İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatdan Milli Şura ilə bağlı bəyanat

3397 07.01.2014 14:27 Son xəbər A A
Müsavat Partiyasının bəyanatı yayılıb. Müsavat.com-a daxil olan bəyanatın mətnində deyilir:  

"2013-cü ilin Prezident seçkiləri ərəfəsində ölkənin real müxalifət qüvvələrinin önəmli bir qisminin seçkilərdə iştirak etməmək mövqeyinin üstünlük təşkil etdiyi, seçkiqabağı demokratik mühit yaradılmadan seçkilərdə iştirakın məqəsəduyğun olmadığı barədə geniş siyasi kampaniyanın aparıldığı bir dövrdə Müsavat Partiyası seçkilərin boykot edilməsi taktikasının müxalifətin maraqlarına uyğun olmadığını, seçkilərin boykot ediləcəyi təqdirdə, 2008-ci il Prezident seçkilərində olduğu kimi, demokratik düşərgənin faktiki olaraq siyasi prosesdən kənarda qalacağını bəyan edərək, bütün siyasətini müxalifət qüvvələrinin seçkilərdə iştirakını təmin etmək istiqamətinə yönəltdi. 
Müsavat Partiyası Azərbaycan cəmiyyətində populyar olan və görkəmli kino-rejissor Rüstəm İbrahimbəyov tərəfindən irəli sürülmüş Milli Şura yaradılması ideyasına dərhal dəstək verdi, bu ideyaya müxalifətin seçkilərdə iştirakını təmin etmək üçün bir istinad nöqtəsi kimi yanaşaraq, Milli Şuranın yaradılmasında və sonrakı fəaliyyətində mühüm rol oynadı.
Müsavat Partiyası Milli Şuranın strukturları formalaşarkən heç bir iddia irəli sürməyərək, hətta siyasi qüvvələrin bu qurumda öz güclərinə adekvat olmayaraq  təmsilçiliyinə razılıq verdi, Milli Şuranın--demokratik düşərgənin seçkilərdə vahid namizədlə iştirakı  təmin edildikdən sonra, Müsavat Partiyası Məclisi tərəfindən prezidentliyə namizədliyi ilin əvvəlində irəli sürülmüş İsa Qəmbərin namizədliyindən imtina etdi, 
Milli Şuradan asılı olmayan səbəblərdən Rüstəm İbrahimbəyovun seçkilərdə iştirak edə bilməyəcəyi aydın olduqdan sonra Milli Şirada təmsil olunan bir sıra siyasi qüvvələrıin ciddi müqavimətinə və pozucu fəaliyyətinə baxmayaraq, tarix elmləri doktoru, professor Cəmil Həsənlinin prezidentliyə namizəd kimi irəli sürülməsi və dəstəklənməsi nəticəsində müxalifət qüvvələri seçkilərdə iştirak etmək imkanının təmin olunması Müsavat Partiyasının birmənalı və təkidli mövqeyi nəticəsində mümkün oldu. 
Seçki kampaniyası dövründə professor Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi, onun təbliğat və təşviqat kampaniyasının aparılması, seçki günü və seçkisonrası günlərdə Müsavat Partiyası bütün resurslarını səfərbər edərək, bütövlükdə seçki kampaniyasının təşkilində həlledici rol oynadı. 
Beləliklə, demokratik düşərgənin toparlanması və müxalifətin seçkilərdə fəal iştirakı nəticəsində beynəlxalq təşkilatların obyektiv rəy verməsi 2013-cü ildə müxalifətin uğuru kimi qəbul edildi. 
Bütün bunlara baxmayaraq, 09 oktyabr 2013-cü il Prezident seçkiləri nəticəsində Azərbaycanda hakimiyyətin azad və ədalətli seçki yolu ilə dəyişdirilməsi mümkün olmadı. Cəmiyyətdə populyar olan vahid namizəd ideyasının baş tutması belə, seçicilərin seçki prosesində fəallığını artırmadı. Seçki günü seçicilərin seçkilərdə iştirak faizi əvvəlki seçkilərdə olduğundan daha artıq olmadı, əksinə bəzi seçkilərdəkindən daha az oldu. Gözləntilərə rəğmən cəmiyyətin siyasi partiyalarda təmsil olunmayan hissəsinin siyasi prosesə kütləvi qoşulması halı baş vermədi. Ziyalıların seçki prosesində iştirak faizi, kütləvi aksiyalarda iştirak edənlərin sayı və digər amillər göstərdi ki, sadəcə demokratik qüvvələrin bir araya gəlməsi və vahid namizədin müəyyənləşməsi cəmiyyətdə köklü siyasi dəyişikliklərə nail olmaq üçün yetərli deyil, bunun üçün yeni üsullar və metodlar, fərqli mübarizə taktikasının seçilməsi zəruridir. 
Müsavat Partiyası bunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura  daxilində, həm Milli Şuradan kənarda funksional  əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü. 
Müsavat Partiyasının bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə mütəffiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatçılıqla qarşılanıb. 
Müsavat Partiyasının Divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan Milli Şuranın bundan sonrakı fəalliyətində Müsavat Partiyasi üzvlərinin iştirakını məqsədəuyğun saymır. Müsavat Partiyası Milli Şurada fəaliyyət göstərən qüvvələrə uğurlar arzulayır və onlarla həm ikitərəfli, həm çoxtərəfli funksional əməkdaşlığa hazır olduğunu bəyan edir".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR