İnsanlara hürriyət, millətlərə istiqlal!

Toğrul İsmayıl: “Azərbaycan-Türkiyə ittifaq dövləti məsələsini gündəmə gətirmək zamanıdır”

2258 22.09.2018 09:56 Müsahibə A A

 “Ərdoğan da tez-tez bunu dilə gətirir”

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl qardaş ölkənin ictimai-siyasi həyatda baş verənlərlə bağlı “Yeni Müsavat”a danışıb. Politoloq, o cümlədən iş adamı Etimad İsmayılovun qətli ilə bağlı sualları cavablandırıb.

- Türkiyədəki parlament və prezident seçkilərindən üç ay ötür. Seçkilərdən sonrakı durumu necə dəyərləndirirsiz?

- Seçkilərin nəticələri ayrı mövzudur. Çox ciddi iqtisadi krizis var. Türkiyə hazırda ciddi iqtisadi problemlə üz-üzədir. Bugünkü iqtidarın da əsas məqsədi bu krizisi tezliklə aradan qaldırmaqdır. Maliyyə naziri Vedat Albayrağın açıqlamalarından sonra 2021-ci ilə qədər krizin ortadan qaldırılması məsələsi var. Böhran öz işini görməkdədir. Amma digər məsələlərdə hər şey qaydasındadır. Prezidentlik üsul-idarəsinə keçid dövrü yaşanır. Bu da asan sürəc deyil.

- Qərblə Türkiyənin münasibətləri normal olsaydı, seçkilərdən sonra belə bir krizis baş verməyə bilərdimi?

- Bu krizisin məlum münasibətlərlə heç bir əlaqəsi yoxdur. Belə krizis bir ölkədə daxili strukturların, mexanizmlərin nəticəsində ortaya çıxır. Türkiyə hər zaman canlı pul istəyən bir ölkədir. Siyasəti buna yönəlikdir. Təəssüflər olsun ki, yanlış, xətalı politkalar sonucunda Türkiyə bu vəziyyətlə qarşı-qarşıya qaldı. Ərdoğan da tez-tez bunu dilə gətirir. Suriya və İraqdakı krizis, eləcə də, Səudiyyə Ərəbistanla Qətər arasında baş verənlər, Rusiyaya, İrana qarşı sanksiyalar Türkiyəyə də dolayı yolla təsir göstərir.

- Türkiyə, Rusiya və İran prezidentlərinin Tehran görüşündə ciddi gərginlik yaşandı, gözlənilən razılıq əldə olunmadı. Amma əvəzində Türkiyə və Rusiya prezidentlərinin Soçidəki görüşündə razılaşmalar oldu. Bu iki görüş arasındakı günlər ərzində nələr baş verdi?

- Tehranda razılığa gəlinməməsinin səbəbi üçlü mexanizmanın orada çalışması oldu. Orada Rusiya ilə İran müttəfiq kimi hərəkət etdilər. Türkiyə Suriya mələsində müttəfiq olduğu ölkələrə öz tələbini, istəyini açıq şəkildə ortaya qoydu. Bunun nəticəsində tələbini yerinə yetirdi. İdlib məsələsində bu özünü açıq şəkildə göstərdi. Türkiyənin gücünü Azərbaycandakı və buradakı bəzi dostlarımız bəzən kiçildirlər. Türkiyə bölgədə sözü keçən bir dövlətdir. Buna görə Soçidə Ərdoğan və Putin razılığa gəldilər. Deyə bilərik ki, bu uzunömürlü razılıq deyil. Amma Türkiyənin bu məsələdə diplomatik uğur qazandığını söyləyə bilərik. Qardaş ölkə nə istədiyini açıq şəkildə ortaya qoydu.

“Burada bizlərə qarşı hər hansı bir xoşagəlməyən münasibət olsaydı, bu gün biz dövlət universitetində professor və kafedra müdiri olmazdıq”

- Casus keşiş Bransonun məsələsi yenə gündəmə gəlib. Bu şəxsin gələn ay ölkəsinə veriləcəyi barədə xəbərlər dolaşır. Siz necə düşünürsüz?

- Bu, Türkiyənin hüquqi məsələsidir.  Burada proseslər bir az uzun sürür. Amma Türkiyənin qanunları nə deyirsə, o da olur. Dedi-qodulara inanmıram. Məhkəmə suçlu olmadığı barədə qərar çıxaracaqsa, o sərbəst qalacaq. Əksi baş verəcəksə, nə olmalıdırsa, o da olacaq. Ergenekon məsələsində də proseslər uzun sürmüşdü. Bunlar Türkiyədə hüququn olmadığı anlamına gəlmir. Bu ölkədə hüquq var, hüquq sistemi çalışır. Rahib Branson məsələsində türk məhkəməsi nə qərar verəcəksə, o olacaq.

- Əgər Branson təhvil verilsə, ölkələrarası gərginlik aradan qalxacaqmı?

- Düşünmürəm ki, belə olsun. Çünki Branson bir bəhanədir. Burada gərginliyə əsas səbəb Amerikanın bölgədə yürütdüyü siyasətdir. Bu gün ABŞ Çinə də sanksiyalar tətbiq edir, bununla öz gücünü göstərməyə çalışır. Niyyəti budur ki, ölkələr ona itaət etsin. Amerika super dövlət ola bilər, amma unutmayaq ki, super dövlət olmağın gətirdiyi bəzi mənfiliklər də var. Dünya bir şirkət deyil ki, ölkələr ona tabe olsun. Hər bir dövlətin öz maraqları var və buna uyğun hərəkət edir. Türkiyə ilə Amerika arasındakı problemlərdə tək rahib deyil, çox şey var.

- Gülən-Branson dəyişdirilməsi ilə bağlı fikirlər səslənir. Bu mümkündürmü?

- Belə ola biləcəyini düşünmürəm. Türkiyə Güləni FETÖ-nun başçısı olaraq qəbul edir və onu tələb edir. Amerikaya da lazım olanları göstərir. ABŞ isə buna qarşı hər hansı bir addım atmır. Sadəcə öz vətəndaşını tələb edir.

- Sanki son zamanlar ABŞ Azərbaycanın yerləşdiyi region ölkələrini daha çox sıxmağa çalışır. Bütün bunlar Azərbaycan kimi dövlətlərə ciddi təhlükə deyilmi?

- Təbii ki, bunlar təsirsiz deyil. Ortaya çıxa biləcək hər hansı bir krizis ölkəmizə də ciddi təsir edə bilər. Eyni zamanda Azərbaycanın bu ölkələrlə yaxın əlaqələri Qərb dünyası ilə münasibətlərinə də ciddi təsir edə bilər. İqtisadi böhran ən ciddi məsələlərdən biridir. Rusiya, Türkiyə kimi dövlətlərdə iqtisadi böhranlar yaşanmaqdadır və bu bölgəyə də təsirsiz ötüşmür. Bölgədəki krizis hər şeyə təsir edir. Azərbaycan da bunun zərərini çəkə bilər. Necə ki, neftin qiymətlərinin aşağı düşməsi Azərbaycanda devalvasiyaya səbəb oldu. Azərbaycan kimi bir ölkə buna hazırlıqlı olmalı idi. Neft üzərində iqtisadiyyat qurarsansa, bu cür hallarla üzləşərsən. Digər tərəfdən radikal qrupların fəallaşması Azərbaycana da təsir edir. Azərbaycanda da radikal qruplar ortaya çıxır, silahlanırlar. Qlobal və regional təlatümlər Azərbaycan kimi çox da güclü olmayan dövlətləri ciddi şəkildə rahatsız edir, təzyiq altında saxlayır.

- 15 sentyabrda Türkiyə prezidentinin Bakıya gəlməsi, hərbi paradda Azərbaycan prezidenti ilə birgə verdiyi mesajlar iki ölkənin birliyinin bir daha nümayişi oldu. Bunları necə dəyərləndirirsiz?

- Biz bir dəfə deyil, hər zaman deyirik ki, Azərbaycanla Türkiyənin münasibətləri o səviyyəyə çatıb ki, artıq ittifaq dövləti məsələsini gündəmə gətirmək lazımdır. Rusiya ilə Belarus arasında olan ittifaq kimi bir ittifaq yaradılmalıdır. Bir araya gəlmək zamanı yetişib. Hər kəs buna onsuzda belə baxır. Burada üçüncü ölkələrə yönəlik hər hansı bir addım yoxdur. Onlar boş şeylərdir ki, Türkiyədəki iqtisadi krizis Azərbaycan manatına və başqa şeylərə təsir edəcək. Bu fikirlər Azərbaycan-Türkiyə münasibətlərinə ləkə gətirməkdir. İttifaq dövləti hər şeyi birləşdirmək anlamına gəlmir. Bunun dünyada ən gözəl örnəyi Avrasiya məkanında Rusiya ilə Belarus arasında olan ittifaqdır.

- Toğrul bəy, Türkiyə və Rusiyadakı azad biznes mühitini necə dəyərləndirirsiz? Azərbaycanlı iş adamı Etimad İsmayılovun qətli bir sıra suallara yol açıb.

- Rusiyanı deyə bilmərəm. Amma Türkiyədə azad biznes mühitinə təhlükələrin olduğunu, maneələrin yaradıldığını demək düzgün olmaz. Etimad bəyin qətli ilə bağlı nələrisə demək hələ tezdir. Araşdırmaların sonunda qətlin səbəbləri ortaya çıxacaq. Bu cür hadisələr bizim insanların xarakterindən irəli gəlir. Sıxıntıları güc və şiddət yolu ilə həll etmək bizim kimi cəmiyyətlərdə olur. Amma Türkiyədə azad biznesin qarşısının kəsildiyini demək çox çətindir.

- Etimad İsmayılovla tanışlığınız var idi?

- Xeyr. Onun həyat yoldaşı Sevil xanımı daha çox tanıyırdım. Etimad bəy də burada kifayət qədər tanınırdı. Sevil xanımla işimizə görə bir-birimizi daha çox tanıyırıq.

- Qatili necə, tanıyırdınız?

- Onunla heç bir əlaqəm yoxdur. Burada elm sahəsində olan insanları daha çox tanıyıram. Biznes mühitində olanlarla o qədər də əlaqəm yoxdur. Digər tərəfdən onlar mən yaşadığım yerdə yaşamırlar.

- Bu qətldən sonra hansı ölkədə yaşamasından asılı olmayaraq azərbaycanlıların bir-birinə olan xoşagəlməyən münasibətləri gündəmə gəlib. Artıq iş o yerə çatıb ki, azərbaycanlılar bir-birini öldürürlər...

- Düşünürəm ki, bu məsələ bir qədər şişirdilir. Düzdür, bizə düşmən lazım deyil. Rusiya və digər ölkələrdə iş adamlarımız ortaqlarını, həmyerlilərini qətlə yetirirlər. Təəssüflər olsun ki, bunlar problemləri dialoq yolu ilə həll etməmək səbəbi ilə daha çox baş verir. Cəmiyyətlərdə olan neqativ hallar fərdlərin üzərinə çökür. Bu da harada yaşamağından asılı olmayaraq özünü göstərir. Mənə görə insan həyatı puldan qat-qat üstündür. Pula görə insanı qətlə yetirmək doğru deyil. Maddiyyatın hər şeyin üzərinə çıxdığı cəmiyyətlərdə belə məsələlər daha çox önə çıxır. Burada çoxlu ziyalılarımız, iş adamlarımız var. Ziyalılarla iş adamlarının bir araya gəlib görüşdüklərini görmədim. Diasporanın fəaliyyəti də boş şeydir. Mən Kahramanmaraşdayam. Burada universitetdə dərs deyirəm. Burada azərbaycanlı tələbələr az deyil. Durumları bərbad gündədir. Hanı azərbaycanlı iş adamları? Milyonlar, milyardlar qazanırlar. Amma kimə dəstək olublar? Elm adamıyam. Buna rəğmən tələbələrə dəstək olmağa çalışıram, gücümün yetdiyi qədər maddi, mənəvi və digər tərəflərdən dəstək oluram. Amma toplum olmaq istəyiriksə dilimizə, elmimizə sahib çıxmalıyıq. Burada öz güclərinə təhsil alanlar var. Onların durumları çox ağırdır. Ola bilər ki, mərkəzi yerlərdə bunlar hiss olunmasın, amma əyalətlərdə açıq şəkildə sezilir. Problemlər hədsiz dərəcədə çoxdur. Etimad İsmayılovun qətlini şiddətli şəkildə qınayıram. Nə deyirlər desinlər, nə problem olursa olsun, iki nəfər arasındakı problem qətllə nəticələnməməlidir. Etimad bəylə Sevil xanımın övladları yetim qaldı. Bu yetimin göz yaşları hər şeydən üstündür, milyonlarla, milyardlarla pullar bunu əvəzləyə bilməz. Bunu insanlarımız anlamalıdırlar. İnsan həyatına bir dəyər kimi baxılmalıdır.

- Etimad İsmayılovun cənazə namazında Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu da iştirak etdi. Bu da hər kəsin diqqətini cəlb etdi.

- Sevil xanım Türkiyədə populyar bir jurnalistdir, telekanallarda çox ciddi proqramlara qatılır. İqtidara yaxınlığı ilə tanınan bir şəxsdir. Hakim dairələrdə kifayət qədər tanınır. Kim imkan tapmışdısa, cənazə namazına qatılmışdı. Bu baxımdan burada başqa nələrisə düşünmək doğru deyil. Mən şəxsən o mərasimə işdə olduğum üçün qatıla bilmədim. Amma bizim də ailədən orada iştirak edən oldu. Bu da bizim borcumuzdur. Sevil xanımın siyasi baxışlarına qatılarsınız, yaxud qatılmazsınız, amma o, Azərbaycan üçün bir dəyərdir. İş adamı olaraq Etimad bəy də kifayət qədər tanınırdı. İş adamı kimi hökumətlə də müəyyən işlər görürdü.

Türkiyədə bizə münasibət həmişə yüksək səviyyədə, qardaş münasibəti olub. Bu bir cinayətdir. Öldürən də mərhumun iş ortağıdır. Burada bizlərə qarşı hər hansı bir xoşagəlməyən münasibət olsaydı, bu gün biz dövlət universitetində professor və kafedra müdiri olmazdıq. Yaxud belə bir şey olsaydı, bu gün Sevil xanıma problemlər yaradılardı. Azərbaycan türklərinə burada qardaş gözü ilə baxırlar. Azərbaycanlıları burada öldürürlər kimi fikirlər səsləndirmək heç kimə yaraşmaz. Son qətldə öldürülən də, öldürən də azərbaycanlıdır. Daha öncə İstanbulda bir cinayət baş vermişdi, onu da edən azərbaycanlılar olmuşdu.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR