İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin sevdiyi, Kaqanoviçin nifrət etdiyi, Xruşovun həsəd apardığı katib – şən Jdanovun acı sonu

5608 13.12.2018 15:05 Maraqlı A A

O, həmişə fərqlənib, populyarlığı, bir az da ərköyünlüyü ilə seçilib. Əslində onun nüfuzu, siyasi çəkisi bir çox hallarda süni şəkildə şişirdilib. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Çünki İosif Stalinin Andrey Jdanova tam fərqli münasibəti olub.

1896-cı ildə Donetskdə anadan olan Jdanov Moskvada ruhani akademiyasında təhsil alıb. 1916-cı ildə 20 yaşında könüllü olaraq hərbi xidmətə yollanıb. Elə bu ərəfədə də Tiflisdə gizir hərbi məktəbinin müdavimi olub.

Andrey Jdanov 1918-ci ildən partiya sıralarına daxil olub və fəaliyyətini partiya orqanlarına bağlayıb. Gənc olmasına baxmayaraq siyasi çevikliyi ilə diqqət çəkib. O cümlədən Stalinin də diqqətindən yayınmayıb. Müxtəlif əyalətlərdə yerli partiya təşkilatlarına rəhbərlik edən Jdanov ideoloji sahədə apardığı işlərlə daha çox yadda qalıb.

Bir müddət sonra Jdanov bacarıqlı kadr kimi Moskvaya dəvət alıb və bu Stalinin təşəbbüsü ilə olub. Ona Mərkəzi Komitənin katibi vəzifəsi etibar edilib.

Hansı sahəyə cavabdeh olmasından asılı olmayaraq Jdanov birbaşa Stalinin məxfi tapşırıqlarını icra edib. Aralarında gizli sövdələşmələr də olub və Jdanovun bu işlərdə mükəmməlliyi Stalini tam qane edib.

Sergey Kirovun ölümündən sonra Leninqrad kimi strateji və siyasi əhəmiyyətli bir vilayətə etibarlı şəxsin rəhbərliyi məsələsi ortaya çıxanda Stalin bu vəzifəyə Jdanovu təyin edib.

Müharibə illərində Leninqradın mühasirəsi dövrü Jdanovun siyasi populyarlığını bir az da artırıb. Hətta onun bu mühasirə zamanı fəaliyyəti şişirdilərək qəhrəmanlıq səviyyəsinə çatdırılıb. Ancaq tarixçilər bu məsələdə olan yanlışlıqları kifayət qədər sübut və dəlillərlə üzə çıxara biliblər. Belə ki, tarixçilərin qənaətinə görə, həmin ağır dövrdə Leninqrada vilayət Partiya Komitəsinin ikinci katibi Kuznetsov başçılıq edib. Şahidlərin və araşdırmaçıların fikrinə görə, Leninqradda açlıq hökm sürəndə Jdanov şəhər əhalisi ilə o ağır günləri bölüşməkdən kənar durub. Ona xüsusi olaraq böyük torpaqdan bütün ərzaq məhsulları çatdırılıb. Məhz bu ərəfədə Jdanov aclıqdan əziyyət çəkən insanların arasında görünməyib, hətta bir dəfə də olsun yerli radio ilə çıxış da etməyib. Sözsüz ki, bunlardan Stalin də xabərdar olub. Amma rəhbər heç bir tədbir görməyib, çünki o, şimal paytaxtındakı “sağ əli”ni itirmək istəməyib.

1945-ci ildə Andrey Jdanov səhhətində yaranmış problemlərlə bağlı Moskvaya qayıdıb. Kreml xəstəxanasında qısa müddətli müalicədən sonra o, Mərkəzi Komitədə ideologiya və mədəniyyət sahəsinə nəzarət edib. Bu dövr SSRİ-də ölkə mədəniyyətinin və incəsənətinin baltalandığı dövr kimi də qiymətləndirilib.

Jdanov həmin ərəfədə mətbuat sahəsində yeniliklərə imza atıb. Məhz onun təşəbbüsü ilə partiya ideologiyasını təbliğ edən qəzet və jurnalların sayı artıb.

Andrey Jdanov repressiya maşınına təkan verənlərin siyahısında öncüllərdən biri sayılıb. Onun bölgələrə səfəri kütləvi həbslər, repressiyalarla müşayiət olunub. Təkcə müharibəyə qədər güllələnməyə məhkum olunan insanların adları yazılan 176 siyahıda Jdanovun da imzası yer alıb.

Andrey Jdanov şən, ünsiyyətcil, mükəmməl nitq qabiliyyətinə malik olması ilə digər Kreml məmurlarından fərqlənib. Qarmon və royalı peşəkar musiqiçilər qədər məharətlə ifa etməyi bacaran Jdanov Stalinin təşəbbüsü ilə keçirilən ziyafətlərdə məclisi şənləndirmək, rəhbərin könlünü xoş etmək kimi missiyasını da daşıyıb.

Andrey Jdanovla eyni tarixdə, 22 mart 1939-cu ildə Siyasi Büroya üzv seçilən Nikita Xruşov öz xatirələrində həmkarı haqqında yazıb:

“Jdanov şən adam idi. O, Stalinin təşkil etdiyi məclislərdə möhkəm içirdi və sonra sevimli qarmonunu götürürdü. Həm qarmonda, həm də royalda gözəl ifa edirdi və yaxşı oxuyurdu. Bu hamımızın xoşuna gəlirdi. Kaqonoviç ona ad da qoymuşdu, “qarmonçalan”. Mən Jdanovun bu talantında heç bir qəbahət görmürdüm. Çünki mən özüm də gəncliyimdə qarmon çalmağı öyrənməyə cəhd göstərmişəm. Ancaq təəssüf ki, bu məndə alınmayıb. Biz eyni gündə Siyasi Büroya üzv seçilmişik. Jdanov büro üzvlərinin arasında peyda olan gündən hamı hiss edirdi ki, Stalin ona qarşı çox diqqətlidir. Jdanovla münasibətləri çox da isti olmayan Kaqanoviç isə dilini sakit saxlamırdı, “burada iş qabiliyyəti tələb olunmur, şirin dilli olmaq, yaxşı lətifə danışmaq, çastuşka oxumaqla da yaxşı yaşamaq, yaxşı işçi olmaq olar” deyirdi. Mən Jdanovun gördüyü işlərlə daha yaxından tanış olduqca Kaqanoviçin fikirləri ilə razılaşırdım...”

Beləliklə, Jdanov “sahibi”nə hərtərəfli xidmət etməklə 1946-cı ilin martın 12-də SSRİ-də ən yüksək vəzifəyə SSRİ Ali Soveti Rəyasət heyətinin sədri kürsüsünə sahib olub.

Səhhətində ciddi problemlər olan Andrey Jdanov mütəmadi olaraq müalicələr alsa da həkimlər onu xilas edə bilməyiblər. Valda ətrafında məxsusi olaraq Stalin üçün tikilmiş istirahət evində müalicə alan Jdanov 1948-ci ilin avqustun 28-də elə həmin istirahət evində də vəfat edib.

Jdanovun vəfatı Stalinə olduqca pis təsir edib. Stalinin bağ evinin komendantı Orlov öz xatirələrində həmin günü belə əks etdirib:
“Jdanovun ölümü Stalinə çox pis təsir etmişdi. O, hönkürərək ağlayırdı və az qala qışqırıqla “mən qoca, xəstə sağ qalmışam o isə ölüb, gərək mən öləydim” deyirdi...”

Qeyd edək ki, Jdanovun ölümündən bir il sonra, 1949-cu ildə Stalinin təşəbbüsü ilə Jdanovun oğlu Yuri Jdanov Stalinin qızı Svetlana ilə ailə həyatı qurublar. Ailə quran cütlüyün nikahı 1952-ci ildə pozulub.

52 yaşında vəfat edən Andrey Jdanov Moskvada, Qırmızı meydanda Kreml divarları qarşısında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR