İnsanlara hürriyət, millətlərə istiqlal!

10 il bundan öncəki Azərbaycan - həbslərdə qazananlar

3366 17.10.2013 13:23 Siyasət A A
Azərbaycanın yaxın siyasi tarixinin ən böyük vətəndaş-polis qarşıdurmasından düz 10 il ötür. Oktyabrın 15-16-da seçicilər Müsavat başqanı İsa Qəmbərə verdikləri səslərini qorumaq üçün paytaxtın mərkəzinə axışdı. 10 minlərlə insan YAP iqtidarından saxtakarlığa son qoyaraq onun iradəsi ilə razılaşmağı tələb etdi.

Oktyabrın 15-də Müsavat Partiyasının Azərbaycan prospektində  yerləşən mərkəzi qərargahının qarşısında yaşananlar artıq sabahkı qarşıdurmanın xəbərçisi idi. Seçdiyi namizədi dəstəyə gələn vətəndaşların içərisinə yerləşdirilən təxribatçılar meydanı hər an partlaya biləcək bomba halına gətirmişdilər.

Oktyabrın 16-da Bakıda yaşananlar, heç şübhəsiz, tarixə öz konstitusion haqqını tələb edən vətəndaşlara qarşı hakimiyyətin ən amansız davranışı kimi düşüb. Yalnız etiraz şüarları ilə “silahlanan” vətəndaşların qarşısına hakimiyyət YAP namizədinin qələbəsini təsdiq edən seçki protokolları ilə deyil, top-tüfənglə çıxmışdı. Sentyabrın 16-da Neftçilər prospekti ilə irəliləyən vətəndaşları Azadlıq Meydanının girişində Daxili Qoşun, Çevik Polis Alayı, MTN-in xüsusi təyinatlı dəstələri, Sərhəd Qoşunlarının xüsusi bölmələri qarşıladı. Dəqiqələr içərisində paytaxt küçələri savaş meydanında döndü. Etirazçılara sözün əsl mənasında qan udduruldu.

Minlərlə insan döyüldü, minlərlə insan həbs edildi. Etirazları təşkil etmə suçlaması ilə 17 oktyabrda həbs edilənlər sırasında Ümid Partiyasını sədri İqbal Ağazadə də var idi. 10 il sonra 15-16 oktyabr olaylarını şərh edən İqbal Ağazadə deyir ki, həmin gün baş verənlərin təsiri ölkənin siyasi həyatında bu gün də hiss edilməkdədir: “Meydanda vətəndaşlarla aşırı güc tətbiq edən polislər arasında çox böyük qarşıdurma yaşandı. Biz orada idik - xalqla bir yerdə. Rauf Arifoğlu, Pənah Hüseyn və mən meydandakılar dağıdılandan sonra Ümid Partiyasının qərargahında toplaşdıq. Ancaq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin, Çevik Polis Alayının əməkdaşları qısa zamanda partiya binasını mühasirəyə aldı. Biz qərargahın arxa qapısından çıxıb, mənim evimə gəldik. O zaman hələ mənim deputat toxunulmazlığım götürülməmişdi. Növbəti gün üçün bütün bəyanatlar bizim evdə hazırlandı, bütün bəyanatlar bizim kompüterlərdə yığılıb qəzetlərə göndərildi. 10 il sonra həmin günlərə baxanda bir qədər fərqli hisslər yaşanır. 10 il öncəki seçkidə baş qəhrəman seçici idi. 10 il öncəki prosesdə nəticəsizlik bugünkü seçki prosesində də özünü açıq göstərir. Bu gün meydanda siyasiləşmiş elektoratdan kənar seçici yoxdur. Bu günün akademik sualı bu olmalıdır ki, biz seçicini yanımıza almaq üçün nə etməliyik. Oktyabrın 17-də artıq Milli Məclis toplanmış və mənim toxunulmazlığım ləğv edilmişdi. Saat 16-da Banditizm və Terrorizmə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının evimə hücumu ilə həbs edildim. Beləliklə, 17 aylıq məhkəmə, həbs həyatımız başladı”.

İqbal Ağazadənin fikrincə, həbs avtoritar rejimlərlə siyasi mübarizə aparan şəxslər üçün olduqca gözləniləndir: “Siyasətçi hər şeyi gözə almalı, iqtidarın hər basqısına hazır olmalıdır. Biz proseslərin məhz repressiyalarla davam edəcəyini gözləyirdik. O zaman dostlardan biri bizim yanımızdaydı və mən israrla onun bizdən getməsini istəyirdim. Ona izah edə bilmirdim ki, evimə hücum olacaq, baxmayaraq ki, hücumla bağlı xəbərdarlıq almışdım və tək həbs olunmaq istəyirdim. İstəmirdim ki, mənimlə bərabər digər şəxslər də əziyyət çəksinlər. Çünki 1 gün azadlıqda olmağın özü belə prosesləri yumşalda bilir, bizim də olmasa, ən azı sıravilərin halına təsir edə bilirdi. Bütün çətinliklərə baxmayaraq, düşünürəm ki bu da mənim siyasi karyeramda qırmızı xətlə keçən bir dönəmdi və bu səhifəni oxuyan hər bir Azərbaycan vətəndaşı bizim necə, hansı səviyyədə mübarizə apardığımızın şahidi olur. Biz hər zaman Azərbaycanın demokratikləşməsi üçün çaba göstərmişik. Hesab etmirəm ki, 16 oktyabr mənim taleyimdə ya müstəsna müsbət, ya da müstəsna mənfi rol oynayıb. Bu, Azərbaycan tarixində siyasətçinin keçə biləcəyi mümkün yollardan biridir, biz də o yolu şərəfimizlə keçdik”.

Siyasi məhbuslara əfv ərizəsi yazdırılması praktikasına YAP iqtidarının təcrübəsində dəfələrlə rastlanıb. İqbal Ağazadə deyir ki, 16 oktyabr məhbuslarına da dəfələrlə belə təkliflər edilib: “Bizə dəfələrlə əfv ərizəsi yazmağımız üçün basqılar edilmişdi. Ancaq biz belə bir addım atmadıq. Çünki bizim adımız qaldırılan cinayət işində təşkilatçı kimi gedirdi. Ancaq biz sıravi şəxslərə müraciət etdik ki, onlar əfv ərizəsi yazsınlar. Biz bütün məsuliyyəti üzərimizə götürdük və onlara da bildirdik ki, onların azadlığa çıxması bizə çox lazımdır. Bu gün də hesab edirəm ki, biz bununla ən doğru olanı etdik. Çünki insanların bəzən bir günlük azadlığı bir ömürlə ölçülür. Bəlkə də rəhmətlik Alqayıt həbsdən daha tez çıxsaydı, vəfat etməzdi, bəlkə Ehtiram həbsdən tez çıxa bilsəydi, səhhəti haqqında daha çox düşünərdi, vəfat etməzdi, başqaları da o cür. Ona görə 1 saat belə azadlıqda olmaq dəyərlidir. Əslində bu məsələdə bizə xüsusi basqı da göstərə bilmirdilər. Çünki adı cinayət işində təşkilatçı kimi keçən 7 nəfərdən heç birinin ələ alınmasının mümkün olmadığını bilirdilər. Bizim ən azı mövqeyimizin dəyişməyəcəyini, proseslərə münasibətimizi bilirdilər. Ancaq təbii ki, bizi daha ağır cəzalandırmaqdan da çəkinmirdilər. Təkcə Bayıl həbsxanasında məni 3 dəfə “kars”a salmışdılar. Digər dostlarımızı da həmçinin”.

Ümid sədrinin fikrincə, 10 il öncə də Azərbaycan müxalif düşərgəsinin ən böyük problemi birləşə bilməmək olub:“Biz bəlkə 2003-cü ildə müxalifətin daha böyük kəsimini birləşdirə bilsəydik, kənarda qalanlar da prosesin gerçəkliyini və məsuliyyətinin hiss edib bir yerdə olsaydılar, demokratikləşmə bugünkü qədər çətin olmazdı. Bu gün demokratikləşmədən çox şiddətlə danışanlar ən azı demokratikləşmə fürsətində lazım olan mövqe ortaya qoymadılar. Onlar bu fikri qəbul etsələr də etməsələr də bu, faktdır. Mən demirəm hakimiyyət dəyişərdi, ya dəyişməzdi, bunlar məsələnin digər tərəfi idi. Əsas o idi ki, demokratikləşmə, tərəflərin üzərinə məsuliyyət götürməsi, tərəflərin bölünməməsi, müxalif fikrin vahid mövqedə olması üçün ən optimal dövr idi. Bu fürsət əldən qaçırılandan sonra məğlubiyyət sindromu bu günə qədər cəmiyyəti tərk etməyib. Bu məsələnin də məsuliyyəti hakimiyyətlə yanaşı bu prosesdə səmimi və sonadək iştirak etməyənlərin üzərindədir. Çünki tarixdə bu tipli mübarizələrdə şanslar hər gün olmur. Hər gün olanda demokratiya olur. Bu şansları da düzgün dəyərləndirmək lazımdır. Azərbaycan müxalifətinin böyük bir kəsimi bunu müsbət dəyərləndirsə də, ancaq əhəmiyyətli bir hissəsi də dəyərləndirmədi və fərqli yerdə durdu. Azərbaycan müxalifətinin ümumiyyətlə belə bir bəlası var, gərəkən zaman fərqli yerdə olmaq. Həmin nəticəsizlik də demokratikləşmə prosesində Azərbaycana ciddi zərbə vurur. Biz yenidən 10 minlərlə seçicinin siyasi proseslərin içərisinə almaqda çətinlik çəkirik. Hər kəs siyasi dəyişiklikləri müxalifətin vəzifəsi hesab edir.  Bu yanaşma dəyişməlidir. Seçki iqtidar-müxalifət məsələsi deyil. Seçki xalqın məsələsidir. 2003-cü ildə seçki xalqın məsələsi olmağın bir addımlığına qədər gələ bilmişdi. Amma dediyim səbəblərdən olmadı. Bu gün də həmin inamsızlıq seçkinin yalnız iqtidarın və müxalifətin məsələsi kimi anlaşılmasına gətirib çıxarıb”.

Həmin dövrdə həbsə alınan və  əsas təşkilatçı kimi ittiham olunan, əleyhinə hətta partiya liderlərindən ifadələr alınan Rauf Arifoğlu müxbirimizə  bunları dedi: “O hadisələr, üzərindən neçə il keçsə də, unudulan, əhəmiyyətini itirən deyil. İsa Qəmbərin komandası olaraq ən ağır şərtlər altında böyük bir iş bacardıq və ciddi nəticə aldıq. Lakin bir gün sonra həmin nəticə qarşı tərəfin siyasətə ordu çıxartması ilə sonuclandı. Liderləri və min nəfərdən çox fəalı həbs etdilər. Heç bir əsas olmadan 17 ay cəza evində qaldıq. İndi 2003-cü ilin 16-17 oktyabr olaylarından bizi xatirələr, təcrübə və 10 illə ölçülən zaman ayırır. Lakin həmin müddət xalqın və demokratik müxalifətin qarşısında duran vəzifələr dəyişməyib, eynisi ilə qalır”. Baş redaktor deyir ki, 2003 olayaları həm də siyasi səhnədə bir test oldu: “Kimin potensialının, dəyanətinin, dosta, yola sədaqətinin, cəsarətinin və sair göstəricilərinin nə qədər olduğu üzə çıxdı. İndi elə siyasi xadimlər, çeşidli firqələrin funksionerləri, siyasi ekspertlər var ki, dəyanətdən, ləyaqətdən, ardıcıllıqdan dəm vururlar. Hansı ki, onların mənim cinayət işimdə ifadələri var. Əleyhimə ifadə veriblər və mənə qarşı çıxarılan hökmün əsasını təşkil etmək üçün istintaqla işbirliyinə gediblər. Təbii ki, xoşluqdan deyil - qorxublar, tutulmaq, döyülmək istəməyiblər. İndi isə unudublar, etdiklərini. Allah köməkləri olsun”.

R. Arifoğlu deyir ki, 2003-cü ilin oktyabr hadisələrini xatırlayıb da, Norveçin o zamankı səfiri Steynar Gili yada salmamaq mümkün deyil: “Məni mütləq ölümün əlindən alıb, səfirliyə, sonra da evinə apardı. Eyni jesti İşərişəhər “Cümə” məscidinin imam camaatı, dəyərli dostumuz Hacı İlqar İbrahimoğluna etdi. Beynəlxalq skandala gedərək, hakimiyyətin bütün təzyiqlərinə dirənib, bizi 5 gün evində saxladı. Hacı İlqarla orada keçirdiyimiz 5 uzun və gərgin günü tez-tez xatırlayırıq. Bizim dostluğumuz Steynar Gilin evindəki taleyüklü həmin 5 gündən başlayır. İnsan adi həyatda maskalana bilər, ətrafdakılara oynayıb, yalançı təəssürat qazanmağı bacarar. Lakin ölüm təhlükəsi və yüksək gərginlikli vəziyyətlərdə insanın içi, bütün göstəriciləri açığa çıxır. Biz bir-birimizi o vəziyyətlərdə gördük, müşahidə etdik və qərar verdik. Hansı ki, həmin qərarla da sarsılmaz dostluğumuz davam edir. Bir detalı dedim. S. Gil ilk gün, hətta ilk dəqiqələrdə bizə bir təklif verdi: “Sizi indi, bu dəqiqə bayraqlı maşınımla Bakıdan Gürcüstana aparıram. Mən həm də Norveçin Gürcüstandakı səfiriyəm. Oradan da Osloya yola salacam. Burada qalsanız, sizi öldürə bilərlər...” Təbii ki, biz heç düşünmədən “yox” dedik. Xahiş etdik ki, sadəcə bizi normal olaraq polisə-həbsxanaya təhvil verin. Normal həbsdən başqa heç nə istəmirik. Bizi isə normal həbs etməkdən imtina edirdilər - cənab səfirdə olan məlumata görə, bizi küçədə, guya “qəzəblənmiş xalq kütlələri”nin əli ilə linç etmək niyyətindəydilər.  Bu səbəbdən də S. Gil hər hansı anlaşmaya qədər ikimizi də səfirlik, daha sonra isə rezidensiyası ərazisindən buraxmaq istəmədi. Danışıqlar uzandı, buna görə də 5 gün səfirin evində qalası olduq. Həmin günlər S. Gilin evi bir növ diplomatik qərargah olmuşdu. Bütün Qərb ölkələri səfirləri, xarici jurnalistlər oraya gəlir, bizimlə görüşür, məsləhətləşirdi. Hesab edirəm ki, biz onların düzgün məlumatlandırılması sayəsində yüzlərlə fəalı, siyasi mühitdə tanınmayan partiya üzvlərini azadlıqlarına qovuşdurmaqda vasitəçi olduq. Həbs olunan liderlərin işgəncələrə məruz qalmasını yaxınlarından və vəkillərindən öyrənib, axşam saatlarında toplanan səfirlərə, özəlliklə də S. Gilə çatdırırdıq. Bu məqamda dəqiq məlumata sahib olmaq nöqtə zərbələrinə bənzəyirdi. Səfirlər Azərbaycan nazirləri, yetkililəri ilə görüşür, az qala birinci əldən aldıqları və təkzibi mümkünsüz məlumatı onların qarşısına qoyurdular. Steynar Gil və digər səfirlərin əsas hədəfi o zamankı MCQMİ-də olan liderlərin yanına “Qırmızı xaç” təmsilçilərini salmaq, daha sonra isə onları oradan Bayıldakı istintaq təcridxanasına köçürtmək idi ”.

Rauf Arifoğlu deyir ki, 5 gün sonra Norveçin xarici işlər naziri ilə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov arasında bir müqavilə imzalandı: “Nə qədər qəribə olsa da, bu müqavilə mənimlə bağlı idi. Məzmunu təxminən belə idi: Azərbaycan hakimiyyəti Norveç hökuməti qarşısında mənimlə bağlı öhdəlik götürür -  ailəmin Osloya getməsinə əngəl törətmir, özümü isə ev dustağı edir; evimdən kənara çıxa bilməzdim (guya təhlükəsizlik nöqteyi - nəzərdən); lakin hər hansı həbs və ya istintaq hadisəsi zamanı Norveç səfirliyini məlumatlandırır, həbs baş verərsə, orada səfirliyin əməkdaşı da iştirak edir, müntəzəm olaraq həbsxanada məni yoluxurlar və s... Daha 5 gün ev dustağı kimi qaldım, 27 oktyabr 2003-cü ildə ailəmi S. Gil və Mehman Əliyev Ankaraya yola saldı, oradakı Norveç səfirliyi onları Osloya göndərəcəkdi; lakin elə həmin gün Baş prokurorluq məni həbs etdi. Ailəm həbsimi eşidib, Norveçə getməkdən imtina etdi; onları yenidən Bakıya qaytardılar... Beləcə, 17 ay həbsdə qaldıq. Çıxanda başqa bir Azərbaycan vardı...”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da 2003-cü il oktyabrın 16-da kütləvi iğtişaşları təşkil etməkdə suçlu bilinərək həbs edilmişdi. 10 il öncəki olaylara bugündən baxan Sərdar Cəlaloğlu deyir ki, həmin günlər Azərbaycan demokratik qüvvələrinin mübarizə tarixinin ən yaddaqalan, sonrakı siyasi proseslərə müsbət təsir göstərən səhifələridir: “ Bəzən siyasi proseslər zirvədən dərəyə düşmək təsiri bağışlayır, pessimizm yaranır. Ancaq bir qədər soyuq başla baxanda görürsən ki zirvədən dərəyə düşmək olsa da bu həm də müəyyən mənada irəli getməkdir. Bütün hallarda 16-17 oktyabr olayları müxalifətin mübarizəsinin yeni müstəviyə çıxmasına səbəb oldu. Nəticədə 2005-ci il parlament seçkilərində müxalifət parlamentdə 40-dan artıq yer qazandı (bu nəticə hökumət tərəfindən tanınmadı- Red.). Mən bu faktı 16-17 oktyabr 2003-cü il olaylarının ən böyük nəticəsi kimi dəyərləndirirəm”.

Aygün Muradxanlı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR