İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış aşıqlar bir araya gəldi: ”Bu layihə ölkəyə səs salacaq”

1375 30.12.2016 15:14 Mədəniyyət A A
Aşıq Namiq Fərhadoğlunun layihə rəhbəri olduğu “Köklə sazı” aşıq müsabiqəsinə “Lider” televiziyasında start verilib. 

Musavat.com xəbər verir ki, aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi yarışmanın münsif kürsüsündə tanınmış aşıqlar Aşıq Fərhad Hüseynov, Aşıq Zülfiyyə, Aşıq Telli Borçalı,  Aşıq Dəmir Gədəbəyli və Namiq Fərhadoğlu əyləşib. Müsabiqə rəqqasların milli rəqsi ilə başlayıb. Daha sonra aparıcı Lalə Əlimuxtarova  sözü layihə rəhbəri Namiq Fərhadoğluna verib: ““Köklə sazı” layihəsinin ölkəyə səs salacağını bilirəm. Əgər aşıq Telli burdadırsa, layihə maraqlı olacaq. “Lider” telekanalının rəhbərliyi başda olmaqla Lamiyə Ələkbərovaya və telekanalın bütün əməkdaşlarına təşəkkür edirəm. 16 iştirakçının hər birinə uğurlar arzulayıram. Bilirsiniz ki, mən sponsorsuz, öz hesabıma bu layihəni həyata keçirirəm. amalım aşıq sənətini inkişaf etdirmək, gəncləri bu sənətə cəlb etməkdir”. 

İştirakçıların çıxışlarından sonra söz aşıq Fərhad Hüseynova verilib: “Bütün iştirakçılara uğurlar arzulayıram. Hamısı bir-birindən gözəl oxudu. Yalnız sazı kökləməyə düzgün diqqət etsələr, yaxşı olar. İnşallah gələcəkləri parlaq olar”. 

Aşıq Dəmir Gədəbəyli də iştirakçılara uğurlar arzulayıb və favoritinin Ülvi Gədəbəyli olduğunu bildirib.

Aşıq Zülfiyyə isə qeyd edib ki, onu sevindirən iştirakçıların saza müraciət etməsidir: “Məni sevindirən hal odur ki, müsabiqəyə bütün bölgələrdən aşıqlar  gəlib. Mən eşitməmişdim ki, Zərdabdan, Saatlıdan aşıq çıxıb. Hər birinə uğurlar arzulayıram”. 
Aşıq Telli deyib ki, həmkarlarının sözlərinə qoşulur və aşıq sənətinin inkişafına çalışdığı üçün Namiq Fərhadoğluna təşəkkür edir. 

Aşıq Namiq Fərhadoğlu isə ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Mən Mehriban xanıma minnətdaram ki, aşıq sənətinə dəyər verir, onu dünyada tanıdır. Bizim də borcumuz odur ki, sənətimizi inkişaf etdirək. Allah Zəlimxan Yaquba rəhmət eləsin, o sənət üçün çox çalışdı. Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlını da salamlayıram. Onu aşıq sənətinin inkişafında rolu böyükdür. Gənclərə uğurlar arzulayıram”. 
Qeyd edək ki, veriliş hər çərşənbə günü saat 22:00-da efirə gedəcək. Birinci yerə çıxana iştirakçıya avtomobil hədiyyə olunacaq.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR