İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-dan Batum Forumuna reaksiya

1965 26.11.2014 18:57 Siyasət A A

YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında Gürcüstanın Batumi şəhərində “Avropa Birliyinin Şərq Tərəfdaşlığı” çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumunda baş verənlər və ondan sonra gedən müzakirələrə münasibət bildirərkən bunları söylədi. Qeyd edək ki, Azərbaycan dövlətinin maraqlarına qarşı ssenarilərin pozulduğunu görən bəzi dairələr “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun forumun işini obyektiv işıqlandırmasını ona irad tutub qəzeti absurd formada ittiham edənlər var. Bu ittihamlar sırasında qəzetin iqtidarın maraqlarından çıxış etdiyi iddiası da var. YAP-ın təmsilçisi isə əslində tədbirdə vətəndaş mövqeyinin nümayiş olunduğunu qeyd etdi: “Biz dəfələrlə müxalifət partiyalarının nümayəndələri ilə də səfərlərdə olmuşuq və orda məsələ qaldırmışıq ki,  - düzdür, bir çoxları buna riayət etməyib - burda əsasən Azərbaycan dövlətinin maraqlarından söhbət getməlidir, öz aramızdakı münasibətləri biz öz ölkəmizdə də aydınlaşdıra bilərik. 

Bu məsələlərdə xarici təsir, yaxud erməni lobbisinin anti-Azərbaycan fəaliyyəti aydındır. Məsələn, bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən ölkənin Praqadakı səfirliyə böyük minnətdarlıq məktubu göndərilmişdi. Onun təltif olunması bununla izah olunurdu ki, səfir həm “erməni soyqırımı”, həm Dağlıq Qarabağ məsələsi, həm də ümumiyyətlə, Azərbaycana qarşı apardığı diplomatik fəaliyyət çox yüksək qiymətləndirilib. Bunun nəticəsidir ki, bir müddət qabaq Emin Milli bir dəstə ilə gedib orda qəfəs düzəldib içərisinə girmişdi. Yəni erməni lobbisinin təhriki ilə. Bundan əlavə Dağlıq Qarabağdan olan QHT-lərin  Batum forumunda iştirakına cəhd və bunun qarşısının alınmasına baxmayaraq, Çexiyanın nümayəndəsinin bununla bağlı müxtəlif fikirlər söyləməsi də həmin təsirin nəticəsidir”. 

S.Novruzov Forumdakı müzakirələr zamanın Azərbaycanın adının xüsusi qabardılmasına da etirazını ifadə etdi: “Nə Gürcüstan, nə də Ermənistanda olan problemlər deyil, Azərbaycanın adının xüsusilə insan hüquqları ilə bağlı qabarıq şəkildə vurğulanması qəbulolunmazdır. Xüsusilə Gürcüstanda 100-dən artıq, özü də hamısı vaxtilə rəhbər vəzifədə işləmiş şəxslər, baş nazir, xarici işlər, müdafiə, daxili işlər nazirləri həbsdədir. Hətta Amerikanın “demokratiya simvolu” olan Saakaşvilinin özünə də cinayət işi qaldırılıb, İnterpolda axtarış verilib. Bu haqda isə bir kəlmə danışılmır. Ermənistandakı seçkilərdə xalq güllə-boran  edilib, insanlar tutulub, onlara ağır işgəncələr tətbiq edilib, bundan bir kəlmə danışan yoxdur. 

Təbii ki, Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı deyilənlər bir mərkəzdən təşkilatlandırılmış, eyni ünvandan istiqamətləndirilən və atılan addımdır. Ona görə də mən bu baxımdan çıxış edən nümayəndələrin mövqeyini çox təqdirəlayiq hesab edirəm. Düzdür, burda nala-mıxa vuranlar, Avropaya, Amerikaya yarınanlar, onlardan nəsə qopartmağa çalışanlar da var. Amma ümumilikdə prinsipial olaraq dövlətçilik maraqlarını müdafiə edənlər düzgün mövqedə olan insanlardır”.

YAP-çı deputat “Yeni Müsavat”ın iqtidar mövqeyindən çıxış etdiyi barədə iddia səsləndirənlərin ittihamlarına da reaksiya  verdi: “Qəti şəkildə belə şey yoxdur. Bu məsələ Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan ictimaiyyəti də bu mövqeni çox təqdirəlayiq hesab edir. Yenə deyirəm, yalnız xaricdən qrant alanlar ayrı fikirdə ola bilər. Görürsən, jurnalistlərdən biri çıxış edib deyir ki, deyir Azərbaycan parlamentində də ABŞ prezidentinə, Avropanın ayrı-ayrı siyasətçilərinə qarşı nifrət aşılanır. Hansı ki, burda nifrətlə dolu fikir söylənilmir. Sadəcə deyilir ki, Leyla Yunusun səhər çay içib-içməməsi barədə prezidentin məlumatı olur, amma Azərbaycanın iki vətəndaşına dörd aydan artıqdır Ermənistanda işgəncə verilir, Xankəndində qondarma məhkəmə qurulur, amma həmsədr ölkənin təmsilçisi, Ağ Evin sözçüsü deyir bu barədə məlumatımız yoxdur. Söhbət bundan gedir ki, necə olur onu bilirsən, amma bundan xəbərin yoxdur? Ortaya çıxan budur ki, deməli, burda maraqlı tərəflər və maraqlara xidmət edənlər var”.

Cavid TURAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR