İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə son günlərdə yaşanan internet probleminin səbəbi nədir?

2604 26.11.2016 13:58 Texnologiya A A
Azərbaycanda internet provayderlərinin fəaliyyətindən ciddi narazılıq var. Bir neçə gündür ki, ölkədə internet problemi yaşanır. Bu barədə redaksiyamıza da çoxsaylı şikayətlər daxil olub. Problem demək olar ki, bütün internet provayderlərində özünü göstərir. 

Əlaqə saxladığımız provayder şirkətlərinin isə əksəriyyəti bildirdilər ki, gün ərzində internetin sürətində azalma ola bilər. Bu isə günün müxtəlif saatlarında xəttin yüklənməsi ilə əlaqədardır. Lakin qeyd etdiyimiz kimi internetdə qırılmalar, bəzən 30-40 dəqiqəlik kəsilmələr artıq intensiv hal alıb. Xüsusilə də sosial şəbəkələrdə “Bakinternet”, “Connect” xidmətinin istifadəçiləri internetin sürətinin aşağı olmasından şikayətlənirlər.

Yada salaq ki, ötən ilin noyabr ayının 16-da Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator- "Delta-Telekom" MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstüləmə baş verdi. Bu hadisədən sonra ölkədə bir neçə dəqiqəlik internet xaosu yaşandı. Problemin sonradan aradan qaldırıldığı bildirilsə də, yuxarıda da qeyd etdiyimiz kimi bu gün də ölkə ərazisində internet problemi aktuallığını itirmir.

Ayın əvvəlindən tarifə uyğun olaraq istifadəçidən ödənişi tələb edən provayderlər, istifadəçini tarifdə qeyd olunan sürətə uyğun internetlə təmin edə bilmir. Gün ərzində internetin kəsilməsi, sürətin zəifləməsi isə tarifin bitmə tarixinə təsir etmir. Misal üçün 30 günlük limitsiz internet tarifi sonuncu gün provayder tərəfindən dayandırılır. İstifadəçidən yenidən internet almaq üçün təkrar ödəniş etmək tələb olunur. Edilən ödənişin isə necə deyərlər, haqqı provayderlər tərəfindən verilmir...

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan ekspert Vahid Qasımov bildirib ki, manatın məzənnəsi ilə əlaqədar olaraq hazırda ölkədə bu sahədə vəziyyət heç də ürəkaçan deyil:
“Ümumiyyətlə, bütün İT sahəsi dollara bağlıdır. Burada bəllidir ki, informasiya texnologiyaları istehsal olunmur. Büdcə azalıb, xərclərin miqdarı da getdikcə artır. 

Ona görə bu sahədə yaxın 2-3 il ərzində inkişafdan danışmağa dəyməz. Yəni inkişaf olmayacaq, elə hazırkı səviyyəni qoruya bilsək bu, böyük addımdır. Hazırda biz həm avadanlıqları xaricdən alırıq, həm də internet paketinin də pulunu xarici valyuta ilə ödəyirik. Buna görə də Azərbaycanda bu sektorun bütün xərcləri artıb. Paketi dollarla alıb, manatla satırıq. Manatla qiymətləri artıra bilmirik, çünki əhalinin də maddi imkanları yaxşı deyil. Bu üzdən keyfiyyətin yaxşılaşdırılması məsələsi çox güman ki, baş tutmayacaq.

 Provayder məsələsində də vəziyyət yaxşı deyil. Bu il və ötən il ərzində “Delta-Telekom” provayderlərdən borcunu toplamağa çalışırdı. Qeyd edim ki, bütün provayderlərin birlikdə  “Delta-Telekom”a 22 milyona yaxın borcları var. Bu, az bir məbləğ deyil. Ola bilər ki, bununla əlaqədar internet trakifində  müəyyən bir limit qoyublar. Bu, təbii ki, mənim şəxsi versiyamdır”.

Baş verənlərlə bağlı əldə əldə etdiyimiz məlumata görə, ölkədə son dövrlərdə internetin zəif olmasının bir neçə səbəbləri var. 

İlk olaraq bu, provayderlərin söylədikləri kimi son zamanlar eyni anda daha çox istifadəçinin internetdən istifadə etməsi ilə bağlıdır. Ona görə də pik saatlarda sürət xeyli aşağı düşür. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, doğrudan da internet xaricdən baha alınıb, ölkədə ucuz satılır. Lakin bundan heç də şirkətlər zərər çəkmir. Çünki misal üçün 100 meqabit internet əgər 100 adama satılmalıdırsa, onlar bunu 300 istifadəçiyə satırlar. Nəticədə isə həmin istifadəçilərin hər biri eyni anda internetdən istifadə etdikdə, problemlər ortaya çıxır. 

İddia olunur ki, Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyində kadr dəyişiklikləri baş verdikdən sonra ölkədə bir çox provayderlərdə internetin sürətində azalmanın olması heç də təsadüfi deyil. Belə ki, qeyd etdiyimiz nazirliyin hazırda həbsdə olan əməkdaşlarının bir çoxunun özəl provayderləri olduğu bildirilir. Onlar misal üçün, “Bakinternet”in internetini həmin provayderlərə yönəldə bilirmişlər. Nazirliyə yeni nazir təyin olunduqdan sonra bu kimi halların da qarşısı alınıb. 

Bütün bunlara baxmayaraq, dünyada ən baha interneti “Delta-telekom” satır. Mənbəmiz bildirib ki, bu gün də “Delta-Telekom”da ötən ildə olduğu kimi problem yaşanarsa , ölkə yenə də internetsiz qalacaq. Çünki hələ də paylama nöqtəsində alternativ yaradılmayıb. Ölkəyə internetin 80 faizini “Delta-Telekom”, 20 faizini isə “Azərtelekom” verir. 

Bildirilir ki, əslində “Delta-telekom”un paylayıcı nöqtəsi bir deyil, iki olmalıdır. Onlar şəhərin müxtəlif yerlərində quraşdırılmalı və bir-biri ilə əlaqələndirilməlidir.  Əgər birində hansısa qəza baş verərsə, digəri onu əvəz etməlidir. Hazırda isə belə bir sistem mövcud deyil. Ona görə də ötən ilki problemi önləyən tədbirlərin alındığını söyləmək olmaz...

Sosial şəbəkələrdə insanlar havaların soyumasından sonra da internetin sürətinin azaldığını yazırlar.  Lakin mütəxəssislər bildirdilər ki, havanın soyuq olmasının internetin sürətinə heç bir maneəsi yoxdur. Sadəcə bir maneəsi ola bilər ki, insanlar soyuq olduğu üçün çölə çıxmayıb, evdə internetdən istifadə edə bilərlər. Bunun nəticəsində isə yuxarıda göstərdiyimiz səbəblərdən, internetin sürətində azalma yarana bilər.

Əli Rais, müsavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR