İnsanlara hürriyət, millətlərə istiqlal!

Sökülə-sökülə tikilən şəhərin yeni epoxası

1497 14.12.2018 10:10 Yazarlar A A

Yaşlı sakinlər yəqin ki, Bakının 30-40, hətta 50-60 il əvvəlini yaxşı xatırlayırlar. Şəhər nə haldaydı, necəydi?  O şəninə şeirlər yazılan, mahnılar bəstələnən şəhərin mərkəzi nahiyələrini çıxmaqla paytaxtda tam bir biabırçılıq hökm sürürdü.

Köhnə bədii və sənədli filmlərin ağ-qara kadrlarındakı Bakı əsl Bakı deyil. O süjetləri şəhərin ən gözəgəlimli yerlərində çəkiblər, əslində isə Bakının bir xeyli hissəsi yastı-yapalaq gecəqondulardan, dar-düdük küçə və dalanlardan, boş yerləri isə neftli-mazutlu gölməçələrdən, şoranlıqlardan ibarət idi.

Bakının siması ötən əsrin 50-ci illərindən sonra start götürmüş, ta SSRİ dağılana qədər davam edən tikinti-quruculuq işləri vüsət aldıqdan sonra bir qədər dəyişmişdi.

Metro stansiyaları, çoxmərtəbəli binalar, stadionlar, idman, konsert zalları tikilmiş, ancaq yenə də Bakı müasir meqapolis olmaqdan uzaq qalmışdı. Bu, öz arxa küçələri ilə daha çox Kəlküttəyə, Şanxaya bənzəyən bir şəhər idi.

Bir də 2000-ci illərdən sonra Bakıda əsaslı şəkildə tikinti bumu yaşandı - bir tərəfdən dövlət, bir tərəfdən mafioz-oliqarxlar, o biri tərəfdən yeni əmələ gələn sahibkarlar zümrəsi Bakını öz aralarında hektar-hektar, sot-sot bölüb yenidən tikməyə başladılar.

Bu tikinti bir az planlı, bir xeyli də spontan, xaotik səciyyə daşıdı. Bununla belə, Bakının mərkəzi hissəsi, dənizkənarı bulvarı tamamilə yeniləndi, köhnələrdə şəhərin “yataqxanası” adlandırılan rayonlarında göydələnlər ucaldıldı, yeni-yeni parklar salındı, körpülər, tunellər, yolötürücüləri, yeni metro stansiyaları inşa edildi.

İndi şəhər pis-yaxşı müasir meqapolislərə bənzəyir. Bir də şəhər ətrafındakı yeni-yeni gecəqonduların yerində alman üsulu ilə, planlı qəsəbələr salınsaydı, lap yaxşı olardı. Amma nə edək,  qabiliyyətimi budur, şəhərsalma bacarığımız bundan ibarətdir.

Ən ümdəsi odur ki, Bakı bu illər ərzində daima sökülə-sökülə tikildi. Bunsuz mümkün deyildi. Bakıdakı köhnə, ömrünü başa çatdırmış tikililıər, kəsafət yağan məhəllələr sökülməsəydi, yeri inşaat meydançasına çevrilməsəydi, Bakını müasirləşdirmək mümkün olmayacaqdı.

Bir zamanlar Basin adlnan, əsl adı Füzuli küçəsi olan yaşayış massivinin yerində indi qış bulvarı salınıb və bura xeyli müasirləşib, abadlaşıb. Yaxud məşhur “Sovetski” məhəlləsini, “Kubinka” ətrafını, “Xutor” həndəvərini götürəkE 

Əlbəttə, dədə-babadan həmin massivlərdə yaşayanlar üçün oradakı tikililərin sökülməsi xeyli dərəcədə emosional məsələdir. Onların orada xatirələri, keçmiş günləri var. Ancaq insan daima irəli baxmalı, inkişafa can atmalıdır. Keçmişə qapanıb qalmalı olsaydıq, onda gərək biz hələ də dədə-babalarımız kimi qazmalarda, kərpic evlərdə, çovustanlarda, keçə döşənmiş alaçıqlarda yaşayaydıq. O, qazmalar və daxmalarda da xeyli xatirələr qalmışdı.

Söz yox, tarixi-memarlıq abidəsi sayılan tikililərə toxunmaq olmaz, hətta onları göz bəbəyi kimi qorumaq lazımdır.

Ancaq birmərtəbəli, yarıuçuq, pəncərəsiz, zirzəmi tipli tikililəri, hətta Xruşovun vaxtında tikilmiş beşmərtəbəli evləri qoruyub saxlamağın bir anlamı yoxdur. Onları sökmək, yerində geniş parklar və göydələnlər inşa etmək, əvvəlki dar küçəni geniş prospektə çevirmək mümkündür.

2000-ci illərin əvvəlində, hazırda çoxlarının bəyənmədiyi, tənqid etdiyi Hacıbala Abutalıbov Bakının rəhbəri təyin ediləndə də şəhər ağlamalı gündəydi. Təkcə paytaxtınn dörd bir tərəfindəfəaliyyət göstərən göy brezentli kafe-restoranları, necə gəldi inşa edilən tikililəri xatırlayaq. İyrənc mənzərəydi...

Bu baxımdan şəhərin indiki rəhbəri Eldar Əzizovun da öz işinin icrasına söküntü ilə başlaması anlaşılandır. Ənənə belədir. Gələn sökə-sökə gəlir. Barı tikə-tikə getsə...

Sadəcə, könül istər ki, Eldar Əzizov şəhərin estetik görünüşünü pozan tikililəri sökə-sökə dəniz kənarlarına doğru da irəliləsin, Xəzəri hündür hasarlarla mühasirəyə alıb xaldan gizləyənlərin villalarını olmasa da, hasarlarını söksün.

Hazırda aktual olan budur. Atatürk parkındakı restoranlardan çox, xalqı pərişan edən məhz dənizin hasarlanmasıdır.

Ümid edək ki, onun da sırası gələcək və Bakının mənzərəsini, rahatlığını pozan, onu dünya meqapolislərindən geri qoyan bütün tikililərin sonu çatacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR