İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə-Rusiya anlaşması Azərbaycana nə vəd edir?

1949 12.10.2016 07:20 Siyasət A A
Prezident Vladimir Putinin Türkiyə səfəri və həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü dünyanın əsas müzakirə mövzularındandır. Səfər çərçivəsində xeyli müddətdir imzalanması gözlənilən “Türk axını” üzrə sazişlə bağlı suallara da son qoyuldu və Rusiya ilə Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən sənəd imzalandı. 

Bu razılaşmanın Azərbaycan üçün nə vəd etdiyi barədə fərqli yanaşmalar var. Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a dedi ki, bu layihənin yenidən gündəmə gəlməsi çoxsaylı suallar yaradıb: “Daha çox suallar bu layihənin reallaşdırılması ilə Cənub Qaz Dəhlizi (CQD) layihəsi üçün hər hansı bir problemin yarana bilməsi ilə bağlıdır. Əslində Rusiya bu layihənin reallaşdırılması zamanı CQD-nin davamı olan TANAP xəttinin imkanlarından istifadə etməyi nəzərdə tutur. ”Cənub axını" layihəsini reallaşdırmaqda Rusiyanın qarşıya qoyduğu başlıca məsələ 2019-cu ilə qədər Türkiyəyə satılan qazın Ukrayna üzərindən keçməsini dayandırmaqdır. Digər tərəfdən, Türkiyə, Azərbaycan və Rusiya artıq enerji təchizatı məsələlərinin həllində maraqları birləşdirərək regionda enerji təchizatı məsələlərində yeni bir gücün yarandığını nümayiş etdirmək istəyirlər".

“TAP və TANAP layihəsi davam edəcək. TANAP və ”Türk axını" layihələri rəqib layihələrdir. Hər iki layihə eyni hədəflə, eyni bazara çıxmağı planlayır. Sadəcə olaraq, hər iki layihə arasında rəqabət var. Ancaq bütövlükdə Azərbaycanın layihəsinin dayanması və layihənin aktuallığını itirməsinə əsaslar yoxdur". Bu fikirlər isə iqtisadçı alim Qubad İbadoğluna məxsusdur. 

O qeyd edib ki, TANAP layihəsi Rusiyanın maraqlarına uyğun deyil: “Rusiya bu layihənin baş tutmamasında lazımi səviyyədə fəaliyyət göstərəcək. Çünki TANAP Rusiyanın qaz bazarına alternativdir. İndiki halda bu layihənin dayandırılması üçün Rusiya istənilən addımı atacaq. Çünki proseslər müəyyən qədər davam edib və şimal qonşumuz indiki mərhələdə bu layihə üçün ciddi əngəl yaratmaq gücündə deyil”. Türkmənistan qazının TANAP-a qoşula biləcəyi məsələsinə gəldikdə, iqtisadçı ekspert ölkə az.a deyib ki, bu barədə danışmaq tezdir: “Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə göndərilməsi bütövlükdə bu layihənin əhəmiyyətini artıra bilər”.

“”Türk axını" layihəsinin reallaşması Azərbaycan üçün narahat doğuracaq məsələ deyil". Bunu  isə enerji məsələləri üzrə ekspert İlham Şaban deyib. Onun sözlərinə görə, o səbəbə ki, hələ real olaraq birinci boru kəmərinin detalları məlumdur: “O da Türkiyə bazarına gələcək”(gununsesi.info). Ekspert əlavə edib ki, bu kəmər onsuz da Balkanlar üzərindən hazırda Türkiyəyə gələn kəməri əvəz edəcək: “Yəni Türkiyənin qazancı tranzitsiz Rusiya qazına sahib çıxmaq olacaq. Nəticə etibarı ilə baha aldığı Rusiya qazının qiymətlərində müəyyən endirimlər olacaq. Bu da təbiidir, çünki Rusiya qazı artıq 4 ölkədən keçməyəcək və ucuz da olmalıdır. Yəni həcmlər faktiki dəyişməyəcək. Qaldı ikinci boru kəmərinə - hansı ki, Yunanıstana doğru istiqamət götürməlidir, bu məsələ hələ açıqdır. Onun tikintisinin baş tutması Rusiyanın Avropa Komissiyası ilə razılaşmasından sonra mümkündür”. 

Image result for Türkiyə-Rusiya anlaşması

“Vladimir Putinin İstanbula səfərində iki məqsədi var idi: Enerji Konqresində iştirak və çıxışla enerji mövzusunda beynəlxalq aləmə mesajlar göndərmək, İstanbulda Ərdoğanla mühüm sazişlərə imza atmaq. Rusiya prezidenti hər iki məqsədinə nail oldu”. Bunu isə “Yeni Müsavat”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi. 

Ekspert Putinin son iki ildə Qərb ölkələrinə səfərlər edə bilmədiyini xatırlatdı: “Türkiyə-Rusiya münasibətlərinə gəlincə, iki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır. Artıq buna da çarə tapıblar: Türkiyə Əsədə qarşı ritorikasını yumşaldıb, Suriyadakı hədəfi ancaq terrorçulardır, Rusiya isə silahlı kürdlərə dəstək verməyəcək. Suriya ilə bağlı işə yaramayan Rusiya-ABŞ anlaşmasından fərqli olaraq Ankara ilə Moskva öz aralarındakı anlaşmalara riayət edəcək. Çünki hər ikisinin bir-birinə ehtiyacı var”.

Ekspertin sözlərinə görə, Putinin İstanbula səfərinin ikinci hissəsi Ərdoğanla ikitərəfli görüşə həsr edildi. Demək olar ki, iki ölkə arasındakı münasibətlər təyyarə vurulmamışdan öncəki strateji tərəfdaşlıq illərinə qayıtdı: “1. İstanbulda ”Türk axını" sazişinə imza atıldı. 2.Rusiya Türkiyədə Akkuyu nüvə elektrik mərkəzini inşa edəcək. 3. Rusiya öz bazarını yenidən Türkiyənin kənd təsərrüfatı malları üçün açdı. 4.Hər iki ölkədə turizm sərgiləri keçiriləcək. 5.İki ölkənin ordu komandanlıqları və kəşfiyyat xidməti rəhbərləri əlaqəli şəkildə fəaliyyət göstərəcək. 6.İki ölkə Suriya probleminin sülh yolu ilə həlli ətrafında dialoqu davam etdirəcək". 

Image result for Türkiyə-Rusiya anlaşması

E.Şahinoğlu əlavə etdi ki, İstanbul Konqresində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı əhəmiyyətli hadisədir: “Konqresdə 3 ölkənin prezidentlərinin yanaşı əyləşərək bir-biriləri ilə söhbət etmələri diqqətçəkici idi. Bu görüntü ondan xəbər verir ki, Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm bu ölkələrin, həm də bölgənin xeyrinədir. Sadəcə, Ermənistanın Azərbaycana qarşı işğalını davam etdirməsi və Rusiyanın Ermənistan hakimiyyətinə təsir edib ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldımasını sürətləndirməməsi bölgədə sülh və əmin-amanlıq üçün başlıca maneədir. İlham Əliyev və ya Rəcəb Tayyub Ərdoğan İstanbulda rusiyalı həmkarıyla Dağlıq Qarabağ münaqişəsinin həlli vacibliyi haqqında fikir mübadiləsi aparmadılar. Çünki Enerji Konqresində prezidentlərin çıxışları və aralarındakı qısa fikir mübadilələri yalnız mövzuya aid idi. Buna baxmayaraq, Kremlə aydın olmalıdır ki, Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün siyasi, iqtisadi və hərbi zəmində yaxın inteqrasiyası Qarabağ münaqişəsinin həllindən keçir”.

E.PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR