İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət bələdiyyə seçkilərində qadınları önə çəkir

2007 25.11.2014 17:14 Son xəbər A A
Sərdar Cəlaloğlu: “Qadınların siyasi partiyalarda iştiraka elə də marağı yoxdur”

Nüşabə Sadıxlı: “Müsavatın qadınları qədər intellektual, fəal qadınlar Azərbaycan cəmiyyətində çox azdır”

İqbal Ağazadə: “Bizə qalsa, bələdiyyə seçkilərində iştirak edən qadınlar 20-25% təşkil edərdi”

Bu günlərdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun yap.org.az-a verdiyi müsahibədə bildirib ki,   YAP bələdiyyə seçkilərinə namizədlərini irəli sürərkən qadınlara üstünlük verib: “Sonuncu 2009-cu ilin bələdiyyə seçkiləri isə xüsusilə yaddaqalan oldu. İlk növbədə, deyə bilərəm ki, həmin seçkilərə gedərkən Azərbaycanda bu institutun artıq 10 yaşı var idi və müəyyən təcrübə əldə olunmuşdu. Eyni zamanda, bu dəfə kadrların seçilməsi, gənclərə və qadınlara üstünlük verilməsi son seçkilərin daha çox maraq kəsb etməsinə səbəb oldu. Bu gün Azərbaycan bələdiyyələrində qadınların və gənclərin təmsilçiliyi xeyli yüksəkdir. Son seçkilərdə mütəxəssislərin say faizi, ali savadlı insanların bələdiyyələrdə təmsilçiliyi də artdı. Nəzərinizə çatdırım ki, partiyamız bu müsbət təcrübəni qarşıdan gələn seçkilərdə də davam etdirəcək. Belə ki, namizəd irəli sürərkən daha çox ali təhsilli insanlara, gənclərə və qadınlara üstünlük vermişik”.  

“Yeni Müsavat” qəzeti Siyavuş Novruzovun bu ifadəsindən çıxış edərək ölkədəki müxalifət partiyalarının bələdiyyə seçkilərinə namizədlərindən nə qədərinin qadınların olmasını haqqında sorğu keçirdi. 

Qeyd edək ki, müxalifət partiyalardan Müsavat Partiyası bələdiyyə seçkilərində iştirakla bağlı üzvlərinə sərbəstlik verib. Kimlərin bələdiyyə üzvlüyünə namizəd olması məsələsinə partiya müdaxilə etmir. Qadınların Müsavat Partiyasında təmsil olunmasına gəlincə, Müsavat Partiyasının başqan müavini Nüşabə Sadıxlı bildirdi ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox siyasi partiyalarında olmayan qadınlara yanaşma prinsipi Müsavat Partiyasında var: “Müsavat Partiyasında qadınlara 25% kvota var və Müsavat Partiyasına başqanlıqdan tutmuş, divan və məclis üzvlüyünə qədər bütün seçkili orqanlarda 25% qadınlara ayrılıb. Belə bir məqamda Müsavat Partiyası ilə YAP müqayisə edilə bilərmi? Təbii ki, edilə bilməz. Müsavatın qadınları qədər intellektual, fəal qadınlar Azərbaycan cəmiyyətində çox azdır. Hələ ki, Müsavat Partiyasında divan tam formalaşmayıb, hazırda Müsavat başqanının müavinlərindən biri qadındır, o  mənəm. Növbəti təyinatlarda da qadınların seçilməsi gözlənilir. Müsavat məclisinin də demək olar ki, 25%-i qadındır. Mən çox istərdim ki, Siyavuş Novruzov həm YAP-da, həm cəmiyyətdə qadınların iştirakına təşəbbüskar olsun, parlamentdə də, Nazirlər Kabinetində də idarəetmədə iştirak edən qadınların sayı artsın”. 

ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, onun partiyasında bələdiyyə seçkilərinə maraq çox azdır: “Biz bu seçkilərdə iştirak edə bilmədik. Çünki maliyyə imkanlarımız yoxdur. Mən onu deyirəm ki, bu gün Azərbaycanda nə qadınlar, nə də kişilər bələdiyyə seçkilərinə maraq göstərmir”.

ADP-də qadınların rəhbər postlarda iştirakına gəlincə, Sərdar Cəlaloğlu etiraf etdi ki, partiyada qadınların iştirakı çox zəifdir: “Bizdə qadınlar üzrə müavin var ki, o, bilavasitə qadınlarla bağlı məsələlərə baxır. Amma açığı deyim ki, qadınların siyasi partiyalarda iştiraka elə də marağı yoxdur. Hakim partiyada təmsil olunmaq elədir ki, orada vəzifə perspektivi var, maddi maraq var, insanlar ora gəlməkdə maraqlıdırlar. Müxalifət partiyasında isə elədir ki, insanlar bura üzv olanda bir çox sosial və iqtisadi hüquqlarından imtina etməli olurlar. Qadınlar da bu cür zərbələrə daha həssasdırlar deyə, qadınların müxalifət partiyalarında iştirakı  o qədər də  ürəkaçan deyil. Məsələn, bizim partiyada qadınlar çox azdır”. 
Ümid partiyasının rəhbəri İqbal Ağazadə isə bildirdi ki, partiyanın bələdiyyə üzvlüyünə namizədləri arasında qadınlar üstünlük təşkil edir: “Demək olar ki, bütün rayonlarda namizədlərimiz var, Bakıdan da namizədlər arasında qadınlar üstünlük təşkil edir. Ancaq bələdiyyə üzvlüyünə qeydə alma prosesini obyektiv adlandırmaq olmaz. Bizə qalsa, bələdiyyə seçkilərində iştirak edən qadınlar 20-25% təşkil edərdi, ancaq bizim namizədlərə elə basqılar oldu ki, əksəriyyəti qeydə alınmadı. 4 min namizəd vermişdik, onlardan min nəfərə yaxın namizəd qeydə alınıb. 
Partiya rəhbərliyində də qadınlar təmsil olunur. İki şöbənin rəhbəri qadındır və onlar bələdiyyə seçkilərinə qatılıblar. Partiyada qadınların fəallığı ”. 

Nərgiz Liftiyeva

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR