İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrasiya: xidmət rəisi hesabat verib

3251 11.01.2017 21:07 Son xəbər A A
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Nazirlər Kabinetinin 10 yanvar iclasında bir sıra statistik rəqəmləri diqqətə çatdırıb. Novator.az-ın məlumatına görə, xidmət rəisi bildirib ki, 2016-cı ildə ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 milyon 137 min 351 nəfər olub: “Ötən il ərzində 672 min 337 nəfər əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri verilib. 2016-cı ildə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9 min 480 nəfərə iş icazəsi verilib.

Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib, 58 nəfərin ölkənin hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr müvafiq qərarlar qəbul edib”.

Firudin Nəbiyev deyib ki, 2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılır: “Hesabat dövründə qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır. Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib.

Hesabat dövründə 26 min 435 əcnəbi və vətəndaşlığı olmayan şəxsin miqrasiya qanunvericiliyinin tələblərini pozması müəyyən olunub, onlardan əsas olduğu üçün 2372 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 18 min 540 nəfərin 48 saat ərzində ölkə ərazisini tərk etməklə, 5523 nəfərin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma və girişinə məhdudiyyət qoyulması ilə bağlı xidmətin müvafiq qərarlarının icrası təmin olunub, qanunsuz miqrantların sayı minimuma endirilib. Hazırda vizalarının müddəti bitmiş 929 nəfər əcnəbinin Azərbaycanda qanunsuz qalması faktı müəyyən edilib və həmin şəxslərin ölkədən çıxarılması istiqamətində hüquq mühafizə orqanları ilə birgə iş aparılır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR