İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyvansevərlər arasında QALMAQAL: Yelena Semakina ittihamları təkzib edir - FOTOLAR

1171 15.01.2017 14:58 Sosial A A
Bir neçə gün öncə Bakıda sahibsiz itlərin sığınacağı ilə bağlı redaksiyamıza ünvanlanan şikayəti işıqlandırmışdıq.

Şikayət edən heyvansevər Lalə Məmmədzadə bildirmişdi ki, həmin sığınacaqda heyvanlar acınacaqlı vəziyyətdə yaşayır: “Ərazidə itlərin həyatı üçün təhlükəli olan virus yayılıb, antisanitar vəziyyət hökm sürür. Könüllülərin və yardımsevərlərin etdiyi maddi yardımlar isə sahibsiz itlərə baxan Yelena Semakina tərəfindən mənimsənilir”. 

Bu məqalə yayımlandıqdan sonra yazıda adı çəkilən, ittiham olunan Yelena Semakina da redaksiyamıza üz tutdu. Onun da mövqeyini işıqlandırmağı özümüzə borc bildik. 

Qeyd edək ki, Yelena Semakina Bakının “Ağ şəhər” adlanan hissəsində boş bir ərazidə yerləşən it sığınacağına könüllü olaraq gedib-gəlir, itləri bəsləyir. 

Redaksiyamıza müraciət edən Y.Semakina Lalə Məmməzadənin səsləndirdiyi fikirləri özünə qarşı böhtan adlandırıb: “İlk dəfə mən o ərazidə yaşayan itlərə yardıma getmişəm. O vaxta qədər buraya gətirilən itləri ya öldürür, ya da yandırırdılar. Buranı təsadüfən tapdım. Mənim itimi  öldürmüşdülər, sonra buradakı itlərdən xəbərdar oldum. Sonra mən oranın rəhbərliyi ilə danışdım və bildirdim ki, bu itlərə qulluq edəcəyəm. O gündən hər gün onlara yemək aparıram. Oranın şəraitini düzəltməyə çalışıram. İki ildən çoxdur ki, mən hər gün gedib itlərin yerini təmizləyirəm, onlara yemək aparıram, xəstə itlərə həkim çağırıram. Düzdür, orada əvvəl antisanitariya var idi. Çünki mən tək idim, başqa könüllü yox idi. Sonra mən Sanitar Epidemiologiya Stansiyasının əməkdaşlarını çağırdım və biz birlikdə oranı təmizlədik. Bir daha vurğulayıram ki, mən oranın rəsmi işçisi deyiləm. Mən könüllüyəm və heç kimə borcum yoxdur”. 

Yelena Semakina könüllülərin ona qoşulmasına heç zaman etiraz etmədiyini də bildirib: “Lalə Məmmədzadə deyir ki, mən oraya başqa könüllüləri buraxmaq istəmirəm. Bu, yalandır. Məndə videolar da var ki, bütün könüllülər oraya istədikləri zaman gələ bilir. Mən heç vaxt bunun əleyhinə olmamışam. Mən əksinə hər zaman könüllüləri çağırırdım ki, gəlib kömək etsinlər, kimsə gələndə də şad olurdum. Antisanitar vəziyyətlə bağlı iddialara gəlincə, hazırda orada heç bir virus yoxdur. Dövlət Baytarlıq İdarəsi gəlib yoxlama aparıb və onların xüsusi aktı var ki, heç bir virus yoxdur. Oradan 6 ölmüş iti ekspertizaya apardılar və rəy verdilər ki, ölüm səbəbi virus deyil”. 

Həmsöhbətimin sözlərinə görə, mübahisəyə səbəb torpaq məsələsidir: “Mən iki il yarımdır ki, o sığınacağı yaratmışam. 2016-cı ilin oktyabrına kimi nə Lalə Məmmədzadə, nə də digər könüllülər bir dəfə də olsun, oraya gəlməyiblər. Bu hadisələr o zaman başladı ki, mən könüllülərdən Mənsurə Rəsulzadəyə sığınacaq üçün verilən torpaqların harada olduğunu soruşdum. İtlərin sığınacağı üçün torpaqlar verilmişdi, həmin torpaqlar yoxa çıxdı. Ondan sonra bu hadisələr başladı. Oktyabrın 22-də sığınacağın rəhbəri Eldəniz Məmmədov mənə zəng vurdu ki, təcili gəl, itlərin ərazisinə basqın olub. Mənsurə Rəsulzadə öz adamları ilə birlikdə həmin əraziyə basqın edib”.

Hər ay könüllülərdən yığılan vəsaitlərin haraya xərclənməsinə gəlincə, Y.Semakina qarşı tərəfin ona böhtan atdığını dedi: “Lalə Məmmədzadə deyir ki, guya könüllülərdən hər ay 3-4 min manat pul yığılır və mən onu mənimsəyirəm. Bu, böhtandır. O, bunu hansı əsasla söyləyir? Onun hansısa sübutu, faktı varmı? Məndə könüllülərdən gələn vəsaitin necə xərclənməsi ilə bağlı bütün sənədlər, videolar var. Hamısının hesabatını aparmışam. Əgər mənim ayda 4 min manat gəlirim varsa, niyə itlərin altını özüm təmizləyirəm, elə işçi tutub təmizlətdirərəm də... Mən orada hər işi özüm görürəm”. 

Sosial şəbəkədə təhqiramiz status yazması ilə bağlı fikirlərə də münasibət bildirən Yelena Semakina durumu belə izah etdi: “O ki qaldı, onun haqqında təhqiramiz status yazmağımla bağlı ittihama, bunun da müəyyən səbəbi var. Bizim sığınacaqda xəstə və şikəst bir it var. Mən onu isti yerdə, veterinar üçün ayrılmış otaqda saxlayıram  ki, ölməsin. Bilmirəm hansı səbəbdən bu, Lalə Məmmədzadəni narahat etdi və o, Eldəniz müəllimə müraciət edib, iti oradan çıxartdırdı. Mən anlamadım ki, Lalə xanımın bu məsələyə nə aidiyyatı var, nə üçün belə etdi. İti oradan çıxarıb soyuq, buz kimi qəfəsə saldılar. Bu, mənə pis təsir etdi və sosial şəbəkədə status yazdım ki, hər bir insan özü, insanın əzizi, övladı bu itin vəziyyətinə düşə bilər. Mən Lalənin oğluna yazmamışdım, ümumi yazmışdım. O, deyir ki, mənim itlərə işgəncə verməyim, qəddar davranmağımla bağlı videoya baxıb. Haradadır, belə bir video, bizə də göstərsin. Bir də iddia edir ki, qəfəslərdə itlərin ölməsilə ilə bağlı video var. Bəli var və bu videonu mən çəkmişəm. Oktyabr ayından ki, onlar sığınacağa gedib-gəlirlər. Bütün ölü itlərin günahı onların boynundadır. Mənim orada bir neçə itim var, gedib onları yedizdirirəm. O itlərin hamısı bu könüllülərin boynundadır. Mən onların hamısına məsuliyyət daşımıram”. 

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR