İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əsədov: “Azərbaycan təhsil tam məhv olmadığına görə repititorlara borcludur” - FOTOLAR

11529 18.12.2016 16:35 Təhsil A A
Təhsil eksperti Kamran Əsədov musavat.com-un qonağı olub. Ekspert təhsildəki problemlərdən, dərsliklərdəki nöqsanlardan və müəllimlərin fəaliyyətindən danışıb.

Əvvəlcə, müsahibimiz  haqqında qısa məlumatla tanış olaq: Kamran Əsədov 2007-ci ildə BDU-nun Tarix fakültəsinin bakalavr, 2009-cu ildə magistratura, sonra isə doktorantura pilləsini bitirib. 2008-2014-cü illərdə orta məktəbdə tarix müəllimi, 2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim kimi çalışıb. Bir kitabın və xarici jurnallarda dərc olunan 14 elmi məqalənin müəllifidir. Orta məktəb dərsliklərinin müəlliflərindən biridir. 2008-ci ildən TQDK-nın testlərinin müəllifi və ekspertidir. 

- Məktəbəqədər təhsilin durumunu necə qiymətləndirirsiniz?

- Məktəbəqədər təhsil özü də bir neçə mərhələdən ibarətdir. Bağça dövrü və son illərdə dövlət büdcəsinin vəsaiti hesabına tətbiq olunmağa başlayan məktəbə hazırlıq pilləsini əhatə edən məktəbəqədər təhsil. Bu gün Azərbaycanda məktəbəqədər yaşa çatan uşaqların cəmi 20 faizi məktəbəqədər təhsil hüququndan istifadə edə bilir. Dünyanın Norveç, İsveç, Finlandiya kimi ölkələrində isə uşaqların 100 faizi məktəbəqədər təhsillə əhatə olunur. Azərbaycanda bunun təmin oluna bilməməsinin ilkin səbəbi də maraqlıdır. Sovetlər dövründə az qala hər kənddə bağça fəaliyyət göstərirdi. Ancaq müstəqillik əldə edildikdən sonra bu bağçalar özəlləşdirildi və ya fəaliyyətini dayandırdı. Yalnız son dövrlərdə isə ölkə başçısının diqqət və qayğısı nəticəsində bu sahədə inkişaf başladı. 

- Sizcə, bağçaların icra hakimiyyətlərinin nəzdində olması doğrudurmu?

- Bu da böyük problemdir. Məktəbəqədər təhsil müəssisələri, bağçalar bir neçə il bundan öncə Təhsil Nazirliyindən alınaraq, Şəhər İcra Hakimiyyətlərinə verildi və hər bir Şəhər İcra Hakimiyyətlərində məktəbəqədər bölmələr yaradıldı. Təəssüflər olsun ki, bu bağçaların inkişafına çox ciddi zərbə vurdu. Bağça təhsil müəssisəsidir və yaxşı olar ki, yenidən qaytarılıb Təhsil Nazirliyinə verilsin. Çünki bu müəssisələrin kadr potensialı təhsilə aid olan şəxslərdən təmin olunmalıdır. Amma bu gün biz  Dövlət Statistika Komitəsinin tərtib etdiyi statistikaya baxanda görürük ki, dövlət bağçalarında rəhbər postda olanların və müəllimlərin 80 faizə qədəri ali təhsilli deyillər və hətta natamam orta təhsillidirlər. 

- Özəl bağçalar haqqında da eyni fikri demək mümkündürmü?

- Mən monitorinq aparmışam və məlum olub ki, məktəbə qəbul zamanı özəl bağçaların məzunlarının göstərdiyi nəticələr dövlət bağçalarının məzunlarının nəticələrindən 70-80 faiz fərqlənir, özəl bağçalar daha çox üstünlük təşkil edir. İqtisadi böhrandan sonra məktəbəqədər təhsil müəssisələrinin valideynlərin hesabına maliyyələşməsi məsələsi də gündəmə gəlmişdi. Əlbəttə, bu, yaxşı hal deyil. Maliyyələşməyə nə qədər müsbət təsir göstərsə də, digər tərəfdən də pis təsir göstərir. Ölkədə müəyyən faiz insanlar var ki, onların övladlarına pullu təhsil vermək üçün imkanları yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasından da, Təhsil Haqqında qanundan da bizə məlum olduğu kimi, dövlətin birinci prioritet məsələsi  vətəndaşlara pulsuz təhsilin verilməsindən ibarətdir. Hesab edirəm ki, hazırki vəziyyət bizi qane edə bilər. 

- Orta təhsillə bağlı da problemlər var. Valideynlərin əsas şikayəti dərs yükünün ağır olması və dərsliklərin mürəkkəb dillə yazılmasıdır. Bu problemin həllini nədə görürsünüz? 

- Azərbaycan artıq 9 ildir ki, yeni təhsil qiymətləndirməsi olan kurrikuluma keçib. Kurrikulum üzrə tərtib olunan dərsliklərin heç 1 faizi belə şagirdlərin yaş psixologiyasına, dərketmə qabiliyyətinə uyğunlaşdırılmayıb. Düzdür, müəyyən şəxslər tərəfindən standartlar əsasında dərsliklər yazılıb. Ancaq dərslik ilk növbədə varislik prinsipini həyata keçirməlidir. Mənim övladım ibtidai sinifdə oxuyanda çalışmalarını gətirib mənə göstərirsə, mən onu həll edə bilmirəmsə, onun birinci mənə qarşı inamsızlığı yaranır, ikinci onun dərsə hazırlığının aşağı düşməsinə gətirib çıxaracaq, üçüncü o repititora müraciət etməyə məcbur qalacaq. Mən hesab edirəm ki, indi əksər dərslik müəllifləri də məhz buna xidmət edirlər. Əgər dərsliklər çətin yazılıbsa, şagird bunu başa düşmürsə, valideyn məcbur olub dərsdən sonra övladını müəllim yanına göndərəcək. Bu zaman da valideynlər əlavə maliyyə itirəcək, şagirdlər də məktəbdə öyrənməli olduqlarını əlavə müəllim yanından öyrənəcəklər. Təəssüflər olsun ki, bu gün dərsliklər yazılarkən ekspertlər dərslik müəllifləri ilə əlbir olub, bu vəsaitlərin dilinin daha da çətinləşdirilməsinə xidmət edirlər. Dünya təcrübəsində isə dərsliklər kifayət qədər sadə yazılır. Mən şagirdlər arasında sorğu keçirmişəm və bəlli olub ki, onların ən nifrət etdiyi fənn tarix və ədəbiyyatdır. Çünki dərsliklər qəsdən çətinləşdirilib, şagird qavraya bilmir. Müəlliflər elə bilir ki, nə qədər çətin və akademik səviyyədə yazsa, o qədər yaxşı müəllifəm. Amma bu, doğru yanaşma deyil. Biz şagirdlərin işini çətinləşdirməməliyik. Bu gün Finlandiya orta məktəblərində şagirdlər  məktəb tərəfindən fənlərin təqdim olunmasından imtina ediblər, fənləri artıq şagirdlər seçirlər. Təhsil nə qədər rahat olsa, şagirdlərin nəticələri də bir o qədər yaxşı olar. Əgər bu cür təhsil yaxşı olsaydı, son illər ərzində şagirdlərin 35 min nəfəri öz ana dilindən “2” qiymət almazdı. Bu, o deməkdir ki, bizim dərsliklər çətindir və şagirdlərə öz ana dilimizi öyrədə bilmirik. Dərsliklərin heç biri nə yaş psixologiyasına, nə kurrikulum standartlarına uyğun deyil. 

- Dərsliklərdə tez-tez səhvlərə, bayağı mətnlərə rast gəlinir. Bunun səbəbi nədir? Niyə dərsliklərin məzmununa nəzarət yoxdur? 

- Hər hansı sinif üzrə dərsliklərin yazılması üçün əvvəlcə Təhsil Nazirliyi tərəfindən tender elan olunur və nəşriyyatlar tenderdə iştirak etmək üçün öz sənədlərini təqdim edirlər. Həmçinin həmin dərsliyin yazılması üçün nəşriyyatlar bir komanda formalaşdırırlar, dərsliklər yazılır. Təhsil Nazirliyi bir neçə mərhələli ekspert qrupu yaradır və bu dərslikləri qiymətləndirib ən yaxşısını seçir. Gördüyünüz kimi Təhsil Nazirliyi bu dərsliklərin yazılmasında birbaşa hər hansı rola malik deyil. Burada çatışmazlıq odur ki, əgər üç nəşriyyat Təhsil Nazirliyinə dərslik təqdim edibsə, bu dərsliklərin 3-ü də pis olsa belə, pislərin içində ən az pis olan seçilir və orta məktəblərə təqdim olunur. Nəticədə sizin də qeyd etdiyiniz kimi bayağı mətnlər dərsliklərə gətirilir. Dərslik haqqında qanunvericiliyə görə bizim zay saydığımız həmin dərslik mütləq şəkildə orta məktəblərdə işləməlidir. Deməli biz artıq  4 nəsli itirmiş olduq. Təəssüflər olsun ki, hal-hazırda dərsliklərin məzmununa nəzarət edən qurum yoxdur. Dünya təcrübəsində alternativ dərsliklərdən istifadə olunur, biz isə bu yanaşma yoxdur. Alternativ dərslik odur ki, hər bir məktəblin pedaqoji şurasının ixtiyarı var ki, dövlətin standartları çərçivəsində yazılmış dərsliklərdən birini özü seçsin. Bu dünyanın ən inkişaf etmiş ölkələrində belədir. Standartlara görə şagird bir ay ərzində bütün fənlərdən tədris alarkən cəmi 10 yeni söz öyrənməlidir, yəni bir dərs ili ərzində 90 yeni öz öyrənməlidir. Amma  bizim şagirdlərimiz birinci sinifdən həm informatika  dərsi keçir, həm də xarici dil. Burada kifayət qədər  yeni sözlər təqdim olunduğuna görə digər fənlərdə bu gözlənilməlidir. Bizim dərsliklərdə fənlərarası əlaqə yoxdur. Tarixdə yazılan fakt ədəbiyyat dərsində inkar olunur. Bunlar vahid mərkəzdən idarə olunmadığına görə dərsliklər arasında əlaqə itib. Yaxşı olardı ki, dərslik yazılması üçün vahid bir idarə yaradılsın, müəlliflər həmin idarədə cəlb olunduqdan sonra ən yaxşı mətnlər seçilsin. Nə qədər ki, dərsliklər nəşriyyatlar tərəfindən yazılacaq, biz ortaya ideal dərslik qoya bilməyəcəyik. 

- Bazar iqtisadiyyatı dövründə müəllimdən 150 manata bir ay mükəmməl  təhsil tələb etmək haqqımız varmı? Həmçinin, müəllimlərin diaqnostik qiymətləndirilməsi gələcək üçün nə vəd edir?

- Sovet dövründə müəllim əmək haqqından başqa bir çox kommunal xərclərdən azad idi. Bu ilə qədər əmək haqqının miqdarı dəyişməsə də müəllimlər həmin güzəştlərdən məhrum olub. İndi kapitalizm dövrüdür və müəllimin maaşı aylıq yaşam xərclərindən çox aşağıdır. Ölkə başçısı 2014-cü ildən etibarən müəllimlərin dərs yükünün və əmək haqqının artırılması ilə bağlı sərəncam verdi. Təhsil Nazirliyi 2014-cü ilin iyun ayında Bakı şəhərində, sonrakı illərdə isə  regionlarda müəllimlərin diaqnostik qiymətləndirilməsini həyata keçirməyə başladı.  Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşında ciddi artım var. Bu gün Bakı şəhərində müəllimlərin 70 faizindən çoxunun əmək haqqı 400 manatdan artıqdır, 15 faizinin əmək haqqı isə 700-800 manatdan çoxdur. Müəllimlərin diaqnostik qiymətləndirilməsi ildən-ilə onların əmək haqqının artmasına təsir göstərəcək. Amma bur prosesdə iştirak edən müəllimlərin nəticələrinə baxsaq görərik ki, imtahanlarda sualların 10 faizinə, yəni iki suala cavab verməyən müəllimlərin sayı 30 faizdən çoxdur. Müəllim öz fənnini bilmirsə, onun əmək haqqı niyə artırılmalıdır. Bu gün bir çox müəllimlər kompüter texnologiyalarından istifadə edə bilmirlər. Şagirdlər internetdən dərsdə verildiyindən daha çox informasiya əldə edirlər, müəllimlərin əksəriyyəti isə bunu bacarmır. Ölkədə olan 1 milyon 400 min şagirdin kompüter texnologiyalarından və sosial şəbəkələrdən istifadə edir. Bu məsələdə şagirdlər müəllimlərdən öndədir. Müəllimlərdə maaşla yanaşı keyfiyyət artımına da önəm verilməlidir. 

TQDK tələbə qəbulunda istifadə olunmuş test modellərini müəllimlər üzərində  tətbiq etməklə bir layihə keçirmişdi. Təsəvvür edin ki, şagirdlərin cavablandırdığı cavabları müəllimlərin 50 faizi doğrulda bilməmişdi. Bu o deməkdir ki, müəllimlər öz tədris etdikləri fənni mükəmməl şəkildə bilmirlər. Yaxşı müəllimlərin əksəriyyəti repititor kimi fəaliyyət göstərirlər. Çünki müəllim maaşı onları qane etmir. Repititorluq qanunsuz iş deyil, gah da deyil. Bu Azərbaycan təhsilinə köməkdir. Bu gün Azərbaycan təhsil tamamilə məhv olmadığına görə repititorlara borcludur. Biz bu gün təhsildə hansısa inkişafdan, müsbət statistikadan danışırıqsa, bu statistikaya görə Təhsil Nazirliyi və TQDK repititor müəllimlərə minnətdar olmalıdır. 

Bu məsələdə problemlər də az deyil. Bəzi müəllimlər şagirdin onun yanına hazırlığa gəlməməsinə görə konflikt də yaradırlar, qiymət də kəsirlər. Bu barədə valideynlər aidiyyatı qurumlara məlumat verməlidirlər və həmin müəllimlər bir də müəllim işləməmək şərtilə vəzifəsindən azad edilməlidir. Diaqnostik imtahanda 10 faizə qədər nəticə göstərə bilməyən müəllimlər də işdən azad edilməlidir və həmin yerlər imtahan yolu ilə müəllimlərin işə qəbul olunmasına yönəlməlidir. Bu il müəllim olmaq üçün 33 min nəfər imtahan verib və onların 3 min nəfəri işə qəbul olunub. Bizim potensial müəllim olan, yüksək bal toplayan 28 min gənc insanımız işlə təmin oluna bilmədi. Yaxşı olar ki, nəticələri zəif olan müəllimlər orta məktəblərdən uzaqlaşdırılsın və onların yerinə yeni gənclik gətirilsin. 

Nərgiz LİFTİYEVA,
Musavat.com,
Fotolar: Məhəmməd TÜRKMƏN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR