İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ekspertin məmurlar haqda şok iddiasına sərt təpki

1826 20.01.2017 08:25 Siyasət A A

Rusiya Siyasi Azadlıq Mərkəzinin analitiki, hərbi ekspert Boris Djerelievskiyin Azərbaycanla bağlı səsləndirdiyi şok iddialar ölkəmizdə ciddi etirazla qarşılanıb. Hərbi ekspert ötən ilin aprelində Azərbaycan və Ermənistan arasındakı savaşda ABŞ və Avropanın xüsusi rolunun olduğunu bildirib. 

Bu barədə moderator.az saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, rus ekspert deyib ki, Rusiya-İran-Türkiyə yaxınlaşmasının qarşısını almaq, Rusiya və Türkiyənin Qarabağ münaqişəsini həlletmə cəhdlərinə mane olmaq üçün Qərb dövlətləri Azərbaycan hakimiyyəti daxilindəki agentlərdən istifadə edib. Onun ən çox diqqətçəkən iddiaları bunlardır: “Yüksək rütbəli Azərbaycan məmurlarının, eləcə də güc strukturları əməkdaşlarının nəzərəçarpan hissəsi xarici qurumların nəzarətindədir. Onu demək kifayətdir ki, son 15 ildə 1000-ə yaxın Azərbaycan vətəndaşı  ”gənc liderlərlə mübadilə"(FLEX) proqramı çərçivəsində ABŞ-da hazırlıq keçib. Həmin hazırlığın Amerikanın təsir agentlərinə (və yaxud sadəcə, ABŞ agentlərinə) çevrilmiş, demək olar ki, bütün iştirakçıları hakim strukturlarda kifayət qədər yüksək postlar tutublar".

Djerelievskin bu açıqlaması ilə eyni vaxtda Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərinə mövqeyini bildirib. T.Zülfüqarovun Azərbaycanın hansı yöndə siyasət yürütməsi ilə bağlı fikirləri daha çox diqqət çəkir: “Azərbaycanın hər bir siyasətçisi, hər bir məmuru rusiyapərəst, amerikapərəst, iranpərəst, türkpərəst mövqedən yox, azərbaycanpərəst mövqedən çıxış etməlidir! Və bu, əsas meyar olmalıdır”.

Sabiq XİN rəhbərinin bu fikirləri və rusiyalı analitikin dedikləri Azərbaycanın hazırda yuxarıda qeyd olunan mövqelərdən hansı tərəfdən çıxış etdiyini gündəmə gətirib.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev rusiyalı hərbi ekspertin aprel savaşı ilə bağlı dediklərini qəbul etmədiyini söylədi: “Məsələ bundadır ki, iki ölkənin baş qərargah rəisləri Moskvada savaşı dayandırmaqla bağlı razılığa gəldilər, Brüssel və Vaşinqtonda deyil. Bu mənada onun iddiaları çox məntiqsizdir. Azərbaycanın rus, fars, yaxud qərbpərəst mövqedən çıxışına gəldikdə isə Tofiq Zülfüqarov düz deyir, azərbaycanpərəst mövqedən çıxış olunmalıdır. Çünki ölkəmizin maraqları hər şeydən üstündür. İlk sırada bu amil dayanır. Azərbaycan hakimiyyəti Heydər Əliyev dönəmindən başlayaraq, indi də İlham Əliyev dönəmində tarazlı siyasət yürüdür. Bu siyasət bu gün də davam edir. Heç bir xarici gücün tam şəkildə ölkəmizdə bərqərar olması hələ baş verməyib. Amerikanın təsirləri əlbəttə güclüdür, Rusiya və İranın təsirləri qalır, Türkiyənin maraqları var. Bütövlükdə hökumət bunların qarşısında balanslı siyasət aparmağa çalışır. 1994-cü ildən qoyulan strateji xətdir. Bəzi vaxtlarda uğursuzluqlar ola bilər, bu başqa mövzunun söhbətidir. Onun agentlərlə bağlı dedikləri də mənasız fikirlərdir. Əldə sənəd olmalıdır ki, kiminsə agent olması bilinsin. Ona qalsa, Rusiyada çoxlu azərbaycanlı indiyədək təhsil alıb, indi onlar rus agentləridir? Hər bir şəxs istənilən ölkədə oxuya bilər. Bu zaman hər sahədə o ölkə ilə bağlılığı yaranır. Rəğbəti ola bilər, dostlarının olması mümkündür. Amma o şəxsləri birbaşa agent elan etmək düzgün deyil. Bu şəxs təsir agentlərini nəzərdə tuta bilər. Amma birbaşa agent demək cəfəngiyyatdır”.

Image result for Qabil hüseynli

Politoloq Qabil Hüseynli də hesab edir ki, ilk növbədə azərbaycanpərəst siyasətə önəm verilməlidir: “Bu siyasət yürüdülərkən, söhbət burada dövlətlərlə münasibətləri korlamamaqdan gedir. Çünki konkret yol seçəndə digəri bizi vura bilər. Azərbaycan Qoşulmayanlar İttifaqının üzvü kimi hamı ilə münasibət qurmağa can atır. İndiyə qədər bu siyasət öz effektini verib. Düşünürəm ki, Azərbaycan hər an seçimini dəqiqləşdirə bilər. Rusiyalı nazir Lavrovun son açıqlaması çox mətləblərdən xəbər verdi. Hamımız Rusiyanın hansı əməllərə sahib olduğunu bilirik. 2-5 aprel hadisələrinə gəlincə, Azərbaycan buna çoxdan hazırlaşırdı. Bundan öncə Azərbaycan ”Horadiz" əməliyyatı keçirib, ermənilərə sarsıdıcı zərbə vurmuşdu. Bu baxımdan, bu savaş bizə lazım idi. Burada hər hansı bir ölkənin, xüsusən Qərbin izinə rast gəlmək mümkün deyil. Bu, Azərbaycanın zehninin məhsulu idi. Qərb istəsəydi, bu məsələni çoxdan hazırlayardı. Bu savaşla sübut olundu ki, ermənilər ruslar olmadan döyüşə bilmirlər. Bax, bu mesajı da vermək Azərbaycan tərəfi üçün vacib idi. Hesab edirəm ki, bu savaşda Qərb izi axtaranlar Azərbaycanı sevməyənlərdir. Bu məsələlər məxfi surətdə hazırlanmışdı və öz nəticəsini də verdi. Rus analitikin agentlərlə bağlı dedikləri, sadəcə, gülməlidir. İstər sovet, istərsə də müstəqillik illərimizdə minlərlə vətəndaşımız Rusiyada təhsil alıb. O zaman belə çıxır ki, onlar da agentlərdir və Rusiya agent yetişdirir? Amerikaya oxumaq üçün göndərilən şəxslərin sayı 500-ə çatmır. Onlar ailə tərbiyəsi alıblar, orta məktəbi burada oxuyublar və vətənpərvər şəxslərdir. Bu şəxslər demokratiyaya meylli, insan haqları məsələlərində həssas ola bilərlər. Bəzi məsələlərdə bizdən və digərlərindən onların fərqli düşünmələri normaldır. Amma vətən, namus və qeyrət məsələlərində onların fərqli düşünəcəklərini fikirləşməyin özü qəbahətdir. Bu baxımdan, həmin şəxsin dedikləri fantaziyanın məhsuludur. Bu fantaziya ölkəmizə qarşı yönəlmiş yeni təxribatların tərkib hissələrindən biridir".
Cavanşir ABBASLI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR