İnsanlara hürriyət, millətlərə istiqlal!

Tektonik silahın azərbaycanlı müəllifi barədə şok məlumatlar - İkram Kərimov kimdir?

26616 01.11.2016 08:55 Maraqlı A A
Mirzə Fətəli Axundov özünün məşhur “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” komediyasında sübut etmək istəyir ki, tektonik, yəni zəlzələ yaradan silah, bəs guya fırıldaqçı dərvişlərin növbəti yağlı yalanlarından biridir, vəssalam. Guya uydurmadır. Gopdur. O, xalqı bu cür şirin Şərq nağıllarına inanmamağa çağırırdı. 

Zaman keçdi, dövran dolandı... Günlərin birində yaşadığımız həyat özü bu iddianın, komediyanın tam tərs cavabını, tərs silləsini çırpdı key sifətimizə. Bəlli oldu ki, bəs azərbaycanlılar bircə kütləvi qırğın silahı icad ediblər bütün tarixləri boyu, o da məhz zəlzələ doğuran tektonik silahdır, vəssalam!!!

Müasir Dərviş Məstəli Şah isə gözünüzə su verib yaxşı-yaxşı baxın, bugünkü həmsöhbətim, azərbaycanlı alim İkram Kərimovdur - Milli Elmlər Akademiyası Seysmologiya Elmlər Mərkəzinin direktoru, nəhayət...

Nəhayət, tektonik silahın dünyadakı ilk ixtiraçısı!!! Müəllifi!!!

***
İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri, mətbuatı tərəfindən gizli saxlanılır. Barəsində, kiçik istisnalarla, məlumat əldə etmək olduqca çətindir. Haqqındakı xəsis informasiya adətən aşağıdakı qısa  cümlələrlə kifayətlənir: 1968-ci ildə SSRİ Müdafiə Nazirliyi “Merkuri-18" məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir - zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanın kürkünə birə salmaq. Tədqiqatlar, təcrübələr Qırğızıstanın Batken şəhərindən 50 kilometr aralıda yerləşən poliqonda başlayıb, tezliklə öz müsbət nəticəsini verir. Dünyanın ilk tektonik silahı ixtira edilib sovet hərbi sənayesinin ixtiyarına verilir. Sonralar ”Soverşenno sekretno" qəzeti, detektiv filmi xatırladan bu mövzunu belə təsvir edirdi:
“70-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimovun elmi tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirir. Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu, yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır”.


***
İkram Kərimovun coğrafi koordinatlarını dincəldiyi füsunkar Zaqatala-Şəki meşələrində aşkarlayınca, day sizdən nə gizlin, qalan bütün digər işlərimi saxladım sonraya. Bakı avtovağzalında adambaşı hər sərnişinindən on manat qoparan dələduz sürücülərə qoşularaq cumdum qalın Zaqatala meşələrinin dərinliklərinə.

Zaqatala-Şəki bölgəsinin adətlərinə bələdəm, bilirəm ki, buraların öz adəti, öz fərqli zaman ölçüləri var. Bilirəm ki, buraların dəqiq sərhədi, qədim hüdudları, əslində, Qəbələnin qədim, ecazkar Nic kəndindən başlayır. Sərhədi adlayıb o tərəfə keçmək istəyirsənsə, gərək ürəyində bir qədim ovsunu hökmən təkrarlayasan. Nic kəndinin adını əvvəlcə astaca pıçıldayıb, lap axırda yan-yörənə diqqətlə, oğrun-oğrun baxasan. Axırda bu kəlmənin tərs oxunuşunu daha yüksək səslə ətrafında dalğalandırasan:

- CCCİİİİİİNNNNNN!!! CİNNNNNNN...

Görəcəksən, anında sənə qarşı münasibət göz görə-görə necə dəyişir... Necə sular tərsinə axır burda... Necə antiqravitasiya qanunları işə düşüb, səni öz lal axarında tam yad, naməlum bir ünvana doğru sürükləyir... Necə külək tərsinə tumar çəkir bu vaxt qədim ağacların başına... Addımların necə tərs istiqamətə dartır səni... Necə şəlalənin suyu qəfil geriyə axmağa başlayır... Necə bütün kəlmələr tərsinə səslənməyə başlayır qulağında...
Necə...

Necə bütün söhbətlər burda özünə tam tərs məna qazanır. İkram Kərimovun sirləri necə tədricən, öz-özünə açılır səninçün. Necə o, bu silahıyla dünyanın dörd tərəfində özünə yeni qurbanlar, yeni hədəflər axtarır. 


Necə o, Ələddinin cini kimi, “Cinnnn!” hayını eşidincə xəlvətdən çıxıb hüzurunda peyda olur. Kafelərin birində görüş təyin edir sənə.

***
Divarına qəhvəyi döşəmə boyasıyla, qalın əhəng fırçasıyla “Kafe” yazılmış ünvanda, qıraqdan baxsan həəə, deyərdin guya sakitçilikdi. İçəridə isə mənzərə tamamilə fərqlidi. Siyasi gündəmin növbəti müzakirəsi, deyəsən, elə indicə, lap təzəcə başlayıb, tədricən öz əhatə dairəsini genişləndirirdi. Müzakirə iştirakçıları məni görüncə bərk sevindilər. Barəmdə xam xəyallara qapanıb elə bildilər ki, bu cür qəliz mövzuları ancaq mən guya xətm etməyi bacarıram. 

Uzaq küncdəki tənha, sakit müştərinin İkram müəllim olduğunu anında dərk edib addımlarımın sürətini xeyli artırdım. Siyasi müzakirələrə qoşulmadığımı görən iştirakçılar buna xeyli məyus olub kökslərini ötürdülər.

Məni salamlayan İkram müəllim bir müddət əlimi isti ovcundan kənara buraxmadı. Müştərilərə tərs-tərs baxaraq davam etdi: 

- Qəribədir, çayxana masası arxasında bizimkilər həmişə elə bil bir müvəqqəti hökumət qurarlar. Biri, misal üçün, siz kimisi, mütləq xarici işlər naziri olacaq, digəri müdafiə naziri... Bir başqası səhiyyə sahəsini özəlləşdirəcək elə bil...

- Bəs siz kim olardız adətən belə məclislərdə. Hə? 

- divardakı tənha asqıya əynimdəki gödəkçəmi tapşırıb, azadlığa çıxmış bütün vücudumla fizika-riyaziyyat professoruna tərəf əyildim. Lal, hərəkətsiz duruşum bir neçə saniyə çəkdi.

- Mənmi?.. Mən dərviş olmaq istərdim... Uşaqlıqda “Azdrama”da Axundovun Parisi dağıdan dərviş barədəki komediyasına baxarkən, bilmirəm niyə, vallah, o möcüzəyə inandım...

- Axırıncı dəfə nə vaxt baxmısız bu tamaşaya?

- sualım xatirələrə dalmış professoru diksindirib müasirliyə qaytardı.

- Nə vaxt Bakıya gəlsəm, teatr afişalarında bu komediyanın adını axtararam.

- Yaxşı, bayaqkı sualınızdan elə bil özünüz də qorxduz. Deyin, harda ilk dəfə aşkarladınız yeraltı tektonik qatları?

İkram müəllimin cazibədar sifəti bir nöqtədə donub qaldı xeyli. Sifətinin sonradan  dirilib canlanması xeyli vaxt apardı.


***
- Tədqiqatlarımda ilk müsbət nəticələrə 1979-cu ilin mayında gəldim. 1987-ci il noyabr ayının 30-da isə Sov. İKP MK və SSRİ Nazirlər Kabineti 1384-345 saylı qətnamə qəbul edərək, geofiziki silahın yaradılması barədə alimlər qarşısında yeni vəzifələr qoydu. O vaxtdan bu günə kimi səmalarda bəxt ulduzum parlayıb yanır. 

Həmin ulduzun parıltısı indi də İkram Hacı oğlunun gözlərində parıldayıb sönməyə tələsmir.

- Hazırda adınız dünyanın 10 qızıl aliminin adı arasındadır. Kəşfləriniz bütün dünya alimlərini heyrətləndirməkdə davam edir. Heyf ətrafınızda qapalı informasiya mühiti var. Camaatımız sizi hələ də tanımır.

İkram müəllimin üzündə bu vaxt ötəri həyəcan hissi görünüb tez də silinir. Fizika-riyaziyyat doktoru başına gələnləri bir-bir sadalayıb diqqətimə çatdırır.

- Kuratorumuz, SSRİ Müdafiə Nazirliyinin general-mayoru V.Boçarovun əmrinə əsasən, biz pəncərəsi küçəyə baxan otaqlarda tədqiqat apara bilməzdik. Guya casusların dinləmə böcəkləri pəncərələrdən maneəsiz ötüb söhbətlərimizi yaza bilərmiş. Amma təhlükə tam fərqli ünvandan gəlib bizi yaman yerdə haqladı, biləsiz.

- Hardan gəldi bu təhlükə? 

- o vaxtların qorxunc havasına indi mən də düşürəm. Keçirəm pıçıltıya.

İkram müəllim əlindəki kabab tikəsini ağzına atmağa tələsmir.

- Tezliklə Moskva alimləri ilə bizim aramızda dərin uçurum yarandı. Niyə yarandı? Bilmirəm. 80-ci illərin əvvəli idi, xatirələrim məni aldatmayırsa. Moskviçlər, icazəsiz, tədqiqatlarımızın tam məxfi sənədlərini götürüb ötürdülər yapon alimi Kadzuo Hamadaya.
- Nəticədə...- cümləmin elə ancaq ilk sözünü pıçıldaya bilirəm. Qalanlarını, - bunu da növbəti möcüzə sayın, - elə İkram müəllim özü pıçıldayır. Qulağı itidir bu alimin. Zəlzələləri elə-belə, boşuna bəribaşdan eşitmək istedadı, burda da öz kiçik nümunəsini göstərir, deyəsən, bizə.

Alimin zəlzələləri bəribaşdan eşitmək istedadına iynə ucu qədər belə daha şübhəm qalmır. İstəsə, o, dodaqlarımdakı bu pıçıltını da, zəlzələ kimi, başqa səmtlərə, ünvanlara göndərə bilər hətta.

- Nəticədə, araşdırmalarımız amerikalıların əlinə  gedib düşdü. Amerikanlar da bu araşdırmalar əsasında 90-cı illərdə, Alyaskada HARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar. Haitidə, Yaponyada, digər ünvanlarda şübhəli, dağıdıcı zəlzələlərin sayı birə beş artdı. Bunda...

Bu dəfə mən alimi qabaqlayıb mövzunu davam etdirdim.

- Bunda öz araşdırmalarınızın izini aşkarladınız, eləmi?

- Haqlısız. HARP stansiyasındakı qurğular elə bizimkilərin bir başqa cür təkrarıdır. Amma bunu deməyin nə xeyri var indi? Nəticələrimizə gör kimlər yiyələndi... 
Alim əsəbləşib əlindəki çəngəli süfrəyə çırpır. Səsinə xidmətçi diksinir. Cumur hüzurumuza.

- Nə lazımdı əlavə? Deyin.

- Heç. Sən get. Lazım gəlsə özümüz səslərik səni.

Ətrafımızda kənar şəxslərin olmadığını görüb mövzuya qayıdıram.

- Harda ilk dəfə aşkarladınız yeraltı tektonik qatları? Tektonik silahımızın ilk örnəyini harda aşkarladınız, həəə?

İkram müəllim, sualıma cavab olaraq, oturduğu yerdən dik yuxarı atıldı. Lal-dinməzcəsinə xidmətçini səsləyib süfrəmizin haqqını artıqlamasıyla özü ödədi. İcazə vermədi əlimi cibimə tərəf aparım. Sükut buzunu qırmadan məni, eşikdəki qara “Volqa 31"nə dəvət etdi.

***
Şəhərin çıxacağındakı bir ziyarətgaha yaxınlaşdıq. Sürücü mühərriki söndürdü. Səssiz, sanki mələklərin qanadları üstə, yaxınlaşdıq ziyarətgahın alaqapısına.

İkram müəllim taxta darvazanı sakitcə, astaca taqqıldatdı.

Axşamdı. Uzaqlarda tək-tük pəncərələrin gözləri işıldasa da, bura qatı zülmət hakimdi artıq.

Darvazadan necə içəri girdiyimizə özüm də təəccübləndim. Ayaqlarımın altını yaxşı görməsəm də, maneə bilmədən irəli addımlayırdıq.

Kor divar parçasına gəlib dirəndiyimiz vaxt, İkram müəllim sallaq cibindən bahalı dördkünc alışqanını çıxardı. Üstündəki fənərin düyməsini basıb, şüasını bircə kiçik nöqtəyə yönəltdi. Gördüyümün nə olduğunu çox gec anladım.

Aliminium fincandı. Əyri paslı mismara keçirilmişdi.

İkram müəllim sükutu yenə də pozmadan mənə tam yaxınlaşdı. Astaca pıçıldadı...

- Azərbaycanın əsas tektonik yarığı, bax, bu Sarı baba pirinin altından keçir. Zəlzələ dalğalarını, bir-iki gün əvvəlcə bu yüngül alüminium fincan hiss edir. Vaxtaşırı titrəyir...
Fənərin zəif şüası o fincanı diqqət mərkəzində saxlayırdı. Bir-iki dəqiqəmiz belə ötüb getdi. Alnımı tər zərrələri bəzədi.

Bir də gördüm professor çiynimi silkələyir:

- Fikir ver... Fincan tərpəşir vaxtaşırı. Sabah zəlzələ olacaq mütləq... Beş bal civarında təxminən. Gərək şəhərdəkiləri xəbərdar edək. Hələ kafedəykən bu titrəyişləri duymağa başlamışdım.

- Bu səbəbdənmi, bayaqdan hey susursuz, hə? - nəfəsimi fincandan kənara üfürüb, qaranlıqda professoru axtardım.

Əlini çiynimə qoymasaydı, çətin mən onu burda bir də tapaydım.

- Sabah gəl bura... Günorta vaxtı... Niyyət elə... dua oxu... Yağış yağsa, demək, sən doğrudan da qələm sahibisən...

***
Vədələşdiyimiz vaxt - səhəri gün hamıdan, o cümlədən özümdən qorxa-qorxa gəldim təzədən elə həmin Sarı baba ocağına. Ayağım altındakı zəif titrəyişləri duyub elə bildim professorun uşaqlıq vaxtlarını yenidən təkrarlayıram. Alüminium fincan yenə öz yerində vaxtaşırı titrəyirdi...

İkram müəllim uşaqkən, eynən indi mənim kimi, görünür, bu ünvanda çox gəzibmiş...
Alimin dediklərini bir daha xatırlayıb qibləni göstərən alaca hücrəyə yaxınlaşdım. Ordakı bir-iki qəribə daşı tərpətdim... dua oxudum... niyyətimi səsləndirdim... Bir də gördüm ki, yağış əvvəlcə narın-narın yağmağa başladı. Sonra yağışın şiddəti artdı. Pencəyimi başıma keçirərək çıxışa doğru qaçmağımın heç bir xeyri olmadı. Tam islanmışdım. Üz-gözümdən, çənəmdən su damcıları süzülürdü...

İstədim təzədən bir də astaca “Nic” kəlməsini pıçıldayıb, sonra onu tərs oxunuşda “Cin!!!” haykırtısına çevirim. Gücüm çatmadı ancaq buna.
***
Ətrafımdakıları bir an aldadıcı ilğım bildim. Hətta dünən görüşdüyüm İkram müəllimi də.

Həmid HERİSÇİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR