İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müqavimət gücü sıfırın altındadır” -MÜSAHİBƏ

3604 21.08.2015 13:55 Son xəbər A A
“Bu xalqa yazığınız gəlmirmi? Bu xalq üzünü hara tutsun, kimə inansın, kimə güvənsin?”


Yazıçı-publisist Mehriban Vəzir “Yeni Müsavat”a maraqlı müsahibə verib. O, ölkənin indiki durumu, baş verən hadisələr, ictimai-siyasi həyatda yaşananlarla bağlı sualları cavablandırıb. 

- Mehriban xanım, nə baş verir, nədir bu gördüklərimiz?


- İki kəlmə ilə desək, çökmüş mənəviyyat. “Qalaları dururkən mənəviyyatı çökmüş xalq” əhvalatı. Məncə, bir xalq olaraq mənəviyyatın çöküş dövrünü yaşayırıq.

- Hardan başladı bu çöküş?

- İdarəetmədən. Çox demişəm, yeri gəldi, bir daha təkrar edim, dövrünün böyük dövlət adamı və hər zamanın böyük filosofu Nəsrəddin Tusinin belə bir fikri var - idarəetmə xeyirxah adamların əlində olarsa, xalq xeyirxahlaşar. Əksi də məlum... Yəni bugünkü durumun mentalitetə qətiyyən aidiyyəti yoxdur. Bu, pis idarəetmədən doğan ictimai-mənəvi böhrandır. Mənəviyyat varlığın dayağıdır. İnsan da, dövlət də mənəviyyatı ilə dik dura bilir. Əgər mənəviyyat çökübsə, hər ikisi çökər.  Bunu təkcə yerli idarəetmə etmədi. Xalqların  sərvətini daşıyan dünya güclərinin proqramı belə olur. Vətəndaşı ram edib oyuncaq hala gətirmək, ictimai müqaviməti, həmrəyliyi, milli ruhu zəiflətmək. İctimai fəallığı, təhsili, səhiyyəni, hüququ çökdürməklə cəmiyyətin gələcəyini çökdürmək. Çox təəssüf, bunu həyata keçirə bildilər.  Düzdür, millətin ruhu Allaha bağlıdır, insan onu öldürə bilməz. Allah milləti qoruduqca, o, var olur. Amma Allah da göydən bu çirkin halımıza baxar və deyər ki, olmağınızdan olmamağınız yaxşıdır. Çox millətlər ömrünü yaşayıb, tarixin səhnəsindən gedib. Hər şeyin ömrü olduğu kimi millətin də ömrü olur. Biz bu böhrandan çıxa biləcəyikmi, davam etmək haqqı alacağıqmı. Bilmirəm. Bu günümüzü görmək çox acıdı. Təxminən 20 il öncə ümidlərimiz çox böyük idi. Onda oğlum azyaşlıydı.

- Yeri cənnət olsun...


“Arada gənc şairlərin, yazarların bir-birlərinə münasibətlərinə, çəkişmələrinə baxıram, hərəsi özünə bir büt düzəldib kölgəsinə qısılıb yaşayır, öz ağaları uğrunda ölümünə savaşırlar. Azadlıqları yoxdur.  Çünki azad olsalar acından öləcəklər”




- Bir gün dedi ki, 18 yaşım olan kimi çıxıb gedəcəm Amerikaya. Dedim, yox, ehtiyac olmayacaq, çünki sənin 18 yaşın olanda bizim ölkəmiz elə Amerika kimi olacaq. Orda sənin istədiyin nə varsa  – demokratiya, insan haqları, ədalətli quruluş burada da qurulacaq. Onda  vətənimiz haqqında bu cür düşünürdük. Ağıla gəlməzdi ki, fərd olaraq bizim hər birimizin və vətənimizin gələcəyi talanacaq. Talanan nədirsə onun adına sərvət deyirik, əslində onun adı sərvət deyil, bir xalqın işıqlı gələcəyi, bir dövlətin gücüdür. 

- Milli qüvvələr də, sizcə, ən müxtəlif vasitələrlə buna görəmi yox edilir?


- Milli qüvvələr... bu söz özü bu gün absurd səslənir. Qüvvə deyilən bir şey yoxdur, pərən-pərəndir. Müqavimət gücü sıfırın altındadır. İstər hakimiyyətin, istər müxalifətin, istər vətəndaş cəmiyyətinin durumu göz önündədir. Vətəndaş cəmiyyəti bir-birinin axırına çıxdı, müxalifət bir-birini yedi, hakimiyyət didişmə içində. Son vaxtlar məni ən çox sarsıdan məsələ vətəndaş cəmiyyətinin durumu oldu. Əlbəttə, onlardan bəzilərinə hakimiyyətin münasibəti, zorakılığı, şəri, böhtanı məlumdur. Amma hansını tərpədirsən, yüz minlərlə vergi borcu çıxır. Bu nə deməkdir?  Hökuməti büdcəni dağıtmaqda tənqid edənlər özləri vergidən yayınıblar. Bu xalqa yazığınız gəlmirmi? Bu xalq üzünü hara tutsun, kimə inansın, kimə güvənsin?

- Mehriban xanım, mənəviyyatdan, millətin ruhundan danışdınız? Millətlər üçün çətin dönəmlərdə mənəviyyatı, milli ruhu qoruyan kiçik bir kəsim olur. Axır dönəmlərə qədər azərbaycanlılar “odqoruyan” obrazında ziyalıları görürdülər. Ancaq indi onların da səsi eşidilmir. Niyə belə susqunluqdu?  

- Azərbaycanda ziyalı kimdir?

- Xalq üçün ziyalı yazarlar, şairlər, bəstəkarlar...

- İctimai rəy belədir. Amma yanlışdır. Yazıçı, şair, bəstəkar ziyalı deyil, saydığınız kimi yazıçıdır, şairdir, bəstəkardır. Bizdə `tanınmış adam` sözü ilə  `ziyalı` sözünün yeri səhv düşüb. Bunlar müxtəlif məna kəsb edir. Az qala 2000 ildir “ziyalı kimdir” sualına cavab axtarılır. Mən Jan Pol Sartrın yanaşmasını bəyənirəm. Sart belə izah edir, dünyanın 5 alimi bir araya gətirilib nüvə tədqiqatları aparır. Məhsulun  dağıdıcılıq gücü, bəşərə ziyanı bəlli olanda o 5 alimdən biri geri çəkilir, deyir ki, mən bu işdə yoxam, o puldan da imtina edirəm. Həmin anda o alim olur ziyalı. Zərəri düşünmədən təqdiqatı aparıb, silah yaradıb, pulunu alan 4 nəfər qalır alim. Bizim yazıçılar, şairlər, bəstəkarlar və bir çox məşhurlar bütün zərərli proqramlarda iştirak etdilər, dəstək verdilər və qonorarlarını alıb `alim` qaldılar, ziyalı ola bilmədilər. Bizim ünlü yazıçılarımızın, şairlərimizin hansı ziyalı ola bildi ki? Sadəcə, cəmiyyətin hörmət etdiyi bir neçə nəfər susub, durub kənarda.


“Sovetlər dönəmi bəşərin xərçəng xəstəliyi idi. İndi yaşananlar onun metastazıdır”



- Soruşanda deyirlər, abrımıza qısılıb susmuşuq. Düz edirlər?

- Abrımıza qısılmışıq deyirlər, ancaq əslində prezident təqaüdünə qısılıblar. Yaxınlarda yolda bir gənc, gözəl qız məni saxladı, salamlaşdı, yazılarımı oxuduğunu dedi, xoş sözlər söylədi, axırda da özünü təqdim elədi – mən də yazaram. Çox gözəl, dedim. Davamını gətirdi - prezident təqaüdçüsüyəm. Prezident təqaüdü almaq bir ölçüyə çevrilib... Nə bir əsərinin adını dedi, nə hansı mövzuda yazdığından, nə qədər tirajla çap olunduğundan danışdı, eləcə dedi ki, prezident təqaüdçüsüyəm. Bu şəkildə cəmiyyət parçalandı. Arada gənc şairlərin, yazarların bir-birlərinə münasibətlərinə, çəkişmələrinə baxıram, hərəsi özünə bir büt düzəldib kölgəsinə qısılıb yaşayır, öz ağaları uğrunda ölümünə savaşırlar. Azadlıqları yoxdur.  Çünki azad olsalar acından öləcəklər.

- Hakimiyyətin ziyalıları öz yanına çəkməsini, onları ev, maşın, mükafatlarla belə demək mümkünsə, zərərsizləşdirməsini sovetlər dönəminin gələnəyi sayanlar çoxdur. Bu gün Azərbaycan hakimiyyətində sovetlər dönəminin yetirmələri ən üst məqamlardadır. Bu həmin modeldirmi?
 
- Sovetlər dönəmi bəşərin xərçəng xəstəliyi idi. İndi yaşananlar onun metastazıdır. 

- Öldürücüsü...

- Bəli, öldürücüsü. Bu gün Azərbaycan hakimiyyətində təmsil olunanların təhsil səviyyəsini incələsək görərik ki, yüksək məqamları tutanlar 40-50 yaşında hansısa bayır-bucaq universitetin hüquq fakültəsini qiyabi bitiriblər. Rəis olandan sonra hüquq oxuyublar. Bu gün Azərbaycanda pis oxuyanların hakimiyyətidir. Arada internetdə nazirliklərdə yüksək vəzifə tutmuşların təhsil xronologiyasına və doğulduqları yerlərə baxıram. Siz də baxın, maraqlı mənzərə var.


Deputat olandan sonra dəbdi, hamı doktorluq dissertasiyası müdafiə edir.  Onların doktorluğunu ləğv eləmək 10 dəqiqəlik işdir – elmlərinin canı cəmi 2 suala bağlıdır. 
Dediyiniz kimi, indi bizdə sovet dönəmi yetirmələrinin, eləcə də yarımsavadlı adamlarıın idarəetməsidir. Düzdü, savad da hələ hər şey demək deyil. Alimin şəri daha təhlükəlidir. Bütün şər liderlər böyük zəka sahibləridir, bilgilidirlər, ağır kitablar oxuyublar. Terror təşkilatları liderlərinin şəkillərini paylaşırlar, hamısının arxasında zəngin kitabxanalar görünür. Ona görə də “bilikli adam dürüst adamdır” fikri də yanlışdır. Həzrəti Mövlanə deyir ki, ən böyük şeytan camidən çıxar. Lakin dürüstlük və peşəkarlıq idarəetmənin stimullaşdıracağı bir nəsnədir. Bu stimulu yaratmaq yaxşı idarəetmə deməkdir. Cəmiyyəti dürüstlüyə və peşəkarlığa yönləndirmək hakimmiyyətlərin Allah qarşısında olan ən mühüm borcudur. Başqa sözlə, vicdan borcudur.

- Siz bayaq müxalifət məsələsinə toxundunuz. Bir dönəm cəmiyyətin fəal, düşünən, keyfiyyətli kəsimi müxalifətdə təmsil olunurdu. Ancaq indi sıralar çox seyrəlib. Niyə belə keyfiyyət itkisi yaşandı? Niyə, düşərgə bir-birini didir?

- Yol çox uzandı. Sınaq ağır oldu. Cəmiyyət çörək imtahanına çəkildi. Cəzalar dözülməz hala gəldi. Qorxu mühiti yarandı. Hakimiyyət sıralara pozuculuq saldı, liderlərdən sıravilərə kimi satın aldı. Səbatsızlıq baş alıb getdi. Hər kəs özünü birinci bildi, mənəm-mənəmlik, bir-birini əzmək ehtirası meydan suladı. Bununla da liderlərin mənəvi gücü zəiflədi. Daha hansını deyim. İnsanları bir arada saxlayacaq liderin yalnız dili sözlə deyil, ürəyi də şəfqətlə dolu olmalıdır. Şəfqət əskikliyi var.


 “Deputat olandan sonra dəbdir, hamı doktorluq dissertasiyası müdafiə edir.  Onların doktorluğunu ləğv eləmək 10 dəqiqəlik işdir – elmlərinin canı cəmi 2 suala bağlıdır” 



- Görünür, bütün bunlar müxalifət düşərgəsinin 23 ildə özünü heç cür reallaşdıra bilməməsinin fəsadlarıdır. Siz necə düşünürsünüz?

- O da var, lakin o da birmənlı deyil.  Kofi Anan 27 il həbsxanada yatdı. Azadlığa çıxdı, mübarizəsini davam etdirdi, sonra prezident oldu, BMT-yə qədər gəldi. İllərin sayı bəzən önəmlidir, bəzən də önəmli deyil. Bizim bir hədəfimiz var,  o hədəfə çatmaq istəyirik. Ancaq çatdıq-çatmadıq, getdiyimiz yolu ləyaqətlə getməliyik. Müxalifətin düşərgələşməsi və bir-birinə qarşı amansızlaşması təəssüf doğurur. Mən müqavimət olan bütün tərəfləri dəstəkləyirəm. Müqavimət ocaqlarını cəmiyyətin nəbzi sayıram. O ocaqlar olmasa xalq ölmüş sayılır. 

- Mehriban xanım, bu gün Azərbaycandan mühacirət edənlər, eyni zamanda hakimiyyətlə problemlər yaşadıqları üçün ölkəyə gələ bilməyən insanların Azərbaycana yönəlik mesajlarını necə qiymətləndirirsiniz? Məsələn, keçmiş səfir Arif Məmmədovun ağ qərənfilli etiraz çağırışları sizdə hansı asossasiyanı doğurur?

- Naşılıqdı. Bu çağırışçılar xalqın və idarəetmənin indiki durumunu hiss etmirlər. Avropada yaşayıb Azərbaycandakı vəziyyəti anlamaq olmaz.  Orda ürəkləri sıxılır, oturub xalqın ayağa qalxmasını arzulayırlar. Bilmirlər ki, bu ölkənin bu zülmü çəkən hər bir vətəndaşı sizdən çox o `ayağa qalx` gününü arzulayır. Amma olmur, məqam yetişmir, xalq meydana çıxmır, şərtlər, şəraitlər müsaid deyil. 

- Passiv mövqe tutanların bəzisi deyir ki, mübarizə imkanları çox məhduddur, biz özümüzü qoruyuruq, ona görə də susmuşuq. Bu sizə hərəkətsizliyə haqq qazandırmaq kimi görünmürmü?

- Birmənalı fikrim yoxdur. Bəlkə cəsarətin də zamanı var. Bəlkə zamanından əvvəl olanda cəsarət olur? Bütün hallarda fürsət yetişəndə çoxları qəhrəman olacaq. Bu günün ən murdar yaltaqları belə özlərinə haqq qazandırmaq üçün söz tapacaqlar.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR