bu gün də davam edir.

Çevrilişdən sonra dövlət televiziyasından xalqa səslənən Evren deyirdi: “Biz dövlətin əldən gedən nüfuzunu qaytarmaq üçün dövlət idarəçiliyinə əl qoymaq məcburiyyətində qaldıq”. Bu sözlər həmin günlərə qədər Türkiyənin sosial-siyasi həyatının ən ciddi probleminə çevrilən sağ-sol qarşıdurmasının dayandırılması üçün atılacaq radikal addımların anonsu idi.


Bu gün 12 sentyabr qurbanlarını, onların ailə üzvlərinin məşəqqətlərini göz önünə alaraq soyuqqanlı mühakimə yürütmək çox çətindir. Ölkənin milliyyətçi kəsimi minlərlə gənci həyatının ən gözəl dönəmində ölümün ağuşuna atan bu çevrilişi heç zaman həzm edə bilməz. Təbii, fərqli düşünənlər də var. Bəzi dönəm araşdırmaçıları iddia edir ki, Kenan Evren sağ və sol düşərgədən yüzlərlə gəncin öldürülməsi, həbsi, ağır işgəncələrə məruz qalması bahasına olsa da Türkiyə dövlətini qoruya bilib. Əgər 12 sentyabr olmasaydı, ölkədə genişlənən solçu hərəkatın dəstəyi ilə Rusiya Türkiyəyə qarşı planlarını həyata keçirə bilərdi. Bu planların içərisində Rusiya imperiyasının əsrlərdən bəli davam edən röyası İstanbulun alınması belə vardı. Bu versiyanı daha çox dinçilər müdafiə edir. Çünki çevriliş hərbi xarakterli olsa da, ondan ən az ziyan görən, ideoloji baxımdan isə faktiki qələbə çalan dinçilər olub.


70-ci illərin sonunda Türkiyənin siyasi həyatında özünə ciddi yer edən solçuluq, ona qarşı yüksələn millətçilik və dinçi dalğa ölkənin bütün siyasi, sosial, ictimai həyatına ağır zərbələr vurmaqda idi. 12 sentyabr çevrilişi ilə siyasi hakimiyyəti ələ alan hərbçilər ölkədə bütün siyasi partiyaları, dini cərəyanları yasaqlamaqla demokratiya prosesində böyük bir fasilə yaratdılar. 1982-ci ildə çevrilişçilərin hazırladığı konstitusiya vətəndaşların 91,37 faizinin səsi ilə qəbul edildi. Yeni Ana Yasaya uyğun Kenan Evren prezident oldu.


12 sentyabr çevrilişindən sonra Türkiyədə türk-islam sintezi dövlət ideologiyası səviyyəsinə yüksəldi. Təhsil və mədəniyyət bu ideologiyanın yayılmasının əsas mexanizmlərinə çevrildi. 1981-ci ildə orta məktəblərdə din dərsləri məcburi qaydada keçilməyə başladı. Dinin ən geniş təbliğ olunduğu böldə PKK-nın genişləndiyi güney və güney-doğu bölgələri idi. 1986 –cı ilin ilk aylarında hökumətin əmri ilə bu bölgəyə uçaq və helikopterlərlə Qurani-Kərimin “Bir-birinizlə çəkişməyin. Sonra zərərə düşərsiniz. Dolanışığınız kəslib-gedər” ayəsi yazılan minlərlə vərəqə atılmışdı. 


İllər sonra Türkiyə parlamentində yaradılan xüsusi komissiyanın açıqladığı nəticələr 12 sentyabrın ölkəyə vurduğu ziyanın miqyası haqqında aydın təsəvvür yaradır:“650 min insan həbs edilib, 1 milyon 638 min insan istintaqa  cəlb edilib, 210 min istintaq işi üzrə 230 min insan haqqında uzunmüddətli həbs qərarları çıxarılıb, 7 min insana edam cəzası istənib, 517 nəfər edam edilib, edam edilənlərin 50-si asılıb, edam edilənlərdən ən gənci Erdal Erenin cəmi 17 yaşı olub, 71 min insan vətənə xəyanət, 98 min 404 insan qanunsuz silahlı birləşmələr yaratdığı üçün ağır cəzalar alıb. 30 min insan işdən çıxarılıb, 14 min insan vətəndaşlıqdan çıxarılıb, 30 min insan siyasi mühacir olaraq ölkədən getməyə məcbur olub. 23 min 677 vətəndaş cəmiyyəti institutu bağlanıb, 400 qəzetçiyə 4 min il həbs cəzası verilib, qəzetlər 300 gün bağlı qalıb”.


 Kənan Evrənin 12 sentyabr çevrilişi barədə çıxışı 

Türkiyədə bugünə qədər 80-cı il hərbi çevrilişində həlak olanların, işgəncə verilənlərin, şikəst edilənlərin, intihar edənlərin özləri və yaxınları çevriliş generallarının layiqli cəza almadığını düşünürlər.


Kenan Evrən həyatının heç bir dönəmində çevriliş və çoxsaylı insan faciələri üçün özünü suçlu saymayıb. Onun həmin günləri qısaca “bir sağdan, bir soldan asdıq” (yəni sıra ilə bir millətçi, bir kommunist asdıq - red. ) sözləri ilə özətləməsi isə xalqın böyük təpkisini çəkib. 

2006-cı il televiziya proqramlarından birində Kenan Evren deyirdi: “Heç vicdan əzabı çəkməmişəm. O edam edilənlərin nə üçün edam edildiyini bir bilsəniz… Əlim titrəmədi, əlimiz titrəmədi”.


Edam edilənlərdən ən gənci Erdal Erenin cəmi 17 yaşı olub…

Evren həbs edilənlərə ağır işgəncələr verilməsindən də soyuqqanlılıqla danışıb, məsuliyyəti türmə nəzarətçilərinin üzərinə qoyub: “Etiraf edim ki, həbsxanalarda işgəncələrə əngəl olamadıq. Bir çox insan buna görə öldü, şikəst oldu. Biz həbsxana nəzarətçilərindən rica etdik, ancaq onlar bizi dinləmədilər. Çox ağır işgəncələr verildi. Bunun qarşısını ala bilmədik”.


Türkiyənin həmin dönəmlərdəki iqtisadi durumu haqqında ən geniş araşdırmalardan birinin müəllifi, 2 il öncə vəfat edən ünlü televizyonçu Mehmet Ali Birand idi. Birand yazır ki, çevrilişdən sonra iqtisadi artım göstəriciləri 7-dən 2-yə enib, işsizlərin sayı 1,5 milyon artıb, milli gəlir 2 dəfə azalıb, türk lirəsi ABŞ dollarına nisbətdə 1,5 dəfəyə yaxın ucuzlaşıb.


Gəncliyində “asıb-kəsən” Kenan Evren ömrünün son illərini incəsənətə həsr edib. Marmarisdəki evində rəsmlər çəkən prezident bir neçə sərgi də keçirib. Onun tablolarından 12 sentyabr olayları deyil, çiçəklər-böcəklər boylanır. Ömrünün son günlərində Kenan Evren Türkiyə Cümhuriyyətinin Konstitusiyasını dəyişdirdiyi, Türkiyə Böyük Millət Məclisini ləğv etməyə və ya parlamentin işini əngəlləməyə çalışdığı üçün ömürlük ev həbsinə məhkum edilmişdi. Ev həbsi ilə də son mənzilə getdi. Məkanı Allahın ədalətinə bağlı.

Aygün Muradxanlı, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR