İnsanlara hürriyət, millətlərə istiqlal!

Erkin Qədirli REAL rəhbərliyindən azad edildi: “Hökumətlə əlaqələrimi gizlətmirəm” - YENİLƏNİB

3583 13.05.2014 15:42 Son xəbər A A
“ReAl demokratik təşkilatdır. Mənim bu qurumun rəhbərliyindən kənarlaşdırmağım məsələsi təşkilatın İdarə Heyətində müzakirə olundu. Mən bu qərara hörmətlə yanaşıram”.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində ReAl Məclisinin başqanı və İdarə Heyətinin üzvü  Erkin Qədirli deyib.

Bununla belə o bildirdi ki, hərəkatın sıralarında qalıb və onu tərk etmək fikri yoxdur. E.Qədirli hakimiyyət nümayəndələri ilə əlaqələrinin olması faktını da gizlətmədi.

“Bir çox vəzifəli şəxslərlə dostluq münasibətlərimin olması faktını inkar etmirəm. Amma bu münasibətlər mən müxalifətə keçməzdən xeyli əvvəl yaranıb. Mən elə adam deyiləm ki, müxalifətə keçəndən sonra dost-tanışlarımla əlaqəmi kəsim. Mən BDU-nun hüquq fakültəsində təhsil almışam və orada dərs demişəm. Tələbə yoldaşlarımın və tələbələrimin çoxu hazırda prokurorluqda, məhkəmələrdə və digər qurumlarda yüksək postlar tuturlar” - deyə E.Qədirli bildirib.

E.Qədirli 2015-ci il parlament seçkilərində iştirakını da istisna etmədi: “Amma heç kim mənə heç nə vəd etməyib. Mən seçkiyə ReAl üzvü kimi gedəcəm. Yoxsa daha siyasətdə qalmalıyam ki?!”

*****
13:31


“İdarə Heyətinin qərarı ilə hesablaşmağa məcburam. Mən İdarə Heyətinin iclasında öz izahlarımı verdim, arqumentlərimi gətirdim. Amma İdarə Heyəti bunu inandırıcı qəbul etmədi”.   

“Axar.az” APA-ya istinadən xəbər verir ki, bunu REAL-ın məclis başqanı Erkin Qədirli vəzifəsindən kənarlaşdırılmasına münasibət bildirərkən deyib.   

E. Qədirli qərarla razılaşmasa da, İdarə Heyətinin qərarını qəbul etməyə məcbur olduğunu qeyd edib. 

Onun sözlərinə görə, qərara şəxsi münasibətlər təsir göstərməyib: “Mən REAL-ın qurucularındanam. REAL mənim üçün daha çox bir missiyadır. Mənə qarşı heç bir şəxsi-qərəzlik yoxdur. Biz çalışırıq ki, şəxsi münasibətlərimizi hərəkata gətirməyək. Orda hamı mənə hörmətlə yanaşır. Onlar hesab edirlər ki, mənim fikirlərim REAL-ın təməl prinsiplərinə uyğun deyil. Yəni, buna heç bir şəxsi münasibət təsir göstərməyib. REAL-ın prinsiplərini qəbul etməsəydim, hərəkatdan çıxardım. REAL-ın proqramının hazırlanmasında şəxsən iştirak etmişəm. Fikirlərimdə qəzəbli, ehtiyatsız ifadələr işlətmişəmsə, təbii ki, mənim məsuliyyətimdir”. 

*****
13:00


Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin mayın 12-də iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda REAL Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirli ilə bağlı qərar qəbul edilib. Qərarı təqdim edirik: 

İclasda partiyalaşmayla bağlı məsələlərlə yanaşı, REAL Məclis Başkanı və İdarə Heyətinin üzvü, Erkin Qədirlinin son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmçinin, həmin ifadələrə gətirdiyi izahlarda buraxdığı ciddi yanlışlıqlar müzakirə olunub. Qeyd olunub ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. Ona görə də, təklif olunub ki, Erkin Qədirli REAL Hərəkatının Məclis Başkanı və İdarə Heyətinin üzvü vəzifələrindən çıxarılsın. Bu təklif REAL Hərəkatının İdarə Heyətinin Sədri, İlqar Məmmədova da öncədən göndərilib. İlqar Məmmədov ədalətsiz olaraq, sırf siyasi sifarişlə həbsdə olduğundan, İdarə Heyətinin müzakirələrində və səsverməlirində iştirak edə bilmir. Amma bu məsələylə bağlı öz xüsusi rəyini İdarə Heyətinin üzvlərinə çatdırıb. İlqar Məmmədovun da rəyi nəzərə alınmaqla, İdarə Heyəti qərara alır:

1. Erkin Qədirli Məclis Başkanı vəzifəsindən azad edilsin.

2. Erkin Qədirli İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirsin, amma onun İdarə Heyətində səs vermək, eləcə də REAL Hərəkatının fəaliyyətilə bağlı kütləvi informasiya vasitəlirinə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılsın. 

3. İdarə Heyəti REAL Hərəkatının ilk qurucularından olan Erkin Qədirliyə qarşı belə tədbirlərə əl atmaq məcburiyyətində olduğuna görə dərin təəssüfünü bildirir və xüsusilə vurğulayır ku, Hərəkatın kollektiv kimliyinə, təməl prinsiplərinə və proqram sənədlərinə zidd hərəkətləri edən heç bir üzvünə güzəştə getməyəcək. REAL Hərəkatı demokratiya uğrunda çalışan və özündə demokratiyanı yaşadan siyasi təşkilatdır və şəxsi nüfuzundan asılı olmayaraq bütün üzvlərimiz demokratik dəyərlərə hörmət etməli və onlara sadiq qalmalıdır. 

REAL Hərəkatı yarandığı ilk gündən ölkədə həqiqi Cümhuriyyətin bərpasına, insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar olmasına, Avroatalntik məkanın bölüşdüyü fundamental bəşəri dəyərlərin cəmiyyətdə təbliğinə əzmlə çalışmış, fəaliyyətinin bütün istiqamətlərini məhz bu dəyərlər üzərində qurub. Hərəkatın rəsmi mövqeyini ifade edən proqram sənədlərində bütün bu prinsiplər öz əksini hərtərəfli şəkildə tapmışdır. REAL Hərəkatı İlk gündən kollektiv kimlik, kollektiv idarəetmə prinsiplərini ölkə siyasətinə gətirməyə və bu qavramların siyasi dilə oturmasına çalışmışdır. Bir daha bəyan edirik ki, yanlız REAL İdarə Heyəti adından yayılan bəyanatlar, sənədlər, açıqlamalar Hərəkatımızın rəsmi mövqeyi sayılmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR