İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Polşa Tələbə Parlamenti ilə əməkdaşlıq edəcək - FOTO

966 16.01.2017 12:49 Təhsil A A

Azərbaycan Tələbələr Birliyi və Polşa Respublikası Tələbə Parlamenti arasında əməkdaşlıq sazişi imzalanıb.

Bu barədə Musavat.com-a  Azərbaycan Tələbələr Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Polşanın Lublin şəhərində Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Polşa Respublikası Tələbə Parlamentinin prezidenti Tomasz Tokarski tərəfindən imzalanan sənəd hər iki təşkilat arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. 

Saziş çərçivəsində hər iki təşkilat ali təhsilin hər kəs üçün əlçatan olması, ali təhsildə keyfiyyət və sosial bərabərliyin təminatı kimi məsələlər üzrə əməkdaşlığı genişləndirəcəklər. 

Tərəflər ildə ən azı bir dəfə olmaqla qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, eyni zamanda, Avropa Birliyinin “Erasmus+” proqramı və Avropa Könüllülük Xidməti çərçivəsində də əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib. 

Sazişinin imzalanmasına görə Polşada rəsmi səfərdə olan Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov qurulan əməkdaşlıqla bağlı öz fikirlərini bildirib: “Biz digər ölkələrdən olan milli tələbə birlikləri ilə sıx əməkdaşlığa hər zaman çox böyük önəm vermişik. Polşa Respublikası Tələbə Parlamenti də bizim 2009-cu ildən birgə işlədiyimiz təşkilatlardandır. Hətta, əməkdaşlığımız çərçivəsində 2011-ci ildə Polşanın Varşava və Krakov şəhərlərinə geniş tərkibdə tanışlıq səfərləri də etmişdik. İndi isə əməkdaşlığın yeni mərhələsi ilə bağlı çərçivə sənədini imzaladıq. 

Təbii ki, bu sənəd özündə ümumi müddəaları ehtiva edir. Biz cənab Tomasz Tokarski ilə əməkdaşlığın hansı çərçivədə davam edəcəyinə qərar verdik. Ümid edirəm ki, iki təşkilat arasında qurulan sıx münasibətlər ölkəmizdə tələbə özünüidarəetmə orqanlarının inkişafı, ali təhsildə keyfiyyət və sosial bərabərlik təminatı, habelə, digər sahələr üzrə Polşa təcrübəsini öyrənmək baxımından çox önəmli olacaqdır. Biz Avropa Birliyinin “Erasmus+” proqramı və Avropa Könüllülük Xidmətinin bizə verdiyi geniş imkanlardan yararlanmaq fikrindəyik. Artıq səfərim çərçivəsində cari ildə proqrama hansı layihələrlə müraciət edəcəyimizə qərar verdik. Ümid edirəm, bu layihələrdən də daha çox tələbənin yararlanmaq imkanı olar. Biz bu kimi əməkdaşlıqların bütün xarici ölkələrdə fəaliyyət göstərən milli tələbələr birlikləri ilə qurulmasında maraqlıyıq. Çünki, tələbə birlikləri öz ölkələrində cəmiyyətin müxtəlif dairələrinə təsir imkanı olan təşkilatlardır. Biz də bu vasitəsilə Azərbaycanın həmin ölkələrdə müsbət imicinin formalaşdırılmasında öz töhfəmizi vermək istəyirik. Yəqin yaxın zamanlarda yeni əməkdaşlıqlarla bağlı tələbələrimizi sevindirəcəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR