İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafa tasının yarısı olmayan Qarabağ qazisi: "Bizi adam hesab etmirlər" - FOTOLAR

3179 19.04.2015 16:11 Sosial A A

Qarabağ müharibəsində öz sağlamlığını itirmiş xeyli qazimiz hazırda ciddi problemlərlə üz-üzədir. Müharibə veteranlarının böyük hissəsi üzləşdikləri sosial problemlərin öhdəsindən gələ bilmirlər. Buna da ən böyük səbəb maddi imkansızlıqdır. 

Qazilərin bəziləri dövlətdən heç bir müavinət ala bilmirlər. Bəziləri isə müavinət alsalar da, bu, onlara kifayət etmir. 

Nəzərə alaq ki, qazilərin pensiya və müavinətləri 185 manat civarındadır. Birinci qrup əlillər isə 260-280 manat müavinət alırlar. Qarabağ müharibəsi veteranları bununla normal yaşaya bilməzlər.

Musavat.com olaraq, eyni problemləri yaşayan, döyüşlərdə iştirak edib, indi isə ağır şəraitdə yaşayan qazilərimizin problemlərini işıqlandırmaq qərarına gəldik. Bu dəfəki yazımızın qəhrəmanı Mehman İsmayılovdur.

M.İsmayılovla başqa bir reportajımız zamanı tanış olmuşdum. Onun döyüşlərdə göstərdiyi şücayəti və indiki yaşayış durumu haqda öyrəndikdən sonra bu haqda yazmağa qərar verdim. 

M.İsmayılov Ağdam rayonunun sakinidir. Qarabağ döyüşlərində iştirak edib. Və dəfələrlə yaralanmasına baxmayaraq, qəhrəmancasına döyüşüb. Hazırda isə Binəqədi rayonu, 4 saylı fəhlə yataqxanasında yaşayır və iki övladı var.


Evinə qonaq gedirik və söhbətimizə başlayırıq. M.İsmayılov deyir ki, uzun illərdir, bu köhnə və artıq yararsız hala düşmüş yataqxanada yaşayır: "Mənim evlənməli oğlum, gəlin köçəsi qızım var. Birinci qrup Qarabağ əliliyəm və yataqxanada birotaqlı mənzildə qalıram. Dəfələrlə müraciətlər ünvanlamışam, amma baxan yoxdur. Ya gözləyin deyirlər, ya da heç cavab vermirlər. 1994-cü ildən bu fəhlə yataqxanasında qalırıq. Bir dəfə də qapımı döyüb, halımı soruşan olmayıb. Şikayət məktubları isə o qədər çoxdur ki, otaqda onları qoymağa yer tapmıram.

Bədənimin 27 yerində güllə və qəlpə yarası var. Müxtəlif rayonlarımızda, kəndlərimizdə düşmənlə savaşmışam. Bu vaxta kimi xatırlayıram. Şuşa və Xankəndinə gedən yolda 19-cu post deyilən yerdə qolumdan yaralanmışdım. Döyüş yoldaşlarım gülləni qolumdan dişləri ilə çıxarmışdılar".


"Hazırda qafa tasımın sol hissəsi yoxdur"

M.İsmayılovdan başındakı yara haqqında soruşuruq: "Bu yara mənə Seyidlidən qalan xatirədir. Döyüş zamanı başımdan qəlpə yarası aldım. Hazırda qafa tasımın sol hissəsi yoxdur. Sadəcə, dəri olduğu üçün beynimin döyüntüsü görünür. Bu yaranı isə (sinəsindəki yara izlərini göstərir- red) Xocalı istiqamətində gedən döyüşlərdə almışam. Sinəmdəki izlər açıq-aşkar görünür. Qollarımda da yara izlərim var". 


"Müalicəm üçün götürdüyüm krediti ödəyirəm"


M.İsmayılov ciddi maddi sıxıntılar içindədir: "Aldığım müavinətin yarısından çoxunu banka ödəyirəm. Yoldaşım da xəstədir. 3 dəfə ağır əməliyyat keçirib, sağ ayağında metal mil var. Özüm də məlum məsələdir. Qafa tasının yarısı olmayan, bədənində qəlbə, güllə izləri olan bir adam necə ola bilər? Bankdan 5000 manat kredit götürmüşəm. Həmin pulla yoldaşım və mən İrana müalicə almağa getdik. İndi həmin krediti ödəyirik. 

Aylıq 300 manata yaxın müavinət alıram. Onun cəmi 130 manatı mənə qalır. Həmin pulla dolanırıq. Bu boyda ailə 130 manatla bir ay keçinməlidir. Dərmanlarımın pullarını güclə verirəm. Müalicəmə pul tapmıram. Dövlətin mənə verdiyi müavinətlə nəinki 4 nəfərlik ailə ilə, hətta sağlam və tək yaşasam belə, dolanmaq çətin olar”.


"7 erməni texnikasını vuran qardaşıma veteran vəsiqəsini pulla almışıq"


M.İsmayılov etdiyi şikayət və müraciətlərin heç bir faydasının olmadığını deyir: "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynova dəfələrlə müraciət ünvanlamışam. Faydası yoxdur. O qədər çox şikayət etmişəm ki, artıq bezmişəm. Məktubların böyük hissəsini yandırmışam. Heç bir şeyə faydası yoxdur. Niyə saxlayım? Ümumiyyətlə, qazilərə diqqət və qayğı yoxdur. Bizi adam hesab etmirlər. Qardaşım Əjdər İsmayılov Qarabağ müharibəsində 7 erməni texnikasını vurub. Bunun sənədləri və sübutları məndə var. Buna baxmayaraq, hazırda kirayədə qalır. Qazandığı pulla ancaq kirayəsini ödəyir və ailəsini saxlamağa çalışır. Heç bir ad verilməyib. Müraciətlərinə də baxan yoxdur. Qardaşım üçün veteran sənədini belə, pulla almışıq”. 

- 7 texnika vuran, döyüşən qardaşınıza veteran vəsiqəsini pulla almısınız?

- Bəli... Axı, bura Azərbaycandır. 


M.İsmayılov onu da bildirdi ki, onlara veriləsi olan evləri satırlar: "Qaçqın və müharibə veteranları üçün binalar, evlər tikilib. Amma çoxusu satılır və artıq satılıb. Əlimdə elan kağızları da var. Evləri pulsuz verməlidirlər, amma satırlar. Sanki biz o qədər çox müavinət alırıq ki, ev almağa da pulumuz var. Amma istəmirik. Yataqxanada qalırıq".


M.İsmayılovun sözlərinə görə, onun tək istəyi normal bir evlə təmin edilməkdir: "Mənim tək istəyim var. Normal bir mənzillə bizi təmin etsinlər. Mənim bu günüm var, sabahım yoxdur. Bədənində bu qədər yara olan insan nə qədər yaşa bilər? Bir insan maksimum nə qədər qan itirə bilərsə, mən ondan 3 dəfə çox qan itirmişəm. Dəfələrlə yaralanmışam. Mən öləndən sonra ailəmi evdən çıxaracaqlar. Ona görə də, sənədlə ev istəyirəm ki, mən öldükdən sonra gözüm arxada qalmasın. Bilim ki, ailəm, balalarım çöldə qalmayıblar, evləri var".

Məhəmməd TÜRKMƏN,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR