İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinin bir salamına görə Bağırovun baş direktor təyin etdiyi Nadir Babayev

7012 11.09.2018 12:11 Son xəbər A A

Stalin 1943-cü ildə Tehran konfransında iştirak etmək üçün Bakıya qədər qatarla, Bakıdan Tehrana isə təyyarə ilə uçub. 

Bakıda İosif Stalini Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov qarşılayıb. Xidməti maşına əyləşəndə Stalin Bakını gəzmək istədiyini bildirib. Mühafizəçilərin müşayiəti ilə Stalin və Bağırovun əyləşdiyi avtomobil Bakının küçələrini dolaşıb.

Bayıl istiqamətində Stalin türməni göstərib.

- Yoldaş Stalin, illər ötsə də unutmamısınız

- Türmə həyatı unudulmur, yoldaş Bağırov.

Sonra Stalin Azərbaycandakı vəziyyətlə maraqlanıb. Bağırov qısa və konkret respublikadakı vəziyyət haqqında Stalini məlumatlandırıb. Dəniz sahilində Stalin maşından düşüb, sahildən Bakının ümumi mənzərəsini seyr edib:

- Bakı çox dəyişib, şəhər gözəlləşib...

Yenidən avtomobilə minəndə Stalin Bağırovdan bir azərbaycanlı haqqında maraqlanıb:

- Mən Suraxanıda işləyəndə neft buruqlarında bir azərbaycanlı çalışırdı, 1907-ci ildə. Çox təmiz, vicdanlı, insanpərvər və etibarlı adam, həm də yaxşı neftçi idi. Adı Nadir Babayevdir. Siz onu tanımırsınız?

- Xeyr, yoldaş Stalin. Amma dərhal həmin şəxsin tapılmasına göstəriş verəcəm.

- Axtarın onu, maraqlanın vəziyyəti necədir, nə işlə məşğul olur? Və mənim şəxsi salamlarımı çatdırın.

Sonda Stalinlə Bağırovun yarım saatlıq məxfi söhbəti olub.

Bağırov Stalini Tehrana yola saldıqdan sonra Nadir Babayevin təcili axtarışı üçün göstəriş verib. Həmin vaxt o, Balaxanıda neft buruqlarında usta işləyirmiş. Nadir Babayevə məlumat verilib ki, Bağırovun qəbuluna getməlidir. Həmin dövrdə belə qəbulların əsasən heç də xoşməramlı olmadığını hamı yaxşı dərk edib. Nadir Babayev də bu xəbəri alanda özlüyündə öz təmizliyini, dövlətə xəyanət etmədiyini, əməllərində heç bir cinayət olmadığını düşünsə də, böyük həyəcan keçirib.

Səhərisi gün Bağırova məruzə edilib ki, “qonaq” qəbuldadır. Nadir Babayevi qəbul edən Bağırov kabinetdə onun qarşısına çıxıb, əl uzadıb:

- Hə, həmin Nadir Babayev sizsiniz? Əyləşin.

Heç nə anlamayan buruq ustası göstərilən stulda əyləşib həyəcanla sonluğu gözləyib.

- Babayev, bilirsiniz sizi niyə çağırtdırmışam?

- Xeyr, yoldaş Bağırov

- Sizinlə şəxsən İosif Stalin maraqlanır, illər keçsə də o sizin zəhmətkeş, etibarlı bir insan olduğunuzu unutmayıb. Siz əsl kommunistsiniz. Yoldaş Stalin şəxsi salamlarını sizə çatdırmağı mənə həvalə edib.

Sonra Bağırov Nadir Babayevin işləri ilə maraqlanıb və son qərarını verib:

- Mən bu gündən sizi Balaxanıdakı bütün neft yataqlarının baş direktoru vəzifəsinə təyin edirəm...

İlham Cəmiloğlu, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR