İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda nələr olur... 68 yaşlı “gənclər şəhəri”ndən reportaj

Bu günlərdə Sumqayıtın salınmasından 68 il keçdi.  Hələ Sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt bu adı indi də daşımağa qadirdir. Son illər şəhərdə onlarca yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Ümumiyyətlə, Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.

Sovet dövründə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Daha sonra yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi və şəhər öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar SSRİ-nin 700 şəhərinə ixrac olunurdu.

Sumqayıt bu gün də inkişafına görə fərqlənir. Şəhərin yaradılmasının 68 illiyi münasibətilə Sumqayıtda təntənəli tədbirlər keçirilir. Mətbuatda tez-tez Sumqayıt şəhərinin inkişafından, orada aparılan abadlıq-quruculuq işlərindən yazılır.

 “Yeni Müsavat” qəzetinin müxbiri də Sumqayıtda görülən işlərlə tanış olmaq və son illərdə hansı işlərin görüldüyünü işıqlandırmaq məqsədilə bu şəhərə baş çəkib.

İlk növbədə Sumqayıtdakı vəziyyəti öyrənmək üçün şəhər sakinləri arasında sorğu keçirdik. Sumqayıtlılar şəhərdə aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını dedilər.

Sumqayıt sakini Sabiq Nəsirov “gənclər şəhəri”ni belə təsvir etdi: “Şəhərimizin 68 illiyi oldu. Bu bizim üçün böyük şərəfdir. Sumqayıt günü-gündən gözəlləşir. Yeni tikililər ucalır, parklar salınır. Dincəlmək üçün hər bir şəraitimiz var. Şəhərimiz havası, gəzməli-görməli yerləri ilə məşhurdur. Son zamanlar şəhərdə xarici turistləri görürük. Bu hər bir sumqayıtlını sevindirir. Bura bizim ikinci Bakımızdır”.

Sumqayıtda aparılan işlərlə də tanış olduq. Öyrəndik ki, şəhərdə bir neçə mühüm layihələr həyata keçirilib.

Image result for Eyvaz Qocayev

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev görülən işlərlə bağlı “Yeni Müsavata” məlumat verdi. O, şəhərdə məcburi köçkünlərə yaradılan şəraitdən danışdı: “Sumqayıtda işğal altında olan ayrı-ayrı rayonlardan 52 mindən çox qaçqın və məcburi köçkün məskunlaşıb. Bizim şəhərdə məcburi köçkünlər üçün salınan şəhərcikdə tikinti işləri sürətlənib.

Bu gün də Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş 2017-ci il 9 mart tarixli müşavirədə bir sıra mühüm problemlərə toxunan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün verdiyi tapşırıq Sumqayıt şəhərində uğurla icra edilir.

Belə ki, çoxmərtəbəli binaların tikilməsi üçün şəhər icra hakimiyyəti tərəfindən 2,8 hektar yer ayrılıb və hazırda həmin ərazidə böyük şəhərcik salınır. Yaşayış binalarının altısı 8, ikisi 14, ikisi isə 15 mərtəbəli olacaq. Bu binalarda, ümumilikdə, 936 mənzil nəzərdə tutulub ki, onlardan da 278-i üç, 520-si iki, 138-i isə birotaqlıdır".

E.Qocayev 3 il ərazində dövlət səviyyəli mühüm layihələrin həyata keçirildiyini vurğuladı: “Bu illər ərazində şəhər əhalisinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, sosial təyinatlı obyektlərin tikintisi və bərpası ilə bağlı xeyli iş görülüb. Sürətlə abadlaşan Sumqayıt bu gün sanki yenidən qurulur. Burada təkcə ötən 3 il ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib. Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi  ilk növbədə  əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Şəhər daxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri mərhələli şəkildə davam edir.

Uzunluğu  4 kilometr olan Koroğlu küçəsi, eləcə də  uzunluğu 1,6 kilometr olan Nizami küçəsi yenidənqurmadan sonra artıq şəhər sakinlərinin  istifadəsinə  verilib. Uzunluğu 9 kilometr olan, uzun illərdən bəri təmir olunmayan  Səməd Vurğun küçəsi  yenidən qurulur. Küçənin  yenidən qurulması təkcə sakinlərin işini deyil, eləcə də bu yolun ətrafında yerləşən kimya müəssisələrinin, zavodların yük və sərnişin daşınmasındakı rahatçılğını xeyli yaxşılaşdıracaq. Bütün bu işlər Şəhər İcra Hakimiyyətinin daxili imkanları hesabına görülür”.

Sumqayıt Bulvarında Bayraq Muzeyinin də inşasında son tamamlanma işləri aparılır. İki mərtəbədən ibarət olacaq muzeyin tikilməsində əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə təkan verməkdir. Binada müasir havalandırma və işıqlandırma sistemi quraşdırılıb. Muzeyin fasad hissəsi aqlay daşlarla üzlənib.

Şəhərdə müşahidələrimiz zamanı onu da öyrəndik ki, Bakı, Mehmandarov, R.Qəhrəmanov, Rustavi, Çerkassi, Həsən Əliyev, 20 Yanvar,  Bədəlbəyli , küçələrində asfaltlanma işləri yekunlaşıb, 1, 5, 8, 9, 11,  17-ci mikrorayonlarda, eləcə də 2, 3, 4 və 14-cü məhəllələrdə məhəllədaxili yollar asfaltlanma işləri aparılıb. Məhəllə və mikrorayonlarda, küçə və prospektlərdə 350 min kvadratmetr sahəyə asfalt örtüyü vurulub. Digər mikrorayon və məhəllələrdə də ardıcıl şəkildə asfalt işləri mərhələli şəkildə  aparılacaq. Şəhərin simasının dəyişməsi, müasir görkəmə salınması şəhər sakinlərində belə bir əminlik yaradır ki, gələcəkdə Sumqayıt da turizm şəhəri kimi məşhur olacaq.

Sumqayıtda gəzərkən binaların dam örtüklərinin dəyişdirildiyini və fasadların üzlənməsi işlərinin aparıldığını müşahidə etdik. Xatırladaq ki, Sumqayıtın mənzil fonduna cəmi 1364 yaşayış binası daxildir. Şəhərdə gedən quruculuq-abadlıq işləri nəticəsində bu günə qədər şəhər üzrə 600-ə  yaxın  binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib.

Görülən bu işlər şəhər əhalisinin də diqqətindədir. Sumqayıt sakinləri arasında sorğu da keçirdik. Şəhər sakinləri Sumqayıtın  artıq perspektivli turizm şəhəri olmağa da iddialı olduğunu bildirdilər: “Gördüyünüz kimi şəhərimizdə tikinti-quruculuq, abadlıq işləri sürətlə aparılır. Ölkəmizin sənaye mərkəzlərindən biri olan Sumqayıtın Xəzərin sahilində, Bakının qonşuluğunda olması, şəhərin yenidən qurulması, yeni dənizkənarı bulvarın salınması, infrastrukturun yenilənməsi, parkların salınması bu şəhərin yaxın gələcəkdə turizm sahəsində də öz yerini tutacağından xəbər verir. Artıq Sumqayıt Bulvarının səsi sorağı dünyanın böyük və məşhur şəhərlərindən gəlir. Sumqayıt Bulvarı və dənizkənarı parkı öz böyüklüyü ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması ilə də fərqlənir.  Odur ki, vaxtı ilə fəhlə şəhəri adı ilə məşhur olan Sumqayıt artıq turizm şəhəri statusu almağa iddialıdır.

Qeyd edək ki, Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb. Mükafatı təsisatın baş katibi Rikardo Lopes oktyabrın 16-da qurumun Paris “Meridien Etoile” otelində keçirilən forumunda təqdim edib.

Forumda 5 qitədən 150 nümayəndə iştirak edib. 32 ölkənin təqdimatından 22-si mükafata layiq görülüb ki, bunlardan biri də Sumqayıt Bulvarı olub. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və Bulvar idarəsinin rəisi Yavər Vəliyev təqdimat mərasimində iştirak edib.

Məğrur SALMANOV,
Fotolar və videosüjet müəllifindir

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Dekabr 2017

18 Dekabr 2017

BÜTÜN XƏBƏRLƏR