İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Zülfüqarov: “Ermənistan Rusiyanı itirəcək”

1856 23.11.2018 08:05 Müsahibə A A

“Paşinyan Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ziddiyyətləri dərinləşdirəcək”

Türkmənistana səfər edən Azərbaycan prezidenti İlham Əliyev noyabrın 22-ə həmkarı Qurbanqulu Berdiməhəmmədovla görüşdü. Səfər çərçivəsində bir sıra vacib sazişlər imzalandı, iki dövlətin liderləri qarşılıqlı şəkildə əməkdaşlıq perspektivləri ilə bağlı vacib mesajlar verdilər.

Bir məqam xüsusi diqqət çəkir ki, cari ildə Azərbaycan prezidenti postsovet məkanındakı bir sıra ölkələrə səfərlər edib. Fakt budur ki, keçmiş SSRİ respublikalarının bir çoxunda erməni diasporu kifayət qədər güclü olub. Bu isə Qarabağ məsələsinin ədalətli həllində hər zaman əngəl olub. Azərbaycan prezidentinin MDB ölkələrinə son səfərləri öz bəhrəsini verməkdədir. Artıq Ermənistan hətta KTMT-də belə, təklənmiş vəziyyətə düşüb. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla bu və başqa mövzularda danışdıq:

- SSRİ dağılandan sonra postsovet məkanında bir metodologiya, nəzəriyyə hökm sürürdü, siyasi baxışlar çox populyar idi. Bu baxışların bir qismi erməni diasporu tərəfindən formalaşırdı. Belə bir vəziyyət yaranmışdı ki, Ermənistan postsovet məkanında Rusiya üçün ən vacib ölkələrdən biri kimi təbliğ olunurdu. Amma artıq tarix, iqtisadiyyat və reallıqlar hər şeyi öz yerinə qoyur. Hamı başa düşür ki, Azərbaycan iqtisadi, siyasi müttəfiq kimi bu regionda ən vacib, ən böyük və ən effektiv portnyordur. Bu baxımdan reallığın üzə çıxarılması istər-istəməz Ermənistanı belə təcrid vəziyyətinə qoyub. Çünki onların təbliğ etdiyi siyasət heç kəs tərəfindən dəstəklənə bilməz. Yəni hansısa qonşunun torpağını işğal etmək, etnik təmizləmə həyata keçirmək olmaz və s. Bunun nəticəsində də sənə kimsə dəstək verə bilməz. Nə qədər istəsəniz təbliğat apara, Rusiya kanallarını tuta, cəfəngiyat danışa bilərsiniz, amma reallığı ən azı, siyasi elita başa düşür. Bu baxımdan Azərbaycan prezidentinin aktiv siyasəti reallığı üzə çıxardır. Hesab edirəm ki, bu proses davam etdiriləcək. Ermənistanın təcrid vəziyyətində olması gec-tez onların siyasətinin məhvinə gətirib çıxaracaq. Artıq KTMT-də Belarusdan başqa, Qazaxıstanın da Azərbaycana dəstəyi var. İndi ermənilər ümidlidirlər ki, Rusiya bizi ikitərəfli qaydada, hərbi sazişlər çərçivəsində müdafiə edəcək. Belə şərhlər var.

- Realdırmı?

- Ümumiyyətlə, Rusiyanın dəstəyi sual altındadır. Biz heç vaxt görməmişik ki, yüksək səviyyəli siyasətçilər, dövlət başçıları desinlər ki, Ermənistan müttəfiqimizdir, ona nəsə olsa, biz Azərbaycanı vura bilərik. Orta səviyyəli mütəxəssislər, politoloqlar belə fikirləri səsləndirirlər. Amma yüksək səviyyədə heç vaxt bu cür bəyanatlar səslənməyib. Bu da bir siyasi fantomdur. Yəni reallıqdan uzaq fikir formalaşdırırlar ki, guya Rusiya bunları dəstəkləyəcək.

- Nikol Paşinyan “hamı bizimlə hesablaşacaq” deməklə faktiki olaraq həm də Rusiyaya meydan oxudu. Bunun cavabı nə olacaq? Bu gedişlə Ermənistan sonuncu, istinad etdiyi müttəfiqini də itirə bilərmi?

- Bu proses qaçılmazdır. Bir neçə ay bundan qabaq mütəxəssislər bu cür fikirləri səsləndirəndə mən həmişə deyirdim ki, Rusiya Ermənistandan çıxacaq. Bunu deyəndə çoxları mənimlə mübahisə edirdilər ki, bəs, bu, mümkün olan şey deyil. Reallıqlar hər şeyi göstərir. İndi hamı başa düşür ki, Ermənistan iqtisadi və siyasi baxımdan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Baxın, Türkiyə-Rusiya əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Yəni Ermənistanın seçdiyi siyasət üçün heç bir perspektiv yoxdur. Digər siqnallara baxın. Televiziyalarda, müxtəlif tədbirlərdə Ermənistana qarşı çox tənqidi fikirlər səslənir. Ermənistan mətbuatında xeyli yazılar gedir. Artıq Rusiya əleyhinə tənqidi fikirlər, şərhlər çoxalıb və adiləşib. Qabaqlar biz heç belə şərhləri eşitməmişdik. Ancaq indi belə tənqidlər hətta rəsmi şəxslərin dilindən də səslənir.

- Belə nikbin qənaətə gəlmək olarmı ki, Ermənistanın qərbyönümlü mövqeyinin qarşılığında Azərbaycanın postsovet məkanına xitab etməsi və əlaqələrini gücləndirməsi MDB ölkələrində mövqeyimizin birmənalı olaraq dəstəklənməsinə və Ermənistanın təklənməsinə gətirib çıxaracaq?

- Əslində Ermənistanın qərbyönlü siyasətində də problemlər var. Baxın, Boltonun səfərindən sonra ABŞ-a ünvanlı nə qədər tənqidlər səslənib. Paşinyan az qala Boltona dedi ki, öz adından danışsın, mənim adımdan yox. Kimsə hesab edirsə ki, bunlar qərbyönlü siyasət yeridirlər, burda da problemlər var.

- Parlament seçkiləri öncəsi ölkəsinin müttəfiqlərini itirən Paşinyanı seçkidən sonra nələr gözləyir?

- Yuxarıda qeyd etdim ki, o, gec-tez başa düşəcək. Adını deməyəcəyəm, regionda çox böyük nüfuza malik xarici diplomatla bu mövzuda söhbətim olub. Onun fikri bundan ibarət idi ki, Paşinyan heç vaxt vəziyyəti dərk etməyəcək. Çünki o, buna hazır deyil, real siyasətdən uzaq insandır. Bəlkə də reallıqları başa düşməyə qadir deyil. Həmin diplomat bir neçə ay əvvəl bunu demişdi. İndi onun dedikləri real görünür. Paşinyan indi siyasi mühitdə özünü kənardan gələn bir insan kimi aparır. Lukaşenkoya, Nazarbayevə iradlar tutur. Türkiyəyə, Azərbaycana qarşı çıxışlar edir. Bir azdan Rusiyaya qarşı da çıxış edəcək, daha nə qalıb ki... Hamıdan incimiş vəziyyətdədir.

- Bu təklənmənin onun hakimiyyətini məhvə apardığını demək olarmı?

- Mənə elə gəlir ki, o, özünü hakimiyyətpərəst kimi göstərir. Ona görə də o, hələ hakimiyyətdə qalacaq. Paşinyan öz fəaliyyəti ilə Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında olan ziddiyyətləri daha da dərinləşdirəcək. Bu böhran ki var, fikrimcə, ciddi nəticələrə gətirib çıxaracaq. 30 il bundan qabaq bəyan etdikləri “miatsum” əslində bunları birləşdirmədi, əksinə, düşmən elədi. Hər halda çox maraqlı nəticədir.

- Ermənistanın MDB məkanında təcrid vəziyyətinə düşməsinin Qarabağ məsələsində bizimçün ciddi nəticə verəcəyinə ümid bəsləmək olarmı?

- Təbii ki. Mən nəyə görə əminəm ki, bu, gec-tez öz nəticəsini verəcək? Çünki Ermənistanın Azərbaycana qarşı sərt, anneksionist siyasətinin mənbəyi heç də onun daxili imkanları deyil. Onun imkanları sadəcə olaraq Rusiya tərəfindən vəd edilən təhlükəsizlik qarantiyalarıdır. Rusiya bu vədinə əməl edəcək, yoxsa etməyəcək, bu məsələ də sual altındadır. Mən həmişə o fikridə olmuşam ki, Rusiya Ermənistana dəstək verməyəcək. Rusiyanın vədi olmasa, Ermənistanın öz imkanları Azərbaycanla bu cür siyasəti aparması heç bir gün də çəkməz. Bu baxımdan əminəm ki, indiki proseslər gec-tez Ermənistanı böhrana gətirib çıxara bilər. Azərbaycan həm postsovet məkanında, həm iqtisadi, həm hərbi baxımdan təzyiqi gücləndirir. Hesab edirəm ki, ABŞ istiqamətində də Ermənistanın böhranla üzləşdiyi görünür...  

- Tofiq bəy, Azərbaycan prezidentinin postsovet məkanındakı digər ölkəyə - Türkmənistana səfərini necə dəyərləndirirsiniz?

- Türkmənistan səfərində əsas diqqətçəkən mövzu təbii qazın nəqli ilə bağlıdır. Aşqabad bu müddət ərzində çətin bir müttəfiq idi. Amma hiss olunur ki, indi həm Türkmənistan, həm də Azərbaycan bir-birini çox yüksək səviyyədə başa düşür. Yəni qarşılıqlı səfərlər baş verir və s. Ümumilikdə vəziyyət dəyişib, Xəzər dənizinin statusunda irəliləyiş olub. O da öz müsbət nəticəsini verib. İllərlə Transxəzər boru kəməri layihəsinin üstündə maraqlar mövcud idi, mübahisələr, ziddiyyətlər var idi. Amma indiki şəraitdə hiss olunur ki, bu məsələyə aid ziddiyyətlər keçmişdə qalıb. Çünki qaz-nəqli sistemi sovet dövründə elə qoyulub ki, Türkmənistan qazı birbaşa Rusiyadan nəql olunur. İndi isə bildiyim qədər Rusiyaya ixrac azalıb və əsas ixrac ünvanı Çindir. Pekin böyük sərmayə qoyub və qaz kəmərini Çinəcən uzadıb. Bu gün Türkmənistanın ən böyük ixrac portnoyoru Çindir. Rusiyanın bu mövzu ilə bağlı ziddiyyətli mövqeyi ki, var idi, fikrimcə, artıq bununla bağlı əsaslar azalıb. Demək olmaz ki, yoxdur, amma əsaslar azalıb. Hesab edirəm ki, indi Türkmənistan da öz ixracını diversifikasiya eləməyə maraqlıdır. Azərbaycan prezidenti bu məsələyə aid maraqlı bir fikir səsləndirib. Deyib ki, əsas maraq Türkmənistandan olmalıdır ki, onlar bu məsələyə daha böyük diqqət yetirsinlər. Hər halda Türkmənistanın TAP və TANAP layihələrinə qoşulması məsələsi müzakirə olunandır. Hesab edirəm ki, bu məsələ mütləq müzakirə olunacaq. Təbii ki, bir sıra amilləri nəzərə alsaq, türkmən xalqı, onun tarixi, ənənəsi, dili bizim xalqımıza çox yaxındır. Əlaqələrin inkişafı üçün də böyük imkanlar mövcuddur. Hesab edirəm ki, bu səfər bu əlaqələrin inkişafına birmənalı olaraq öz töhfəsini verəcək.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR