Azərbaycanın İstanbuldakı Baş konsulu vali ilə görüşüb
Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev İstanbul valisi Vasip Şahin ilə görüşüb.
APA-nın məlumatına görə, bu barədə APA- ya məlumat Baş konsulluqdakı mənbədən daxil olub.
İstanbul valiliyində keçirilən görüşdə Baş konsul Hacıyev 7 iyunda baş vermiş terror hadisəsinə görə vali Şahinə başsağlığı diləyib. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” düsturu əsasında inkişaf etdiyini xatırladan Məsim Hacıyev iki ölkə arasındakı əlaqələrin hərtərəfli şəkildə dərinləşməsində İstanbul bölgəsinin önəmini vurğulayıb. Baş konsul Hacıyev, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
Vəzifəyə başlaması münasibəti ilə Baş konsul Məsim Hacıyevi təbrik edən vali Vasip Şahin, səmərəli işi sayəsində iki qardaş ölkə arasındakı əlaqələrin dərinləşdirilməsi istiqamətində münasibətlərin inkişafına töhfələr verəcəyini əminliklə bildirib. Vali Şahin Azərbaycan və Türkiyə arasındakı münasibətlərin önəminə diqqəti cəlb edərək, son aylarda Türkiyədə baş vermiş terror hadisələrindən sonra prezident Əliyevin Ankaraya səfər etməsinin türk cəmiyyəti tərəfindən heç vaxt unudulmayacağını bildirib.
Qeyd edək ki,prezident İlham Əliyevin sərəncamı ilə XİN-in təcrübəli diplomatlarından olan Məsim Abdulla oğlu Hacıyev aprel ayında Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu vəzifəsinə təyin edilib.






