İnsanlara hürriyət, millətlərə istiqlal!

BÖLGƏ TELEKANALLARI SAHİBLƏRİNDƏN ALINIR

Bakıda fəaliyyət göstərən və ölkə üzrə yayılan telekanallarla bağlı məsələ hakimiyyətin seçkilərə aid telelayihəsinin birinci hissəsidir. Bu layihənin ikinci hissəsi bölgələrdə fəaliyyət göstərən telekanallarla bağlıdır.

Qeyd edək ki, ölkədə 8 ümumrespublika (AzTV, İTV, “Lider” TV, “Space” TV, “ANS” TV, “ATV”, “Xəzər” TV, “İdman-Azərbaycan”) və 14 bölgə televiziya kanalı var. İTV ictimai, AzTV isə dövlət kanallardır. İTV ictimai yayım qanunu əsasında işləsə də, AzTV-nin fəaliyyəti bu qanunla tənzimlənmir. Hər iki kanal tam olaraq hökumətin asılılığındadır.

Bölgələrdə fəaliyyət göstərən telekanallar isə bunlardır: “Alternativ TV” (Gəncə), “Kəpəz” TV (Gəncə), “Aygün” TV (Zaqatala), “Dünya” TV (Sumqayıt), “Xəyal” TV (Quba), “Qütb” TV (Quba), “Cənub” TV (Lənkəran), “Mingəçevir” TV (Mingəcevir), “Simurq M” TV (Tovuz), “Kanal-S” (Şəki), “EL” TV (Yevlax), “RTV”(Xaçmaz), Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi (Naxçıvan) və “Kanal 35” (Naxçıvan).

Hakimiyyətin yeni seçki telelayihəsinə əsasən bütün bölgə telekanalları əvvəlki sahiblərindən alınaraq onlara rəhbərlik bir əldə cəmləşdirilir. Bu barədə redaksiyamıza daxil olan məlumata görə, artıq Tovuzda fəaliyyət göstərən “Simurq M” TV əzəli sahibi Musa Süleymanovdan sahibindən alınıb. Hətta bu telekanalın adı da dəyişdirilib və indi “Türk eli” TV adlanır. Bundan başqa, bir müddət öncə Yevlaxda fəaliyyət göstərən “Yevlax” TV də sahibindən alınıb, həmin telekanal hazırda “EL” TV adı ilə fəaliyyət göstərir.

Digər bölgə telekanalları ilə bağlı da vəziyyət bu cürdür. Doğrudur, hələlik müqavimət göstərənlər də var. Məsələn, “Aygün” TV (Zaqatala), “Mingəçevir” TV (Mingəcevir),  “Alternativ TV” (Gəncə) kimi telekanallar özlərini buralara qədər qoruya biliblər. Onlardan bəziləri isə onsuz da hakimiyyətdəki məmurlara məxsus idi. Məsələn, “Alternativ TV”nin təsisçisi ATV-nin sahibi Tagı İbrahimovdur (Nazim İbrahimovun qardaşı). Regional televiziyaların bir ələ cəmlənməsi prosesinin mexanizmi də çox maraqlıdır.  Bölgələrdə fəaliyyət göstərən bütün telekanallar rəsmi olaraq tanınmış televiziyaçı Rüstəm Əliyevin sahibi olduğu “Reg TV” adlı şəbəkənin üzərinə alınır. Lakin onlar birbaşa Prezident Administrasiyasının tabeçiliyinə keçirilir, onlara ideoloji nəzarət isə hər bölgədən olan inanılmış şəxslərə həvalə edilir.

Bu barədə məlumat verən mənbəmiz qeyd edib ki, bölgələrdəki bəzi telekanalların Qərb təşkilatları ilə əməkdaşlığına da son qoyulub. Hansı ki, həmin telekanallar böyük qrantlar əsasında bəzi layihələr həyata keçirirdilər.


Bizə məlumatı verən mənbənin iddiasına  görə, bu proses birbaşa seçkilərlə bağlıdır və müxalifətdən olan namizədlərin bölgə telekanalları ilə təbliğat kampaniyası aparmasının qarşısını birdəfəlik almağa hesablanıb. Bölgə telekanalları vasitəsilə təbliğat kampaniyası aparmaq Bakıya nisbətən xeyli ucuz başa gəlir və əvvəlki seçkilərdə bir sıra bölgələrdə müxalifətdən olan namizədlər onların efirindən yüksək səviyyədə istifadə ediblər.

 

Şərh yoxdur