İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp manatı xilas edə bilərmi…

3132 19.01.2017 09:10 Siyasət A A

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dolları ucuzlaşdırmağa çalışır. Belə ki, Tramp çıxışında bildirib ki, hazırda dolların məzənnəsi şişirdilib. Prezidentin bu açıqlamasından sonra dollar əksər valyutalara nisbətən ucuzlaşıb. 

ABŞ prezidenti qeyd edib ki, hazırda dolların məzənnəsi şişirdilib, bunun əsas səbəblərindən biri də Çinin öz milli valyutasının məzənnəsinin aşağı səviyyədə saxlanılmasına yönəlmiş addımlarıdır.

Bu açıqlamadan sonra avronun məzənnəsi 1,0697 dollar səviyyəsinədək yüksəlib. 
Halbuki ötən ticarət sessiyasında avronun məzənnəsi 1,0601 dollar idi.

Bununla yanaşı, ötən həftə 114,2 yen səviyyəsində olan dollar hazırda 113,48 yenə çatıb.
İngilis funtu isə dünən sürətlə bahalaşıb. Böyük Britaniyanın baş naziri Tereza Meyin açıqlamalarından sonra funt dollara nisbətən 2,4%, avroya nisbətən isə 1,5% möhkəmlənib.

Bəs görəsən, Tramp həqiqətən dolların məzənnəsinin yumşalmasına nail ola biləcəkmi? 

Image result for Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bunun mümkün olmadığını qeyd etdi: “Amerika iqtisadiyyatına dərindən nəzər salsaq görərik ki, Tramp prezident olsa da onun ölkənin makroiqtisadi göstəricilərinə, o cümlədən Federal Rezerv Sisteminin işinə qarışa bilməz. Prezident istəsə belə bu addımı ata bilməz. Bundan əlavə, Trampın özünün  seçkilərdən öncə verdiyi bəyanatlar da ziddiyyət təşkil edir. Çünki Tramp Federal Rezerv Sistemini tez-tez tənqid edirdi ki, faiz artımını gecikdirir, gələcəkdə daha sürətlə faiz artımına getməlidir. Federal Rezerv Sistemi bu il ən azı 3 dəfə faizləri artırmalıdır. Bu isə avtomatik olaraq dolların daha da bahalaşmasına səbəb olacaq. Sözlü müdaxilələr ola bilər ki, bazara müəyyən təsir göstərsin. Birjalar buna müəyyən cavab verdi. Lakin bu gündən dollar digər valyutalara nisbətən yenidən möhkəmlənməyə başlayıb”. 

N.Cəfərlinin sözlərinə görə, ABŞ-da prezidentin iqtisadi məsələlərə kəskin şəkildə müdaxilə etmək  səlahiyyəti yoxdur: “ABŞ iqtisadi sistemi bir qədər fərqlidir. Orada prezidentin kim olmasından asılı olmayaraq, makroiqtisadi göstəricilərlə bağlı , fiksal siyasətlə bağlı, bank siyasəti ilə bağlı qərar verən qurumlar fərqlidir. Onlar birbaşa prezidentə tabe deyillər. 

Amma Trampın ümumi yanaşması bundan ibarətdir ki, istehsalı Amerikaya geri qaytarmaq ABŞ bazarını xarici şirkətlərdən bacardıqca qorumaq lazımdır. Bu baxımdan, ABŞ hökumətinin ata biləcəyi müəyyən addımlar ola bilər. Məsələn, gömrük siyasətində dəyişikliklər edilə bilər və bəzi ölkələrdən idxal olunan mallara yüksək gömrük rüsumu tətbiq edilə bilər ki, daxili istehsalçılara dəstək olsun. Bu istiqamətdə addımlar atıla bilər".
 
N.Cəfərli hesab etmir ki,  Trampın hansısa addımları dolların kəskin ucuzlaşmasına və ya kəskin bahalaşmasına səbəb ola bilər: “Çünki bu, Amerikanın özünün göstərdiyi iqtisadi nəticələrdən asılı olacaq, bir də Federal Rezerv Sisteminin apardığı siyasətdən. Hesab edirəm ki, bu il dolların daha da möhkəmlənməsi prosesi baş tutacaq. Əgər Federal Rezerv Sistemi bu il 3 dəfə faizləri artırsa, dollarla avro arasında paritet yarana bilər, yəni 1 dollar 1 avroya bərabər ola bilər. Ona görə də Trampın verdiyi bəyanatlar birjalara bir neçə saatlıq  təsir etsə də, fundamental təsiri yoxdur. Bazar siyasətçilərin çıxışlarından daha çox iqtisadi göstəricilərə reaksiya verir”. 

Trampın əksinə olaraq, iqtisadçı ekspert dolların hazırkı məzənnəsini şişirdilmiş hesab etmir: “Dolların hazırkı məzənnəsi dünyada gedən iqtisadi proseslərə adekvatdır. FED dekabr ayında faizləri artırdı, bundan sonra dolların möhkəmlənməsi baş verdi. Bu da normaldır. Çünki dolların möhkəmlənməsi Amerikanı daha cazibəli investisiya sahəsinə çevirir. Bu mənada bu il də ABŞ-da investisiya qoyuluşu həcminin artması gözlənilir. Bu addım gələcəkdə də təkrar olunsa, biz 2017-ci ildə dolların daha çox möhkəmlənməsinin şahidi olacağıq. 

Trampın  gətirdiyi bir arqument var ki, bahalı dollar ixracatı zəiflədir. Lakin Amerikanın özünəməxsus ixracat istiqaməti var və buna dolların məzənnəsi çox az təsir edir. Məsələn, Amerikanın ən çox ixrac etdiyi məhsullar texnoloji məhsullardır. Məsələn, "Micrasoft"un proqramları, “Apple” şirkətinin məhsulları və sair. Dolların məzənnəsinin neçə olmasından asılı olmayaraq, həmin şirkətlər məhsullarını sata bilirlər. Məsələn, “Boing” şirkəti bu gün artıq 2021-ci ilə qədər bütün müqavilələri bağlayıb. Bu şirkət tam gücü ilə işləməlidir ki, həmin müqavilələri yerinə yetirsin. ABŞ dövləti və iqtisadiyyatı dünyanın digər ölkələrindən fərqli olduğu üçün dolların bahalaşması ölkənin ixracat potensialına başqa ölkələrdəki kimi təsir göstərmir. Müəyyən təsirləri olsa da çox ciddi təsir göstərmir. Bu mənada mən düşünmürəm ki, Trampın atacağı hər hansı addım dolların ucuzlaşmasına səbəb olsun. Yeganə olaraq o baş verə bilər ki, Tramp öncədən dediyi kimi bütün ticarət anlaşmalarından çıxsa, bu böyük problem olacaq. Lakin ABŞ prezidentinin təkbaşına qərar qəbul etmək ixtiyarı yoxdur. Qərarları Konqres qəbul etməlidir və bu halda Konqres qərarı qəbul etməyə bilər. Konqresdə Trampın əleyhinə olan kifayət qədər respublikaçılar və demokratlar var. Bu mənada hər hansı fövqəladə hadisə baş verməsə, dolların kəskin  ucuzlaşmayacaq".

Nərgiz LİFTİYEVA





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR