İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial evlər artacaq - detallar

2661 01.12.2016 17:05 Sosial A A

Ölkədə sosial təyinatlı mənzillərin sayı artırılacaq. Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” layihəsində əks olunub. Ekspertlər detallara diqqət çəkərək, məsələnin nə dərəcədə həllini tapacağına aydınlıq gətirməyə çalışırlar. 

Layihədə qeyd olunur ki, əhalinin, o cümlədən məcburi köçkünlərin sosial təminat sistemi daha da təkmilləşdiriləcək, sosial xidmət göstərən dövlət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, sosial xidmətlərin növləri və şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə fəaliyyət göstərən qeyri-dövlət və qeyri-kommersiya təşkilatları inkişaf etdiriləcək. Sosial təyinatlı mənzillərin, evlərin sayı artırılacaq, yaşayış üçün təhlükəli obyektlərdə məskunlaşmış məcburi köçkünlərin köçürülməsi davam etdiriləcək və əhalinin həssas qruplarının bu mənzillərdə yaşaması üçün hüquqi zəmin yaradılacaq. (Trend)

Ekspert Rəşad Əliyev sosial mənzillərlə bağlı bildirib ki, mənzilin güzəştlə əldə edilməsi üçün elektron qaydada “Elektron hökumət” portalında olan “Güzəştli mənzil” elektron sistemi vasitəsilə edilir. Sistem 01 may 2017 tarixdən tətbiq ediləcək. Mənzilləri güzəştli ipoteka kreditini (Azərbaycan İpoteka Fondu ASC-nin verdiyi kreditlər) almaq hüququ olan bütün şəxslər ala biləcəklər. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci maddəsində bu şəxlərin siyahısı verilib. Onun sözlərinə görə, alıcının öz vəsaiti hesabına və ipoteka krediti ilə mənzili əldə etmək olar. İpoteka kreditləri Azərbaycan İpoteka Fondunun xətti ilə mövcud olan agent bankları tərəfindən veriləcək. Həmin ipoteka kreditlərinin verilməsi şərtləti güzəştli ipoteka kreditlərində olduğu kimi olacaq. Ancaq ipoteka krediti üzrə ilkin ödəniş 10 faiz təşkil edəcək. 

Ekspert sosial evlərin qiymətlərinin necə müəyyən ediləcəyinə də diqqət çəkib: “Mənzillərin qiyməti MİDA MMC-nin Müşahidə Şurası tərəfindən müəyyən ediləcək. Qiymət müəyyən edildikdə mənzilin qiyməti onun bazar qiymətindən aşağı səviyyədə müəyyən ediləcək. Ehtimal etmək olar ki, bu səviyyənin nə qədər aşağı olacağı mənzilin maya dəyəri ilə bazar dəyəri arasında olan intervalda olacaq. Bazar qiyməti İpoteka Fondunun hazırda istifadə etdiyi meyarlar əsasında müəyyən olunacaq”. 

O, həmçinin qeyd edib ki, mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə veriləcək. Mənzillər tikilən bina üzrə işlərin 30 faizi tamamlandıqdan sonra onların satışı haqda elan verilə bilər. Bu barədə KİV-də və müvafiq mənbələrdə satışa ən azı 30 gün qalmış elanlar verilməlidir. Alınacaq mənzildən istifadəyə məhdudiyyətlər də var. Həmin mənzil 3 il ərzində nə satıla, nə də kirayə verilə bilər. 

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, gələn ildən sosial mənzillərə sahib olmaq üçün müraciətlər başlanıla bilər: “Azərbaycan Respublikası Prezidentinin “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanı ilə ölkəmizdə gələn ilin mayın 1-dək “güzəştli mənzil” sistemi yaradılacaq. Bu fərman mənzil probleminin həllində yeni bir mərhələ kimi qiymətləndirilir. Çünki, sənəd artıq gələn ildən sosial mənzillərə müraciətlərin əlçatanlığını təmin etməklə yanaşı, eyni zamanda elektron proseduraların tətbiqini nəzərdə tutur”.

Ekspertin sözlərinə görə, fərman “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılmasını nəzərdə tutur. Bu o deməkdir ki, vətəndaşlar elektron portal vasitəsi ilə güzəştli mənzillərə müraciətə çıxış imkanı əldə edəcəklər: “İkincisi, sistemə sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı və şərtlər daxil ediləcək. Bu isə o deməkdir ki, sosial mənzil almaq istəyən şəxs sistemə daxil olaraq hansı sənədələrin tələb edilməsi, şərtlər o cümlədən otaqların sayından asılı olaraq mənzilin qiyməti və digər məlumatlar ilə tanış ola biləcəklər. Üçüncüsü, bu sistem mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alaraq “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərəcək. Bu zaman vətəndaş müraciət etdikdən sonra onun müraciəti güzəştli mənzil inşaatına məsul olan qurumla bölüşdürüləcək. Dördüncüsü, sosial mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və müraciətçinin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatları və o cümlədən şəxsin nikah və ya nikahın pozulması haqqında şəhadətnaməsi üzrə məlumatları qeydə alınacaq. Beşincisi, bu məlumatların vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılacaq və bu da şəffaflıq baxımdan olduqca vacibdir. Altıncısı, cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılacaq. Bu müraciətçiyə imkan verəcək ki, öz müraicət ilə bağlı prosesi birbaşa izləyə bilsin. Yeddincisi, fərman güzəştli mənzilləri ipoteka və xüsusən də sosial ipoteka vasitəsi ilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzilin üç il müddətində icarəyə və ya kirayəyə verilməsinə və həmin müddətdə özgəninkiləşdirilməsinə məhdudiyyət tətbiq ediləcək”. 

Qeyd edək ki, güzəştli mənzillər Bakıda Yasamal rayonunda olacaq. Eyni zamanda, digər şəhər və rayonlarda da mərhələli şəkildə mənzillər inşa ediləcək. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Təbii ki, 3 otaqlı mənzil üçün ödəniş aylıq 300 manatdan az olmasına çalışılır. 2 və 1 otaqlı mənzillər üçün aylıq ödəniş müvafiq olaraq aşağı olacaq və aylıq ödənişin 200 manatdan az olacağı gözlənilir. İlk il 2 min mənzil istifadəyə veriləcək, daha sonra isə hər il 3 min mənzilin vətəndaşlara təklif olunması hədəflənir. Güzəştli mənzillər ümumi illik mənzil tələbatının 10 faizini təşkil edəcək. Mənzillərin sahəsi ekonom olacaq. Gözlənilir ki, 3 otaqlı mənzillərin sahəsi təxminən 70, 2 otaqlılar isə 45 kvadrat metr olacaq. Bütövlükdə, yeni sistem mənzili olmayan amma güzəştli şərtlər ilə aylıq ödəniş etmək imkanı olanları ev sahibi edə biləcək.

Röya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR