İnsanlara hürriyət, millətlərə istiqlal!

Qumardan ölümə doğru uzanan yol: 19 gündə 19 intihar...

3952 19.01.2017 20:37 Sosial A A
2017-ci ilin arxada qoyduğumuz günləri ərzində ölkədə intihar edənlərin statistikası hər kəsi dəhşətə gətirir. Məlum olub ki, ayın birinci yarısında 19 nəfər intihar, 6 nəfər isə intihara cəhd edib.

Bu ilin ilk rəsmi intihar hadisəsi Hacıqabulda Yeni il axşamı qeydə alınıb. Hadisə rayonun Nəvahi stansiyası adlanan ərazisindəki restoranlardan birinin yaxınlığında baş qeydə alınıb. 1979-cu il təvəllüdlü yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. 

Nədənsə intiharlar daha çox bölgələrdə qeydə alınır. Hacıqabulda 1966-cı il təvəllüdlü Zöhrə Məmmədova, Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Coşqun Bəşirov, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Murad Əliyev, Şəmkridə 1977-ci il təvəllüdlü Maisə Musayeva, Qubada 1974-cü il təvəllüdlü Eldar Eldarov, Gəncədə 1955-ci il təvəllüdlü Validə Abdullayeva, Biləsuvarda 1985-ci il təvəllüdlü Elşən Nəciyev, Zaqatalada 1965-ci il təvəllüdlü Eldar Ramazanov müxtəlif üsullarla intihar ediblər.

Bakıda isə son günlər ərzində 27 yaşlı Natiq Müslümov, 53 yaşlı Anatoli Mehdiyev, 1958-ci il təvəllüdlü İradə Musayeva, 1980-ci il təvəllüdlü Ramidə Bağırova, 40 yaşlı Leyla İsmayılova, 1984-cü il təvəllüdlü Vaqif Əsədov, Şakir Cavadov, 1969-cu il təvəllüdlü Azər Süleymanov da öz canlarına qıyanların sırasındadırlar.

Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində bir nəfər məhbus intihar edib. Orada cəza çəkən 1984-cü il təvəllüdlü Mahir Aslanov müəssisənin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

2017-ci ilin ilk iki həftəsində intihar edərək həyatına son qoymaq istəyən şəxslərin bəziləri xilas edilib. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektində yerləşən 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

39 yaşlı A.Q bir neçə dərman həbi, 1996-cı il təvəllüdlü Sevər Qasımzadə, 1972-ci il təvəllüdlü Səbinə Mikayılova və 1979-cu il təvəllüdlü Vasif Kərimov sirkə turşusu içərək intihara cəhd edib. Eyni zamanda, 1943-cü il təvəllüdlü Qəndalı Məlikov intihar etmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Lakin həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Yanvarın 15-də Salyan rayonu, Yenikənd sakini, 34 yaşlı Sitarə Rzayeva sirkə turşusu içərək özünə qəsd etmək istəyib. Bundan xəbər tutan doğmaları onu dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. 

Yanvarın 16-ı isə Bakıda 25 yaşlı kişi özünü asaraq öldürüb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Kürdəxanı qəsəbəsi, yeni yaşayış sahəsində yaşayan 1992-ci il təvəllüdlü Fərrux Qəhrəmanlı özünü yaşadığı evin tavanından iplə asaraq intihar edib. F.Qəhrəmanlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.

Bu dəhşətli statistika ağıllarda sual yaradır - İnsanlar qəfil şəkildə niyə intihar edirlər? Məlumata görə, dünyada hər 40 saniyədən bir insan intihar edərək ölür. Hər 3 saniyədən bir isə kimsə  intihara cəhd edir. 

Baş verən hadisələrdə çox zaman ailə üzvləri intiharın əsl səbəbini gizlətməyə çalışırlar. Çünki intihar hadisələri çox zaman oxşar səbəblərdən baş verir. Məsələn, ailə basqısı, cəmiyyətdə yer tapmamaq, ətrafdakı insanlar arasında utanacaq bir davranış, zorakılıq, qarşılıqsız sevgi və problemlər və qumar...

Sonuncu səbəbə görə intihar edənlərin sayı daha çox təşkil edir. Məsələn, qumar kimi xəstəliyə tutulan bir insanın sonda başına faciə gəlməsi qaçılmazdır. Əgər həmin şəxs bu zillətdən vaxtında xilas ola bilməsə işin sonu ürəkaçan olmur.

Borclu olduğu pulu ödəyə bilmədiyi üçün oğurluq edir və həbsə düşür. Ailə öz övladının borcunu ödəmək üçün olan-qalan bircə evini satır, pulu ilə qumar borcu ödəyir. Beləcə bir ailə çökmüş duruma düşür. Bəzən isə özünü çıxılmaz halda hiss edən xəstə, intihara əl atır. 

Mərc oyunlarına aludə olanları psixoloqlar xəstə adlandırırlar. Çünki bu narkotik kimi alışqanlıq yaradır. Pul hərisliyi, "İtirdiyimi geri qaytarım" düşüncəsi artıq xəstəliyin ilk əlamətləri sayılır. Sonra isə iş daha da qəlizləşir. 

İşləyən şəxs əvvəlcə işdən sonra mərc oynamağa gedir. Bir müddət keçəndən sonra isə tamamən iş və çevrəsindən uzaqlaşır, ancaq mərci düşünür. Qumarda ancaq birinci şəxsin qazandığını nəzərə alsaq, getdikcə müflisləşən şəxs borc bataqlığına sürüklənir. Dostlardan, tanışlardan borc pullar alır. Həmin pulları qumarda uduzduğu üçün dostlarının üzünə baxa bilmir, onlardan uzaqlaşır. 

Sonra isə satmaq üçün bir şeylər axtarır. Şəxsi əşyalarını satır. Sonra isə ailəsindən pul almağa başlayır. Bu pul da verilməyəndə ailəsindən oğurluq edir. Bütün bunlar qumar xəstəsi üzərində həm də psixoloji basqı yaradır. Ən sonda isə uduzduğu pulların miqdarı artmağa başlayır. 

Məsələn, 20 min manat borcu olan şəxsin başına qumar şəbəkəsi müxtəlif oyunlar açır. Borc gecikdiyi üçün ondan 2-3 dəfə daha çox pul tələb edirlər. Heç cür ödəniş edə bilməyən şəxs, bir anlıq düşünür ki, hər şeydən əli üzülüb, hamı ondan nifrət edir və çarəni intihar etməkdə görür. 

Bu səbəbdən də dünya üzrə qumar xəstəliyi demək olar ki, narkotiklə bir tutulur. İkisinin də sonu ölümdür. 

Türkmən,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR