Hüseyn Abdullayevin axtarışı dayandırlıb
Almanya Daxili İşler Nazirliyi və nazirliyin beynəlxalq əlaqələr şöbəsi Evropol Almaniyada siyasi mühacirətdə olan keçmiş millət vəkili Hüseyn Abdullayevin adının İnterpol axtarış sistemindən çıxarılması haqqında bildiriş yayıb. Xəbəri “Yeni Müsavat”a Hüseyn Abdullayev verib.
Yada salaq ki, bir müddət öncə Hüseyn Abdullayevin adının İnterpolun axtarış sistemindən çıxarılması xəbəri yayılsa da rəsmi Bakı informasiyanın dəqiq olmadığını bildirmişdi. Azərbaycan hökuməti iddialarına əsas kimi Hüseyn Abdullayevin adının İnterpolun veb səhifəsindən çıxarmasına baxmayaraq informasiya bazasında saxlamasını göstərirdi. Almaniya hökumətinin müdaxiləsindən sonra Hüseyn Abdullayevin adı informasiya bazasından da çıxarılıb. Hüseyn Abdullayevin adı İnterpolun axtarış sisteminə Azərbaycan Vergilər Nazirliyinin müraciəti əsasında daxil edilmişdi. Eks-deputatın vəkilləri bu durumu qanuna zidd sayırdı. Çünki beynəlxalq hüquqa görə bir şəxsin İnterpol xətti ilə axtarışa verilməsi üçün haqqında məhkəmə qərarı olmalıdır. Hüseyn Abdullayev haqqında heç bir məhkəmə qərarı yoxdur.
Hüseyn Abdullayev “Yeni Müsavat”a açıqlamasında prosesdə iştirak edən tərəflərə təşəkkürünü bildirib:“Hüquqlarımın qorunmasında göstərdiyi dəstəyə görə Almaniya hökumətinə, xüsusən prosesi yürüdən Almaniya Daxili İşlər Nazirliyinə təşəkkür edirəm. Uca Allahıma mənim kimi haqsızlığa uğrayan minlərlə Azərbaycan vətəndaşına kömək olmasını diləyirəm”.
Aygün Muradxanlı