İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın Paşinyana məktubundakı Qarabağ mesajı

2618 19.01.2019 18:13 Yazarlar A A

Bu gün ABŞ prezidenti Donald Trampdan Ermənistanın baş naziri Nikol Paşinyana məktub gəlib. Tramp Paşinyana baş nazir seçilməsi, həmçinin rəhbərlik etdiyi blokun 9 dekabr parlament seçkilərindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Məktubunda Tramp ABŞ-Ermənistan arasındakı əlaqələrində inkişaf, eyni zamanda dünyada təhlükəslizliyin möhkəmləndirilməsi, korrupsiyaya qarşı mübarizədə nailiyyətlər əldə edəcəklərinə inamını ifadə edib. Donald Tramp bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bu səylərə kömək edəcək. Mühüm məqamdır.

ABŞ lideri xatırladıb ki, İrəvanın Vaşinqtonla əməkdaşlığının, iqtisadi inkişafının taleyi işğala son qoymasından keçir. Yəni Paşinyan fəlakətli durumda olan ermənləri “ağ günə” çıxartmaq istəyirsə, sələflərinin səhvlərindən nəticə çıxartmalıdır, daha onların əməllərini təkrarlamamalıdır.

Əslində bu xəbərdarlığı Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə Ermənistanın yeni rəhbərliyinin nəzərinə çatdırıb. Bu müddətdə Əliyevlə Paşinyan arasında iki dəfə birbaşa təmas olub. Şübhəsiz ki, həmin ayaqüstü görüşlərdə də Azərbaycan prezidenti erməni baş nazirinin diqqətinə konstruktivliyin alternativinin olmadığını çatdırıb. Məxfi xarakterli təmasların detallarından təbii ki, tam xəbərdar olmağımız mümkün deyil. Ancaq dövlət başçısı son aylarda bir neçə dəfə bu və ya buna bənzər fikri təkrarlayıb: “Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır... Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar”.
Rəsmi Bakının Qarabağla bağlı mövqeyinin dəyişməz olduğunu Avropada da bilirlər, Amerikada da. Bu mənada ABŞ-dən İrəvana gələn təbrik məktubundakı Qarabağ qeydi təsadüfi deyil.

Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistanla yaxın qonşuluq şəraitində davam etməyə, həmçinin Dağlıq Qarabağ ermənilərinə Azərbaycan qanunları çərçivəsində hüquqlar tanımağa hazırdır. Ammu bunun əksi, yəni hansısa təslimçi sazişi rəsmi Bakıya sırımaq mümkün olmayacaq. Təsadüfi deyil ki, Azərbaycan prezidenti Avropa İttifaqı ilə əməkdaşlıqda Qarabağ şərtini ən mühüm məsələ olaraq irəli sürdü və nəhayətdə Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyan, hətta Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə” adlı cəfəng iddiasını bir kənara atan qətnamə qəbul etdi. Yəni Bakı üçün, ümumən Azərbaycan dövləti və xalqı üçün Qarabağ vazkeçilməzdir, Tramp dolayısı ilə Paşinyana bunu anlatmaq istəyib.

Son aylarda, xüsusilə də qərbyönümlülər Emənistan hökumətinin başına gəldikdən sonra Ağ Evin Qarabağ siyasətində fəallıq müşahidə olunur. Ötən il ABŞ-ın dövlət katibi Maykl Pompeonun müraciətində “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir və tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır”- bildirilirdi.

Bu yaxınlarda Parisdə xarici işlər nazirləri görüşdü və hətta xalqların sülhə hazırlanmasının zəruriliyi haqda anlaşmadan bəhs olundu. Təbii ki, burada 20 faiz ərazisi işğalda olan, 1 milyonu qaçqın və köçkün düşən Azərbaycan xalqından söhbət gedə bilməz. Əsas xitab Ermənistana, onun hökumətinədir. Ermənilər də narahatdır Paşinyanın mövqeyindən, hətta onun öz çıxışlarında “Artsax” deyil, Dağlıq Qarabağ ifadəsi işlətməsindən də şübhələniblər. Rusiya ilə əlaqələrində problem yaranan Paşinyansa Azərbaycanla dil tapmasa, onun qərbyönümlü hökumət, yaxud parlament qurmasının heç bir önəmi qalmayacaq. Çünki ABŞ-ın marağında olan nəhəng layihələrin müəllifi Azərbaycandır və öncə bölgənin lider dövləti ilə hesablaşmaq lazımdır!

Tramp son məktubu ilə Paşinyanı bir daha öhdəliklərinə sadiq qalmağa çağırıb. Elə erməni mediası da bununla bağlı xəbərləri “Tramp Paşinyandan Qarabağ münaqişəsinin dinc yolla həllini gözləyir” sərlövhəsi ilə tirajlayıblar. Bir məqamı da xatırladaq: keçən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton “Ermənistana xarici təzyiqin aradan qalxmasının ən yaxşı yolu Dağlıq Qarabağ münaqişəsinin həllidir”-söyləməklə erməniləri şoka salmışdı. Düzdür, bundan sonra Nikol Paşinyan açıqlama verərək “Hər kəs öz adından çıxış edə bilər. Con Bolton, yaxud da başqa biri Ermənistanın baş nazirinin adından danışa bilməz”-deyə, ərköyünlük etmişdi. Ancaq Trampın “cavab gözləyirəm” məzmunlu təbriki əslində İrəvana ciddi mesajdır.

Paşinyan aylar öncə, Qarabağ “hakimiyyəti”nin, Qarabağ xalqı və Ermənistan xalqının iştirakı olmadan münaqişənin həlli mümkün deyil” ,- deyirdi. Amma Azərbaycanın prinsipial mövqeyi, danışıqlar formatının dəyişdirilməsinin mümkünsüzlüyünü ermənilərin ağalarına çatdırmasından sonra onun mövqeyindən geri çəkildiyini görürük.

Hətta məhz bu ərəfədə dünyanın 30 ölkəsindən daşnakların-qatı erməni millətçilərin Xankəndinə toplaşaraq 8 günlük müzakirələrə başlaması da Paşinyanın Qarabağ siyasətinə təzyiq kimi şərh olunur. Yəni KTMT-də mövqeləri sarsılan, iqtisadi tənəzzül dövrünü yaşayan, ABŞ, Avropadan hələlik istədiklərini ala bilməyən, Rusiya ilə yeganə quru yolu da qar səbəbindən kəsilən, İrana tərəf isə ABŞ-ın qorxusundan addım ata bilməyən Paşinyan birdən rayonları qaytara bilər deyə, erməni millətçiləri hərəkətə keçib.

Con Bolton “Ermənistan tarixi şablonlardan əl çəkməlidir, onun inkişafı yalnız bundan sonra ola bilər” demişdi. Tramp da bu məqamda “şərti şumda kəsib”. Paşinyanın vaxtı elə də çox deyil. Üstəlik, Azərbaycan İrəvandan konkret addımlar gözləyir, hətta ermənilər deyirlər ki, aprel-may aylarında böyük savaş başalaya bilər. Avropa Parlamentindəki ermənipərəstlərin hərəkətə keçməsi, Azərbaycana qarşı təzyiq dalğasının başlaması da Paşinyanın harayına yetişməyəcək. Bu kimi təzyiqlər nə aprel döyüşlərinə, nə də Naxçıvan əməliyyatına mane ola bilmədi. ABŞ prezidentinə isə ən azı İranla bağlı planlarının fonunda Qarabağ müharibəsi heç lazım deyil...

Elşad PAŞASOY,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR