İnsanlara hürriyət, millətlərə istiqlal!

Pasiyentinin ölümünə bais olan həkimin məhkəməsi yenə ertələndi

888 25.11.2014 16:50 Son xəbər A A
Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimovla bağlı Nəsimi Rayon Məhkəməsində növbəti hazırlıq iclası keçirilib.
 
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi  Səməd Vəkilov məlumat verib. S.Vəkilovun sözlərinə görə, məhkəməyə hazırlıq iclası növbəti həftəyə, 1 dekabr tarixinə təyin edilib:
 
“Bu dəfə də hazırlıq iclasının növbəti həftəyə keçirilməsinə səbəb cinayət prosessual qanunvericiliyinə edilən dəyişiklik oldu. Cinayət prosessual qanunvericiliyinə edilən dəyişikliyə görə, zərərçəkən tərəfin nümayəndəsi qismində və ya vəkil olan şəxs Azərbaycan Vəkillər Kollegiyasının üzvü olmalıdır. Mən zərərçəkən tərəfin hüquqlarını müdafiə edən vəkiləm və həm istintaqda, həm də məhkəmədə Anar Niftəliyevin nümayəndəsi kimi çıxış etmişəm. Ancaq hazırda cinayət prosessual qanunvericiliyinə edilən dəyişikliyə görə mən məhkəmə prosesində iştirak edə bilmirəm. Hakim mənim zərərçəkən tərəfin nümayəndəsi kimi məhkəmədə çıxış edə bilməyəcəyimi bildirdi. Bu da zərərçəkən tərəfin narazılığına səbəb oldu. Hakimin sözlərinə görə, bu dəyişiklik bizim proses başlayandan sonra edilib. Qanunun isə geriyə qüvvəsi yoxdur. Mən artıq istintaq orqanı tərəfindən zərərçəkən şəxsin nümayəndəsi kimi tanınmışam. Mənim məhkəmədə iştirakıma izn verilməməsi zərərçəkən tərəfin müdafiə imkanlarını məhdudlaşdırır. Həmçinin onun hüquqi müdafiəsinin təşkil olunmasına maneçilik törədir. Biz qanunun geriyə qüvvəsinin olmadığını, həmçinin digər dediyim əsasları gətirdik və mənim iştirakıma şərait yaradılmasını istədik.
 
Digər tərəfdən, qarşı tərəfin vəkili istintaq materialları ilə tanış olsa da, o, materialların ksero-surətinin tam həcmdə ona hələlik təqdim edilmədiyini söylədi. 
 
Hər iki səbəbə görə məhkəməyə hazırlıq prosesi təxirə salındı. Hazırlıq iclası dekabrın 1-də, saat 14:00-da davam edəcək”.
 
Qeyd edək ki, noyabrın 19-da başlayan hazırlıq iclası qarşı tərəfin istintaq materialları ilə tanış olmaması iddiası əsasında noyabrın 25-nə qədər təxirə salınmışdı.
 
Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
 
Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib.
 
Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində müvafiq olaraq vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarlandığından, faktların araşdırılması üçün materiallar Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR