İnsanlara hürriyət, millətlərə istiqlal!

“Trampın prezidentlik fəaliyyəti faciəvi ola bilər” - tanınmış politoloq

1376 24.01.2017 11:10 Siyasət A A
ABŞ-ın yeni 45-ci prezidenti Donald Trampa qarşı etiraz aksiyaları səngimək bilmir. Etiraz dalğası getdikcə böyüyür və artıq ABŞ sərhədlərindən kənara da sıçrayıb. ABŞ-da Tramp əleyhinə başlanan qadın hərəkatına avropalı həmcinsləri də qatılıb. 


Qeyd edək ki, ABŞ-da yeni seçilən prezidentə prezidentliyinin birinci günündən bu səviyyədə böyük etirazların olması ilk dəfədir yaşanır. Trampın ilk gündən belə bir acı təcrübə ilə üz-üzə qalması, başlanan etiraz dalğasının arxasında hansı məqamların dayandığı barədə müxtəlif ehtimallar irəli sürülür. 

Politoloq Qabil Hüseynli bildirdi ki, etiraz dalğasının vüsət almasının bir sıra səbəbləri var: “Yeni prezidentə etiraz edənlərin böyük əksəriyyətinin qadınlar olması Trampın seçki kampaniyasında qadınları təhqir etməsindən qaynaqlanır. Etirazın bir mühüm səbəbi də ABŞ-ın seçki sistemində olan çatışmazlıqların Tramp kimi namizədin prezident seçilməsinə şərait yaratmasıdır. Hillari Klinton Trampdan 3 milyon çox səs toplamasına baxmayaraq, Nümayəndələr Palatasında 70 səs üstünlük nəticəsində məhz Tramp seçildi. ABŞ-ın ştatlarında seçicilərin sayı da prezidenti seçən nümayəndələrin sayı ilə proporsional deyil. Etiraz dalğasını yaradan digər səbəb yeni prezidentin şəxsiyyətidir. Etiraza qalxanların tələblərindən biri budur ki, Tramp özünün vergi bəyannamələrini üzə çıxarsın. Çünki seçki ərəfəsində onun təxminən 1 milyard dollara yaxın vergi gizlətdiyi haqda məlumatlar yayılmışdı. İndi insanlar tələb edir ki, Tramp öz kommersiya fəaliyyəti dövründə qazancı və ödədiyi vergilər haqda deklarasiya yaysın. Etirazların digər səbəbi onun Rusiya ilə bağlılığıdır. Etiraz aksiyasında Trampın yetkin siyasətçi olmadığını bəyan edənlər də var. Bunu bəyan edənlərin fikrincə, yeni prezidentin siyasəti bilməməyi ABŞ-ı ciddi problemlərlə üz-üzə qoya bilər. Trampın siyasətçiyə xas olmayan danışığı, cümlə qurmağı da ona qarşı etirazlara stimul verib”. 

Ekspertin sözlərinə görə, Trampın hakimiyyətini istəməyən gizli və açıq güclər də insanların kütləvi etirazının daha da genişlənməsinə dəstək verirlər: “Məsələn, uzun illərdir ABŞ və dünya siyasətinə təsir imkanları olan Milyarder Corc Soros Trampı siyasətdən uzaq fırıldaqçı adam adlandırıb. Eyni zamanda proqnozlaşdırıb ki, belə bir adamın hakimiyyəti uzun sürə bilməz. Yeni prezidentin impiçmenti məsələsi gündəmə gələ bilər. Keçmiş dövlət katibi Con Kerri isə Tramp əleyhinə mitinqə öz iti ilə qatılıb. Sorosun çıxışını Tramp əleyhinə başlayan etirazlara təbliğati dəstək, Kerrinin şəxsən mitinqdə iştirakını isə anti-Tramp prosesinə açıq dəstək və bir çox qüvvələrə mesaj saymaq olar. Mitinqlərdə çıxış edənlərin çox ABŞ-ın tanınmış ulduzlarıdır. Amerikada ”dərin dövlət" deyilən bir anlayışı mütləq qəbul etmək lazım gəlir. Dərin dövlət və müəyyən siyasi institutlar prezident hakimiyyətinin qeyri-məhdud hakimiyyətə çevrilməsinə imkan vermir. ABŞ-ın maraqlarına uyğun olmayan qərarlar qəbul edildikdə bu siyasi institutlar - Senat, Konqres, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon, Dövlət Departamenti həmin qərarı ya boykot edir, ya da tormozlayır. Dərin dövlətin əsas qollarından olan Pentaqonun yeni rəhbəri indidən prezidentə qırmızı xətləri göstərməyə başlayıb".

Image result for Qabil Hüseynli

Q.Hüseynli onu da vurğuladı ki, başlanan proses, verilən bəyanatlar onu deməyə əsas verir ki, yeni prezident Donald Trampı da, dünyanı da təlatümlü günlər gözləyir: “Hətta Trampın prezidentlik fəaliyyəti faciəvi ola bilər. Onun bir müddət sonra impiçmentə məruz qalması da istisna deyil. Artıq çox insanlar Donald Trampın uğurlu prezidentliyinə bel bağlamırlar”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR