İnsanlara hürriyət, millətlərə istiqlal!

İntiqam Əliyev üçün ədalət

1056 25.11.2014 11:38 Son xəbər A A
***

İntiqam müəllim hər zaman gileylənirdi ki, yaxşı yazı yaza bilmirəm, amma yenə də onun üçün yazmaq istədim.
Onunla ilk tanişlığımız 2000-ci illərin əvvəlinə, ictimai faydalı işlərə marağı olan biri kimi bu sahədə iş axtardığım vaxtlara təsadüf edir. O zamanlar çox az sayda vətəndaş cəmiyyəti qurumları vardı, və tanişlardan biri ən aktiv olan Hüquq Maarifçiliyi Cəmiyyətini (HMC) məsləhət gördü. Düzdü nə həmin vaxtlar, nə də ki, sonralar HMC-da işləmək mənə qismət olmadı. Amma çoxsaylı gənc hüquqçu kimi mən də HMC-da  böyüdüm, öyrəndim, dəyərli dostlar qazandım. 
İntiqam Əliyev deyəndə ilk olaraq ağlımda çox pozitiv, həssas insan canlanır. Bütün fiziki ağrılarına baxmayaraq həmişə pozitiv olmağa çalışan, gileylənməyən, qayğılarını və problemlərini bizlərdə gizlətməyə çalışan İntiqam Əliyev.  
İşlədiyim ofis HMC-nın ofisindən bir az  yuxarıda yerləşirdi. Çox vaxt işdən sonra (dostlarla görüşmək üçün), hərdən bir (hüquqçülar üçün təşkil olunan təlimlərə qatılmaq üçün) HMC-nın ofisinə gəlirdim. Çox maraqlı və faydalı, şən günlərimiz keçib HMC-da. Ən şən və zarafatçıl günlərdə İntiqam müəllim bizlərə (gaha çox subay qızlara): “bu qədər əziyyət çəkib seminar təşkil edir, subayları cəlb etməyə çalışırıq ki, hərdən sizlər də bir qarmaq atasınız, bəlkə bir şey düşdü” deyib bizləri güldürərdi. O, hamımız üçün dəyərli insan, peşəkar hüquqçü, ən əsası isə mənəvi ata olub. 
HMC hamımız üçün doğma və müqəddəs yer idi. Ona görə yox ki, mənə və dostlarıma faydası dəyib. Ona görə ki, HMC yüzlərlə peşəkar hüquqçu, ədalətli və dövlətini sevən insan yetişdirə bilib. Hansı ki, həmin insanlar bu gün də hüququn müxtəlif sahələrində - hüquq mühafizə orqanları, məhkəmə, prokurorluq, vəkillik və s. vicdanla və layiqincə çalışırlar.  Həmçinin minlərcə insana təmənnasız hüquqi yardım göstərilib, pozulmuş hüquqlarının sivil yollarla və qanun çərçivəsində həllinə çalışılıb.
Necə ola bilər axı... Dövlətinə və cəmiyyətinə bu qədər töhfələr verən HMC kimi bir qurum fəaliyyətini dayandırsın, dövlətini ürəkdən çox sevən, ədalətli cəmiyyət quruculuğunda gecə-gündüz demədən çalışan İntiqam Əliyev kimi işıqlı insan bu gün həbsdə olsun? 
İntiqam Əliyevin təqsiri nədi axı? Azərbaycan dövlətçiliyi üçün savadlı və ədalətli hüquqçu yetişdirməsidirmi? Yaxud, hüququ pozulmuş, dövlətdən incik düşən Azərbaycan vətəndaşına təmənnasız hüquqi yardım göstərməklə ədalətin bərpasına nail olmasımı? 
Cənablar, bəlkə bir az dayanıb özümüzə, getdiyimiz yola nəzər yetirək? Sadəcə və sadəcə buraxdığımız səhvləri dövlətçiliyimiz, ədalətli cəmiyyətimiz üçün bacardığı qədər düzəltməyə çalışan bir insanın yeri həbsxana ola bilməz axı, həm də səhhətində çoxsaylı problemləri olan işıqlı insanın – İntiqam Əliyevin! 
Dövlətçiliyimiz və cəmiyyətimizin inkişafı naminə Sizdən İntiqam Əliyev üçün ədalət istəyirəm.

Xalisə Şahverdi 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR