İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərişıq” ASC-nin rəsmisi sahibkarların ittihamlarına cavab verdi

2347 16.01.2017 15:17 Sosial A A
“Azərişıq” ASC-dən texniki şərt almaqda çətinlik çəkən sahibkarlar redaksiyamıza müraciət edərək, bu qurumun abonentlərlə fəaliyyətində də “ASAN Kommunal” xidmətinin verilməsini tələb ediblər. 

Onların sözlərinə görə, digər kommunal xidmətlərlə bağlı texniki şərtin verilməsi, sənədlərin hazırlanması və sair işlər artıq “ASAN kommunal” üzərindən həyata keçirilir. Yalnız “Azərişıq” ASC-də sahibkarlar birbaşa qurumun özünə müraciət etməli olurlar. 

Musavat.com-un əməkdaşı bu məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.

T.Mustafayev bildirdi ki, təmsil etdiyi qurumun əməkdaşları da vətəndaşlara “ASAN Kommunal”da xidmət göstərirlər: “ASAN kommunal” fəaliyyətə başlayandan bizim əməkdaşlar da orada çalışırlar, vətəndaşların sənədlərini qəbul edirlər. Texniki şərtlərin verilməsini da orada həyata keçirirlər. Hətta səyyar “ASAN xidmət”də də bizim əməkdaşlar var. Bu yolla həm vətəndaşların vaxtına qənaət edirlər, həm də yerindəcə problemləri həll edirlər. Bütün fəaliyyətlər də şəffaf şəkildə, qanuna uyğun olaraq həyata keçirilir. İndiyə qədər ASAN xidmətlərdə bizim əməkdaşlar əhali qrupuna xidmət göstərirdilər. Yəni vətəndaşlar özlərinə ev tikdirərkən mənzilə texniki şərt almaq üçün müraciət edirdilər”.

Tanrıverdi Mustafayevin sözlərinə görə, bu ildən başlayaraq, qeyri-əhali qrupu, yəni sahibkar və iş adamları da texniki şərti “ASAN Kommunal”dan ala bilərlər: “Artıq yanvar ayının 1-dən etibarən qeyri-əhali qrupuna da xidmət göstərilir. Bu isə o deməkdir ki, artıq sahibkarlar və iş adamları da texniki şərt üçün və digər kommunal xidmətlər üçün “ASAN Kommunal”a müraciət edəcəklər”. 

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR