İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azadlıq” radiosunun keçmiş prezidentindən sərt mövqe

3518 02.01.2015 14:00 Son xəbər A A
“Azadliq” radiosunun keçmiş prezidenti "Washington Post" qəzetində “Azadlıq” radiosunun Bakı bürosuna təzyiqlər haqda yazıb. Cefri Gedmin ABŞ prezidenti Barak Obamanı büronun işinin bərpası və jurnalistlərə basqıların dayandırılması üçün qəti addımlar atmağa çağırıb. O, Əliyevlə Bakıdakı görüşündən də yazıb. “Azadlıq” radiosunun saytı bu yazını ixtisarla dərc edib. Musavat.com yazının radionun qapadılması ilə bağlı hissəni oxucuların nəzərinə çatdırır. 

Müəllif yazıb ki, Miladdan bir gün sonra Azərbaycanda paytaxt polisinin silahlı əməkdaşları ABŞ Konqresinin maliyyələşdirdiyi “Azad Avropa” və “Azadlıq” radiolarının Bakı bürosuna reyd keçirib axtarış apardılar. Bir neçə saatlığına saxlandıqdan sonra radionun jurnalistləri və redaktorları azad edildilər. Amma indiyəcən azı 10 nəfər sorğu-sual üçün prokurorluğa çağrılıb: “Polis radio əməkdaşlarının evlərinə də gedir, gecəyarısı insanları dindirməyə aparır. Azərbaycan hakimiyyəti deyir ki, bütün bunlar qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsi haqda Azərbaycan qanunlarına nə dərəcədə əməl edilməsi ilə əlaqədar hazırda davam edən araşdırmanın tərkib hissəsidir. Avtoritar lider İlham Əliyevin hökuməti mülki cəmiyyət qruplarına, müstəqil media, xüsusən də “Azadlıq” radiosuna qarşı kampaniyasını genişləndirir: Araşdırmaçı jurnalist Xədicə İsmayılova da dekabrın 5-də həbs edilib. Əliyev bilir ki, “Azadlıq” radiosu Azərbaycanda qalan tək-tük müstəqil media orqanından biridir. Belə görünür ki, onun hətta buna da dözümü qalmayıb. Birləşmiş Ştatlar bunun cavabını verəcəkmi? Əgər verməsək, bu, Azərbaycan üçün pis xəbər olacaq, ümumilikdə region üçünsə narahatlıq doğuran tendensiya”.
Müəllif daha sonra İ.Əliyevlə 2009-cu ildə, “Azad Avropa” və “Azadlıq” radiolarının prezidenti olarkən görüşdüklərini də xatırladıb: “O zaman bizim jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasına nail olmaq üçün Azərbaycanın paytaxtı Bakıya səfər etmişdim. Mənim, WikiLeaks məlumatlarında Azərbaycanı 2003-cü ildən bəri "mafiya bossu kimi" idarə etdiyi deyilən Əliyevlə söhbətim sürreal olduğu qədər də nəticəsi öncədən bəlli bir söhbət idi. Mənə dedi ki, Azərbaycan ABŞ-ın neftlə zəngin strateji müttəfiqi ola-ola, Rusiya və İranla həmsərhəd ölkə ola-ola, o bizim radioda öz hökuməti haqda tənqidləri niyə dinləməli olduğunu anlamır. Ona görə ki, Əliyev tipli liderlər inanırlar ki, medianın vəzifəsi vətəndaşların hökuməti sorğulamasına yox, hökumətin xalqı sorğulamasına yardım etməkdir. Məni ABŞ səfiri müşayiət edirdi və mənə qoşularaq izah etməyə çalışırdı ki, Birləşmiş Ştatlar niyə kommersiya, təhlükəsizlik maraqları və insan haqları sahəsindəki narahatlıqları arasında balans saxlamağa çalışır. Əliyevi inandırmaq mümkün olmadı. Bu gün o, kobud şəkildə azad sözə qarşı hörmətsizlik edir”.
C.Gedmin həmçinin bu məsələ ilə bağlı Dövlət Departamentinin mövqeyini də yada salıb: “Dövlət Departamenti deyir ki, Azərbaycanda baş verənlərdən "narahatdır". Əlbəttə, narahat olmağa əsas var. Sözçü Ceff Ratke deyib ki, dövlət katibi Con Kerri dekabrın 21-də Əliyevlə telefonla danışıb və Azərbaycanda mülki cəmiyyətə qarşı basqılarla bağlı narahatlığını dilə gətirib. Dekabrın 26-dasa “Azadlıq” radiosunun Bakı bürosuna reyd edilməsi və büronun bağlanması Əliyevin ABŞ-ın narahatlıqlarına necə yanaşdığını göstərir. Bizim zəif cavablarımızın əks-sədası Azərbaycanın hüdudlarından kənarda da eşidilir. Hər yerdə avtoritar liderlər ABŞ və onun demokratik müttəfiqlərindən umurlar ki, onlar, necə deyərlər, daha xırda məsələləri arxa plana keçirsinlər, beləcə, həmin liderlərin daha iddialı macəralarına münbit zəmin yaranmış olsun”.
Müəllif sonda öz mövqeyini bir daha təkrarlayıb: “Xarici siyasət haqda da eyni şeyi demək olar. Təkcə Ukrayna yox, adına Şərqi Avropa və keçmiş Sovet İttifaqı deyilən yaşayış məntəqəsi getdikcə daha çox, 1970-ci illərdəki cinayət girdabına batmış Nyu-Yorka oxşamağa başlayır. Ona görə ki, Obama administrasiyası və bizim avropalı müttəfiqlərimiz xırda şeyləri gözdən qaçırmaq kimi üzücü bir səhv ediblər. Bu yaxınlaracan bizim Avropa haqda - "bütöv və azad Avropa" təsəvvürlərimiz mövcud idi. Əgər bu təsəvvürlərin yenidən gündəmə gəlməsini istəyiriksə, bundan ötrü böyük strategiyaya ehtiyac yoxdur. Kiçik işlərdən başlayın. Birləşmiş Ştatlar israr etməlidir ki, Azərbaycan “Azadlıq” radiosunun Bakı bürosunun açılmasına dərhal icazə versin, ölkə boyu jurnalistlərə qarşı təzyiq və təqiblərə son qoysun”.

Hazırladı: Sevinc 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR