İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev qurultay keçirdi və sədr oldu- FOTOLAR

4954 18.10.2015 14:55 Siyasət A A
Bir müddət əvvəl AXCP-dən çıxarılan Razi Nurullayev öz AXCP-sini yaratmaq istiqamətində növbəti addımını atıb. Bu gün- oktyabrın 18-də AXCP Etimad Qurultayı Təşkilat Komitəsi toplanaraq qurultay keçirib. 

Musavat.com xəbər verir ki, qurultayda AXCP-nin Əli Kərimlidən imtina etmiş, həmçinin partiyadan çıxarılan hissəsi iştirak edib. Qurultay Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirilib. 

AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin rəhbəri Razi Nurullayev tədbiri açıq elan edib. Əvvəlcə dövlət himni səsləndirilib. Sonra milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin, ADR-in banisi Məmməd Əmin Rəsulzadənin, o cümlədən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra R.Nurullayev bildirib ki, qurultayda 212 nümayəndə iştirak edir: “Bununla da qurultayımız səlahiyyətlidir”. 

EQTK sədrinin təklifi ilə 3 nəfərdən ibarət müvəqqəti say və 3 nəfərdən ibarət mandat komissiyası seçilib.  Redaksiya heyətinə keçirilən seçkilərdə 2 nəfərə etimad göstərilib. Sədarətə keçirilən səsvermədə 3 nəfərə səs verilib ki,  bunlar da Razi Nurullayev, Rafiq Daşdəmirli və Rəfail Becanov seçilib. 

Daha sonra AXCP EQ TK-nin sədri Razi Nurullayev çıxışında təşkilatın yaranma zərurətindən danışıb: “Hamını maraqlandırır ki, biz niyə yarandıq və biz nə istəyirik? 1988-ci ildə başlayan milli azadlıq hərəkatınn qarşısına qoyduğu məqsəd və vəzifələr bu günə qədər həyata keçirilməyib. Xalq, millət qarşısında götürdüyünüz vəzifələrin heç biri yerinə yetirilməyib, həyata keçirilməyib. Bu günə qədər heç zaman biz müxalifət olaarq xalqa verdiyimiz sözü tuta bilməmişik. Çox acınacaqlı haldır ki, on illiklər ərzində bizə vəd verən, bizi ağ günə çıxaracağına söz verən və hər zaman xalqın yanında olduğunu deyən insanlar xalqın yanınnda ola bilmədilə. Əbülfəz Elçibəyin yaratdığı Xalq Cəhbəsi vaxt var idi hər bir ailəni əhatə edirdi. Amma bu gün belə deyil. Bu gün Azərbaycanda humanist insanlara, xalqı düşünənlərə və xalqla bərabər hərəkət edənlərə ehtiyac var. Və zaman-zaman Azərbaycan Xalq Cəbhəsi partiyaya çevrildi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. AXC xalqdan aralı düşdü. Bunun birbaşa günahkarı kimi mən Əli Kərimli olmaqla digər müxalifət liderlərini görürəm. Əgər bir lider söz verirsə, nəticə göstərməklə bağlı öhdəlik götürürsə, nəticə göstərnəlidir. Əgər nəticə yoxdursa, kənara çəkilməlidir. Bu gün Azərbaycan hökumətində 20 ildən çox nazir postlarını tutan insanlar var, icra başçısı işləyən insanlar var. Bu, bizə xoş deyi. Xalqın yarıdan çoxu işsiz vəziyyətdədir, cibində bir manatı yoxdur. Budur qurulan siyasət. Amma bu siyasətə, zülmə qarşı biz necə dayandıq? Xalqı arxasında araran lider olmadı. Amma yenə liderlik kürsüsündə oturmaği tərcih etdilər. Amma nəticə yoxdur. Xalq da bu gün başsiz qalib. Xalq lider axtarışındadır. Biz istədik ki, Elçibəyin yaratdığı AXC-ni bərpa edək. Əbülfəz Elçibəyin, Məmməd Əmin Rəsulzadənin ideyaları formasında yenidən formalaşdıraq. Xalqla bir olaq, xalqdan həyatımızı fərqləndirməyək. Biz bunu istəyirik, bunun üçün yarandıq”. 

Onun sözlərinə görə, onu hakimiyyətyönlü olmaqda günahlandıranlar yanılırlar: “Bizi günahlandırırlar ki, hakimiyyət yönlüyük. Hakimiyyəti sərt tənqid etmirik. Hakimiyyətin üzərində getmirik və sair. Biz müxalifət yönümlüyük. Hazırkı iqtidara, Azərbaycan prezidenti İlham Əliyevə qarşı müxalifətdəyik. Amma biz söyüş söymürük. Biz qanun çərçivəsində mübarizə aparacağıq.  Biz əsl müxalifətik. Real müxalifətik və qanun çərçivəsində mübarizə aparacağıq. Siyasi məhbusların şəklini burada görmürəm. 30-dan çox mətbəə ilə danışdıq, bir necəsi söz verdi siyasi məhbusların fotolarını çap etməyə. Amma sonra heç bir mətbəə bunu üzərinə götürmədi. Qorxdular, YAP-dan qorxdular, polis zülmündən qorxdular, bu, düzgün siyasət deyil. YAP-a, onun rəhbərliyinə, iqtidara səslənirəm- mənəvi təhdidlə demokratik dövlət qurmaq olmaz. Cibə narkotik atıb, həbs edib, övladları universitetdən qovmaqla onları düz yoldan çəkindirməməlisiz. Azərbaycana normal mədəni siyasət gətirmək istidarında olan müxalifət bizik. Hökumətə, YAP-a təkliflərimizi burdan bildiririk. Normal səviyyəli müxalifət yoxdursa, normal hökumət qurmaq mümkün deyil. Müxalifət olmalıdır ki, qanunsuzlqları iqtidarın üzünə desin. Hakimiyyətin qanunsuzluğu olacaqsa, müxalifət bunu deməli, iqtidar da bunu normal qarşılamalıdır. Əgər Yap “biz yaxşıyıq” deyirsə, o zaman biz ondan da yaxşıyıq. Əgər müxalifət pisdirsə, o zaman YAP və hökumət bizdən də pisdir. Sistem belə qurulmalıdır. Hökumətlə danışıqlara gedə bilərik, təklif verək ki cəmiyyətə normal olan nədir. Əgər razılaşmayacaqsa, o zaman bunu da xalqa çatdıracağıq. Deyəcəyik ki, özləri tək idarə etmək istəyirlər, bu isə yolverilməzdir. Xalqımıza böyük sərvətlər verilib, amma elə rayon var ki, qaz yoxdur, meyvə ağacını kəsib qızınırlar. Qazı dünyaya satıır, amma öz vətəndaşımızın evində qaz yoxdur. Özünə müxalifət deyən liderlər zamanında buna nail ola bilərdilər. Amma öz kreslolarını düşündülər, heç bir danışığa getmədilər, öz nüfuzlarını məhv etdilər. Əli Kərimlinin xalq vəd etdiyi qəhrəmanlıq formulu bilirsinizmi nədir? Hökuməti, bizi, onu tənqid edənləri təhqir etmək. Biz onu təhqir etmədik, onun siyasətini tənqid etdik, onlar isə bizə söyüş söydülər, hətta analarımıza belə söyüş söyməkdən çəkinmədilər. Onaların bir çoxu Əli Kərimli ilə çiyin-çiyinə dayanan insanlardır. Bu gün də bu siyasət davam edir. Belə sistem yaradılıb ki, hər cümlənin başında İlham Əliyevin,  Ramiz Mehdiyevin, YAP-ın adını çəkmək qəhrəmanlıq sayılr. Amma bu, qəhrəmanlıq deyil. Bu insanlarda ikrah hissi yaradır. Bu gün deyim, gəlib bizi burda döysünlər, sizi həbsxanaya aparsınlar. Mən qəhrəman olacağam. Hər yerə şəkillərim vurulacaq. Nə baş verəcək? Mənə investisiya qoymaq istəyənlər artacaq, mən normal yaşayacağam, sizlər isə problemlərlə üzləşəcəksiniz. Mən belə yalançı qəhrəmanlıq istəmirəm. Zorla insanları polislə qarşıdurmaya göndərir. Gənclər ömrünün 7-8 ilini həbsdə çürüdür, valideynlə həbsxana qarşısında boynu bükük dayanırlar. Budurmu siyasət? Biz güclənərək hökumətə təkliflərimizi qəbul etdirə bilərik. Xalq 100 minlərlə ayağa qalxanda İlham Əliyevə və komandasına təkliflərimizi qəbul etdirə bilərik. Amma bu zalı dağıtmaq üçün bir polis alayı kifayət edər. Biz buna getməyəcəyik. Xalqın firavanlığı bizim üçün əsasdır”.

Digər tezislərini də qısa şəkildə çatdıran Razi Nurullayev siyasətə yeni simaların gəlməsinin vacibliyini vurğulayıb: “Xalqın ləyaqətli, savadlı insanları çoxdur. Xalqın adından danışa biləcək kifayət qədər gənclər var və onlar burdadır. O gənclər Etimad Qurultayındadır. Bu insanlar Azərbaycanın yeni tarixini yaradacaqlar. Dəyənək siyasətindən, ancaq fərdi maraqlar üzərində qurulan siyasətdən fərqlənəcək. Bütün idarələrdə, Prezident Adminstrasiyasınd, Milli Məclisdə gəncləşməyə ehtiyac var. O insanlar bu partiyadan çıxacaq. Bunun şahidi olacaqsınız. Bizim siyasətimiz nəticəsi, səviyyəsi, kübarlığı ilə fərqlənəcək”. 

Həmçinin, Siyasi məhbuslar məsələsinə münasibət bildirən Razi Nurullayev qeyd edib ki, onların günahı hakimiyyəti tənqid etmək olub, bu gün həbsdədirlər: “Hətta biz onların şəkillərini buradan asa bilmədik. Amma onlar bizim ürəyimizdədir, onların azadlığı üçün çalışacağıq. Bizim dostlarımız olan Seymur Həzi, Akif Yusifli, İntiqam Əliyev, Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl, onlarla digər insanlar həbsxanadadır. Onlara azadlıq arzulayırıq, hökumət özündə güc tapıb şər və böhranla həbs etdirdiyi bu insanları azad etməldiir. Valideynlərin göz yaşına yol vermək olmaq. Sabahdan daha çox zamanımızı buna sərf edəcəyik”. 

Həmçinin, o, Dağlıq Qarabağla bağlı da mövqeyini qurultay iştirakçılarına çatdırıb: “Biz heç bir zaman Qarabağ üzərindən çirkin oyuna gedə bilmərik. Hər qarşı torpağımız əzizdir. Heç bir zaman, heç bir şərt altında Qarabağla bağlı bir kompromisə gedə bilmərik. Ərazi bütövlüyümüz ata-anamızdan, canımızdan, övladımızdan da müqəddəsdir. Avropaya inteqrasiyaya gəldikdə isə, deyim ki, insanlar yaxşı həyat üçün Avropaya üz tutur. Səfirlik qarşısında növbədə dayananlar var. Avropada şəffaflıq, iş, gözəl təhsil, demokratiya, insan şəxsiyyətinə hörmət, qanun və qanunçuluq var. Ona görə də Azərbaycan Avropanın bir hissəsi olmalıdır. Azərbaycanda saf, sivil, kübar bir dövlət yaratmalıyıq”.

O, eyni zamanda, iqtisadi durumla bağlı da fikirlərini bildirib: “Hər bir Azərbaycan vətəndaşının indiki sosial vəziyyəti ağırdır, ipoteka ala bilmir, hər kəs bankın girovuna çevrilib. İnsanlara daha çox sosial şərtlərlə kreditlər verilməli idi ki, insanlar girova çevrilməsin. Halbuki bunların heç biri olmadı və xalqın vəziyyəti günbəgün ağırlaşdı”.

AXCP EQTK-nın üzvü Rafail Becanov isə çxıışında bildirib ki, Əli Kərimli AXCP-nin legitim sədri deyil. O, AXCP sədri kimi təqdim olunan Əli Kərimlinin sədrliyinin  qeyri-legitimliyi məsələsinə toxunub: “2001-ci ildə Əli Kərimli etiraf etdi ki, mən yurdam, artıq AXCP-ni idarə etmirdi. İndi bu məsələ yenə davam edir. 2000-ci ildə AXCP parçalandı, 70 faiz onun yanında qalmadı. Daha sonra qurultay keçirdi, 40-dan çox rayon şöbəsindən ancaq 27 təşkilat onun yanında qaldı. Sonra məlum oldu ki, bu məsələdə də təzyiqlər göstərib, monopoliyaya alıb”. 

Əbülfəz Elçibəyin dövlət maraqlarını hər zaman öz şəxsi maraqlarından üstün tutduğunu xatırladan Rafail Becanov,- “Əbülfəz Elçibəy şəxsi maraqlarını dövlət maraqlarına qurban verdi və Azərbaycanın indi qüdrətli dövlətə çevrilməsində onun əməyi böyük oldu”,- deyə vurğulayıb. 

Daha sonra AXCP-nin sədrliyinə üç nəfərin namizədliyi verilib. Bunlar Razi Nurullayev, Mehman Muradlı və Səbuhi Əliyev olub. Həmçinin, müəyyən olunub ki, bundan sonra AXCP sədri ancaq 2 dəfə seçiləcək. Partiyanın Nizamnaməsinə bunu təmin edəcək dəyişiklik edilib. Belə ki, 208 nəfər dəyişikliyin lehinə olub. 2 nəfər dəyişikliyin əleyhinə səs verib. Səs saxlayan və bitərəf olanların da sayı 2 nəfər olub. Qərarı şərh edən Razi Nurullayev bildirib ki, bu, tarixi qərardır: "Sədrin seçilmə müddətinin iki dəfəyə endirilməsi olduqca vacibdir. Heç kəs kresoloda ömürlük olmamalıdır. Kreslo xalqa xidmət üçündür. Heç bir nəticə əldə edilməyəcəksə, o kresloda oturmaq olmaz”. 

Gizli keçirilən səsvermə nəticəsində isə R.Nurullayev 165 səslə AXCP-nin sədri seçilib. Seçiləndən sonra sədr kimi ilk çıxışını edən Razi Nurulayev hamını təbrik edib. O, həmçinin partiyanın müxalifət kimi fəaliyyətində çətinliklər olacağını istisna etməyib: “Çətinliklərimiz olacaq. Ancaq lap Himalayı qarşımıza atsınlar, biz yol tapıb təmas quracağıq, xalqımızın və onun nümayəndələri olan sizlərin yanınd aolacağıq. Heç bir zaman sizlərin əziyyəti, əməyiniz üzərində qəhrəman olmaq istəməyəcəyik. Azərbaycanda dəyişiklik olacaqsa, bunun sonunda xoşbəxt həyat olacaqsa, bu, sizin əməyiniz, sizin qəhrəmanlığınız olacaq.  Biz parlament seçkisində iştirak etmədik, çünki saxtakarlıqda iştirak etmək istəmədik. Çünki saxta seçkidə iştirak edərək xalqın vəkili olmaq mümkün deyil. Təyinatla olan mandata “yox” deyirik. Bizə sizin seçdiyiniz vəkil daha dəyərlidir. Sizin seçiminiz nəticəsində sizin hər birinizin vəkiliyik. Elçibətin istədiyi AXCP budur. Biz bunu qurduq və bərpa etdik. Bunun sonunda AXCP-ni zəbt edən, nəticəsiz siyasətə imza atan, Azərbaycan gənclərini həbsxanaya göndərən və bunun nəticəsində xalqı təqiblərə məruz qoyan Əli Kərimliyə deyirəm: Əsl AXCP burdadir. Azərbaycana xidmətin bu andan etibarən istefa verməyin ola bilər. Qoy sənin yanındakılar da bizim yanımızda, Elçibəyin qurduğu partiyada yer alsınlar. Biz bu gün demokratik seçki keçirməklə yeni tarix yazdıq. Hər biriniz, zaman gələcək bu şərəfli tarixi yazdığınıza görə fəxr, qürur duyacaqsız. Bu andan etibarən bununla fəxr etməyinizi istəyirəm”.

Röya RƏFİYEVA
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR