İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana və “Yaxın xaric”ə işğal anonsu

19584 01.06.2015 09:00 Siyasət A A

Şimal qonşumuz Rusiyanın postsovet məkanında, o sırada Xəzər akvatoriyasında öz dominantlığını bərpa eləmək və Qərbi sıxışdırmaq üçün yeni planlar cızdığı barədə anons eləmişdik. Bu planların eyni zamanda Qərblə, ABŞ-la “qaz müharibəsi” çərçivəsində, ələlxüsus da Rusiyadan yan keçəcək transxəzər qaz kəmərlərini önləməkdən ötrü mühüm təzyiq rıçaqı kimi düşünüldüyü də ehtimallarımız sırasında idi.

Belə görünür, Moskva bu yöndə artıq praktik addımlara qərar verib. Söhbət təkcə Azərbaycan prezidenti İlham Əliyevin son çıxışlarının birində Rusiyaya işarə edərək ilk dəfə olaraq TAP qaz kəməri layihəsinə xarici maneənin yarandığını dilə gətirməsindən getmir. 

Bu günlərdə məlum olub ki, Rusiya hazırkı Hava-Desant Qüvvələrinin bazasında Çevik Hərbi Qüvvələr (yeni və xüsusi qoşun növü) yaratmağı planlaşdır. Musavat.com-un məlumatına görə, plan barədə desant qüvvələrinin komandanı, general Vladimir Şamanov “Ruskaya slujba novostey” radiostansiyasına müsahibəsində bildirib. 



“Baş Qərargah tərəfindən müəyyən edilmiş vəzifələri və onların tətbiq olunma prinsiplərini nəzərə alaraq, Rusiya əsasını hərbi desant qüvvələrinin təşkil edəcəyi Çevik Hərbi Qüvvələr yaratmağı planlaşdırır. Bu qüvvələr həm müstəqil qruplaşma kimi, həm də ayrıca, xüsusi seçilmiş istiqamətlərdə qruplaşmalar tərkibində hərəkət edəcək” - deyib general.

Onun sözlərinə görə, yeni (hərbi-desant) qüvvələrinin tərkibinə ilk dəfə olaraq tank batalyonları daxil ediləcək, qruplaşma pilotsuz təyyarələrlə təmin ediləcək. Şamanov onu da deyib ki, onlar əmr olarsa, “dünyanın istənilən nöqtəsinə” müdaxilə edə bilərlər. “Məndən bir dəfə viza haqda soruşmuşdular. Bizə viza lazım deyil, yalnız Ali Baş Komandanın əmri lazımdır” - əlavə edib general...  


***
Bu, əlbəttə ki, Rusiyanın yeni əzələ nümayişinə hazırlığı, daha dəqiqi, növbəti işğal anonsudur və ilk növbədə də “Yaxın xaric”in sözəbaxmayan ölkələrinə - Ukraynaya, Moldovaya, Gürcüstana, Azərbaycana, hətta Belarusa ünvanlanıb. 

Bu yerdə yada salaq ki, Şamanavun özünün də müsahibədə etiraf etdiyi kimi, onun desantları 2008-ci ildə suveren Gürcüstana qarşı “5 günlük müharibə”də xüsusi fərqləniblər, həmçinin, Krımın işğalında seçiliblər. 

Yəni artıq “təcrübə” də var. İndi isə ona xüsusi çevik qüvvələrin komandanı kimi qat-qat böyük səlahiyyətlər və imtiyazlar verilir, bu qüvvələr müasir zirehli texnika və hərbi aparatlarla təmin edilir...



*** 
Bəzi məlumatlara görə, Rusiyanın bu addımı az öncə Avropa Birliyi ölkələrinin birgə çevik hərbi qüvvələr yaratmaq haqda qərar qəbul eləməsinə cavabdır. Ancaq Avropa Birliyi belə bir addıma özünümüdafiə məqsədilə, məhz Rusiya təhlükəsindən daha effektli qorunmaq üçün gedib. Kreml isə tam əksinə - yeni təcavüz aktları həyata keçirmək niyyətindədir. Yoxsa Şamanovun silahlılarının “dünyanın istənilən nöqtəsində”, həm də vizasız-filansız, çağırılmamış qonaq kimi nə işi?

Əlbəttə ki, burada söhbət açıq şəkildə güclə hədədən gedir. Demək, Krım işğal olunmuş ərazilər sırasında sonuncu bölgə olmaya bilər. Onu da əlavə edək ki, bu yaxınlarda prezident Vladimir Putin öz müsahibələrinin birində müstəqil postsovet ölkələrinin Rusiyanın ərazisi olduğunu bildirmişdi. Rusiya XİN-i isə Avropa Birliyinin Riqa sammiti ilə bağlı 6 “tərəfdaş ölkəni” sərt şəkildə hədələmişdi.

Təəssüf ki, bu kimi açıqlamalara və hədələrə “Yaxın xaric” ölkələrindən reaksiya olmadı. Bundan başqa, Rusiyanın bu yay Ukraynaya, Donbasa birbaşa hərbi müdaxilə etməyə hazırlaşdığı haqda xəbərlər və ciddi ekspert xəbərdarlıları artıb. Hətta ötən həftə NATO-nun Planlaşma Komitəsinin rəhbəri, çex generalı Pyotr Pavel rusların iki günə Kiyevi və Baltik ölkələrini tuta biləcəyini söyləyərək alyansı daha ayıq-sayıq olmağa çağırıb.    


***

Azərbaycana gəlincə, ölkəmizin mühüm geosiyasi və geoiqtisadi vahid olaraq Ukraynadan sonra şimal qonşumuz üçün ən böyük önəm kəsb etdiyi sirr deyil. Bəzi skeptik analitiklərə görə isə, Moskva hətta Azərbaycan uğrunda Qərblə son və qəti savaşa daxili qərar verib. 

Onların qənaətincə, Kreml rəsmilərinin son vaxtlar rəsmi Bakıya xeyli dərəcədə artan reveransları, dostluq mesajları, o cümlədən Putinin Bakı Avropa Yay Oyunlarının açılışına qatılmaq qərarı verməsi, həmçinin Kremlin yüksək dərəcəli təltifləri və səxavətlə təqdim etdiyi orden-medallar (spiker Oqtay Əsədov, prezidentin müşaviri Əli Həsənov, səfir Polad Bülbüloğlu, şeyxülislam Allahşükür Paşazadə) bu qəbildəndir və məqsədlidir.

Yəni öncə bizə “kökə” təklif edilir. Sonra... “qamçı” gələ bilər.   

Analitik xidmət

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR