İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 10 gündə 3 terror – Türkiyəni hara sürükləyirlər? - ŞƏRH

6078 19.12.2016 22:42 Son xəbər A A



Son 10 gündə Türkiyədə 3-cü dəhşətli terror aktı baş verdi. Dekabrın 10-da İstanbulda, 17-də Kayseridə baş verən terror aktlarının ardınca bu gün Ankarada növbəti terror baş verdi. Rusiyanın Ankaradakı səfiri Andrey Karlov silahlı hücuma məruz qaldı. Səfirin əvvəlcə ağır yaralandığı bildirilsə də, sonradan Güvən xəstəxanasında olan səfirin öldüyünü artıq Rusiya XİN də təsdiqləyib.

Ankaranın mərkəzində, Çağdaş Sənətlər Mərkəzində bu gün keçirilən sərgiyə səfir Karlov tərcüməçi və mətbuat katibi ilə gəlib. Açılış çıxışı zamanı səfirin arxasında dayanan mülki geyimli mühafizə polisi qəfildən silahını çıxararaq səfirə doğru 4-5 dəfə atəş açıb, daha sonra isə havaya atəş açıb. 

Terrorçunun sərgi salonuna polis vəsiqəsi ilə girdiyi və terror hadisəsindən sonra öldürüldüyü bildirilir. Hadisə yerinə daxili işlər naziri Süleyman Soylu, Ankara meri Melih Gökçek də gəlib. Rusiya rəsmi dairələri hələlik soyuqqanlı davranır, xəbərlərin dəqiqləşdirildiyini və Putinə məlumat verildiyini açıqlayıb. Putinin yaxın dəqiqələrdə kəşfiyyat və xarici işlər nazirini qəbul edəcəyi gözlənilir. Bu arada, Türkiyə prezidenti R.T. Ərdoğan da Putini arayaraq, ona bilgi verib. 

Təbii ki, Rusiyanın Türkiyədəki səfirinin silahlı hücuma məruz qalması sıradan bir kriminal və ya bəsit bir terror hadisəsi deyil. Terroru törədən gənc yaşlarında  - 1994-cü il doğumlu bir Mövlud Mərt Altıntaş olub, səfiri güllələdikdən sonra Hələb olaylarından danışıb, “Hələbi unutmayın, orda insanları qətlə yetirlir, onlar orada öldükcə siz burda rahat qalmayacaqsınız”, deyə bağırıb. Rusiyanın Hələb və Suriyada qətliamlar törətdiyini deyib və təkbir (Allahu-Əkbər) deyib. Hər halda ilkin şahid məlumatları bundan ibarətdir. 
Hazırda iki versiya var. Birincisi, bu, planlaşdırılmış terror aktıdır. Rusiya və Türkiyə münasibətlərinə zərər vurmaq, Türkiyədə xaosu daha da dərinləşdirmək, ölkədə vəziyyətin nəzarətdən çıxdığı görüntüsünü yaratmaqdır. Hazırda iki ölkə münasibətləri bərpa mərhələsində olsa da, Suriya münaqişəsi ilə bağlı Ankara və Moskva arasında ciddi fikir ayrılığı var, daha dəqiqi “cəbhənin” əks tərəfindədirlər. 

Yeri gəlmişkən, sabah Rusiya, Türkiyə və İran XİN rəhbərləri arasında Suriya münaqişəsi ilə bağlı görüş olacaqdı. Bu da iki ölkə münasibətlərinin və xüsusən də Türkiyənin özünü hədəfə alan bir terror-təxribat olayı olması ilə bağlıdır. 

İkinci variant isə hadisənin İŞİD və ya Suriyada savaşan islamçı qrupların sifarişi ilə törədildiyidir. Terrorçunun səfiri güllələdiyi zaman söylədikləri bunu deməyə əsas verir. Terror təşkilatlarının Türkiyədə çoxsaylı hücrələri var, üstəlik Hələb olayları zamanı Türkiyədə Rusiya-İran ittifaqına qarşı radikal islamçı mediada güclü anti-təbliğat aparılıb. Bu təbliğatın təsiri altında bir qisas aksiyası, eyni zamanda Suriyada yarana biləcək Rusiya-Türkiyə yaxınlaşmasını vurmağa hesablanmış bir qəsd olduğunu demək olar. 

İstənilən halda bu akt Türkiyəyə qarşı yönəlib. Türkiyənin artıq təhlükəsiz ölkə olmadığı, hətta diplomatların və dövlət məmurlarının (son iki terakt polis və hərbçiləri hədəfə alıb – K.R) təhlükəsizlikdə olmadığını nümayiş etdirməyə hesablanıb. Terror Ankaranın mərkəzində, ABŞ və Avstriya səfirliklərinin yaxınlığında, Parlament binasına yaxın ərazidə baş verməsi bunu hədəfləyir. Bu hadisələrin silsiləvi olması daha qorxulu ssenarilərin ola biləcəyinə, Türkiyədə xaos və növbəti bir hərbi çevrilişə yol açacağı ehtimalını da kənara qoymaq olmaz. Unutmaq olmaz ki, 1980-ci ildə baş verən hərbi çevriliş də ölkədə xaos yarandığı zaman baş vermişdi. 

Qeyd edək ki, Türkiyənin yerli ekspertləri hadisənin arxasında Qərb xüsusi xidmətlərinin olduğunu, hətta bəziləri İranın əlinin olduğunu iddia edir. Bəzi ekspertlər isə iddia edirlər ki, bunu FETÖ terror təşkilatı törədib. 

Kimin planlayıb, kimin törətməsindən asılı olamyaraq bu terror dəqiqliklə planlaşdırılıb, səfir izlənilib, hətta onun mühafizəsiz olduğu da bilinib. Terrorçunun salona rahat şəkildə girməsi və ümumiyyətlə, bütün detallar olayın çox peşəkar hazırlandığını göstərir. 
Nəticə etibarı ilə Türkiyə mürəkkəb və ağır bir mərhələyə qədəm qoyur. Günü-gündən ağırlaşan bu vəziyyət ölkə üçün ağır sınaq olacaq. Hökumətin son illərdə götürdüyü yayılmaçı siyasi kurs, həmçinin ABŞ və AB ilə düşmənçilik siyasətinin, qonşu ölkələrlə problemli kursdan imtina edib, Atatürk Respublikası kursuna geri dönməsinin, daxili siyasətdə qəti addımlar atmasına ehtiyac var. 

Kənan, musavat.com 
Rusya büyükelçisine saldırı yapan polis ile ilgili görsel sonucu




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR