İnsanlara hürriyət, millətlərə istiqlal!

“Üstü bəzək, içi təzək” Yeni il hədiyyələri və... bahalı Şaxta babalar

4781 18.12.2017 11:00 Reportaj A A

Yeni ilin gəlişinə daha çox sevinən uşaqlar olur. Çünki onlar bu bayramda Şaxta babadan hədiyyə gözləyir və ya Şaxta babanın elə hədiyyə ilə birlikdə evlərinə gəlməsini gözləyirlər. Şaxta babanın hədiyyə gətirəcəyinə inanan, günlərlə Yeni il ağacının altındakı qutulara baxan və o gecənin ən çox əylənənləri də elə uşaqlar olur.

Məhz buna görə də, bu gün istənilən mağazada istənilən qiymətə uşaqlar üçün Şaxa baba hədiyyələri satılır. Həmçinin, artıq Yeni il şənliklərinin təşkili, Şaxta baba və Qar qızın evlərə getməsini təşkil edən şirkətlər də aktivləşib. Biz də həm Yeni il hədiyylərinin içindəkiləri, qiymətini, keyfiyyətini, həm də Şaxta baba və Qar qızın balacalar olan evə bir saatlıq qonaq getməsinin qiymətini, şərtlərini öyrənmək üçün bir neçə yerə baş çəkdik.

Hər il Yeni il öncəsi göz oxşayan, müxtəlif cizgi filmi qəhrəmanlarının kuklası ilə bəzədilmiş hədiyyələrin içinin heç də üstü kimi keyfiyyətli və sağlam olmadığını desək də, müsbətə doğru dəyişən heç nə yoxdur. Apardığımız müşahidələr bunu deməyə əsas verir. Bu gün istənilən marketdə qiyməti 1 manat 90 qəpikdən, 20 manatadək müxtəlif ölçüdə Yeni il hədiyyələri satılır. 14 manat 90 qəpiyə olan bu cür hədiyyələrdən birini alıb içinə baxdıqda içində yer alan vafli və peçeniyələrin heç də bu qiymətə uyğun olmadığını gördük.

Bundan əlavə, əksər qutuların üstündə və içində istehsal tarixi qeyd edilməmişdi. Hədiyyə qutusunun içində əksər valideyninin övladına yeməyi qadağan etdiyi və az satılan duzlu çubuqlar, bir ədəd şokoladlı vafli, bir ədəd kiçik peçeniye, bir ədəd isə kinder yumurtasına bənzər yumurta olduğunu gördük. Təəssüf ki, bunların heç birinin üzərində istehsal tarixi qeyd edilməmişdi. Bir sıra mağazalarda hədiyyənin içinə açıb baxmağa icazə yoxdur. Əgər açdınsa, mütləq almalısan. Biz də satıcılardan nəyə görə qutunun üzərində və ya içindəki bəzi şirniyyatların istehsal tarixi olmadığını soruşduqda onlar “biz bilmirik, əgər içinə qoyulubsa, deməli, təzədir” cavabını vedilər.

Bu cür hədiyyələri övladları üçün almağa cəsarət etməyəntlərə isə boş qutular məsləhət görülürdü. 90 qəpik 2 manat arasında satılan boş qutuları alıb içinə istədiyiniz konfetləri doldura bilərsiniz. Alıcı Leyla Şeyxova uşağının bağçaya getdiyini və onun üçün hədiyyə aldığını deyirdi: “Bağçada Yeni il şənliyi keçirəcəklər, Şaxta baba gələcək. Amma müəllimə deyib ki, hər valideyn uşağına Yeni il hədiyyəsini özü alsın. Sonra bunu Şaxta baba sanki özü gətiribmiş kimi təqdim edəcək. Amma bu cür hədiyyələri almağa ehtiyat edirəm. Ona görə boş qutu alıb içini özüm dolduracam. Bu mənə nisbətən baha başa gəlsə də, ən azından bilərəm ki, keyfiyyətlidir”.

Digər alıcı Sevda Əliyeva isə qardaşı uşaqları üçün hədiyyə aldığını deyirdi: “İçinə baxıb elə alacam. Ötən il pirojnanın üstü porlu çıxmışdı. Ona görə də ən yaxşısını seçməyə çalışıram”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə ölkədə normal istehlakçı siyasəti formalaşmasa, bununla bağlı problemin həll edilməyəcəyini bildirdi: “Bu hər il baş verir. Biz yalnız istehlakaçılara başa salırıq ki, necə hərəkət etsinlər. Həmin qutulardakı konfetləri açsınlar, şübhələndiyi şeyləri uşaqlara verməsinlər. Buraxılma tarixi olmayan malları almaqdan imtina etsinlər. Bilsinlər ki, 14 gün müddətində malı dəyişmək və qaytarmaq hüquqları var və bu hüquqlarından istifadə etsinlər. Uşaqlar üçün nəzərdə tutulan yeni il hədiyyələrində hər il problem baş verir. Gözləyirik ki, Qida Təhlükəsizliyi Agentliyi gələn il fəaliyyətə düşərsə, bu vəziyyəti dəyişə biləcək. Əlbəttə, agentlik əgər şəffaf şəkildə fəaliyyət göstərərsə vəziyyət dyişəcək. Əks halda daha da pisləşməyə doğru gedəcək”.

Şaxta baba və Qar qızın evlərə gətirilməsi məsələsinə gəlincə isə bunun qiymətinin fərqli olduğunu gördük. Bununla bağlı facebook, instagramda müxtəlif səhifələr artıq fəaliyyətə başlayıb. Bundan başqa telefonlara da bununla bağlı SMS-lər gəlir. Biz də bu cür elanların bir neçəsi ilə əlaqə saxladıq. Elanlardan birində Şaxta babanın evə 20 dəqiqəlik gəlməsinin qiyməti 20 manat idi. Əgər Şaxta babanın övladınıza hədiyyə verməsini istəyirsinizsə, əlavə olaraq 5 manat ödəməlisiniz. Qar qızın da Şaxta baba ilə birgə gəlməsini istəyirsinizsə, o zaman qiymət 50 manat olacaq. Telefonlara gələn mesajda isə qeyd olunur ki, Yeni il axşamı sevdiklərinizi Şaxta Baba və Qar qız təbrik edə bilər. Belə ki, ev sahibi təkcə Şaxta babanın evinə gəlməsinə istəsə bunun qiyməti 100 manat, yanında Qar qızın da gəlməsini istəsə isə 130 manatdır. Əgər şəhərdən kənar yerlədən sifariş gələrsə, qiymət 10 manat arta bilər. Şaxta Baba və Qar qızın uşaqlar üçün yarım saatlıq proqramları var".

Başqa bir elanda isə Şaxta babanın uşaqları videorolliklə təbrik edəcəyi deyilir. Belə ki, bu videotəbrikdə övladınız şaxta babanın evinə virtual səyahət edəcək. Şaxta baba ona müraciət edərək öz evi haqqında danışacaq və sehrli bir qutu göstərərək deyəcək ki “Bu qutunun içində özünü yaxşı aparan bütün uşaqların şəkilləri var”.

Sonra şaxta baba sehrli qutudan övladınızın şəkilini götürüb övladınıza göstərəcək və onu özünü yaxşı apardığına görə tərifləyəcək. Sehrli qutudan çıxan şəkildə özünü görən övladınız həm təəccüblənəcək həm də çox sevinəcək.  Bununla yetinməyib, Şaxta baba övladınızla birlikdə şam ağacının işıqlarını da yandıracaq. O övladınıza həmişə valideynlərinin sözünə baxmağı tapşıraraq, “sehrli qutuda yalnız özünü yaxşı aparan uşaqların şəkilləri qalır” deyəcək. 3 gün ərzində isə video çarx disk şəklində sizə çatdıralacaq ödəniş isə o zaman ediləcək. 58 saniyəlik bu videotəbrikin qiyməti isə 1 uşaq üçün 18 manat 99 qəpikdir.

Onu da qeyd edək ki, son 5 ildə Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı 90 faiz azalıb. Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov müraciət edənlərin sayının artacağına ümid edir. Çünki qəbul dekabrın 25-də başa çatacaq. Deportament rəhbərinin sözlərinə görə, azalma fotoqraf kimi müraciət edənlərin olmaması ilə bağlıdır. Çünki Şaxta baba və Qar qızın əsas gəliri fotoqrafın çəkdiyi şəkillər hesab olunur. Hər il dekabr ayının 2-cı yarısından etibarən paytaxtda Şaxta baba və Qar qızı görməyə alışanlar, bayram ab-havası üçün onların vazkeçilməz simvollar olduğunu bildirirlər.

Xatırladaq ki, müraciət edənlər şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışı təqdim etməklə yanaşı 60 manat da dövlət rüsumu ödəməlidirlər.

Günel MANAFLI
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR