İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin verdiyi mükafat Şeyxi qoruya biləcəkmi?

5153 02.06.2015 08:15 Siyasət A A

Xəbər verdiyimiz kimi, ötən həftə Rusiya prezidenti Vladimir Putin QMİ sədri Şeyxülislam Allahşükür Paşazadəni növbəti dəfə təltif edib. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Şeyxülislama konfessiyalar və xalqlar arasında sosial-mədəni əlaqələrin qurulmasında xidmətlərinə görə Rusiya prezidentinin təşəkkürnaməsini təqdim edib.
Şeyxülislam təqdimetmə mərasimində bildirib ki, Vladimir Putin ona yüksək etimad göstərir: “O, görüşlərimiz zamanı bunu dəfələrlə söyləyib. Mən isə həmişə bu etimadı doğrultmağa çalışmışam”.

Qeyd edək ki, buna qədər Şeyx Rusiyanın “Dostluq” və “Şöhrət” ordenlərinə, habelə I dərəcəli “Müqəddəs Apostola bərabər knyaz Böyük Vladimir”, I dərəcəli “Müqəddəs Sergey Radonejski”, Rus Pravoslav Kilsəsinin “Şöhrət və şərəf” ordenlərinə layiq görülüb. 

Yeri gəlmişkən, aprelin 25-də Yekaterinburq və Verxoturye mitropoliti Kirill Şeyxülislam Hacı Allahşükür Paşazadəyə Rus Pravoslav Kilsəsinin Yekaterinburq Yeparxiyasının “Yekaterinburq Yeparxiyasının 130 ili” medalını, habelə xatirə hədiyyələri təqdim edib.


Şeyxülislamın Rusiya ilə yaxın əlaqələrinin olması heç kimə sirr deyil. SSRİ vaxtından Zaqafqaziya regionunun dini lideri titulunu daşıyan Allahşükür Paşazadənin Moskva ilə əlaqələri yaxşı olub. Ancaq məlum olduğu kimi hazırda Şeyxin Azərbaycan hakimiyyəti daxilində ciddi rəqibləri formalaşıb və hər addımda QMİ sədrinin mövqelərini laxlatmağa çalışırlar. Belə bir vaxtda Rusiyadan ardıcıl olaraq Şeyxə təltiflərin “yağması” QMİ sədri üçün dəstək mahiyyəti daşıyır. Məlum olduğu kimi, son illərdə Rusiya hakimiyyəti ölkə daxilində ənənəvi İslam ruhaniliyini ciddi şəkildə dəstəkləyir. 

Yeltsin dönəmində yaranmış vəziyyətdə Rusiya ərazisində, xüsusən də müsəlmanların kompakt yaşadığı Şimali Qafqaz regionunda xaricdən dəstəklənən radikal islam cərəyanlarının yayılması və bunun fonunda ənənəvi ruhaniliyin sıxışdırılması müşahidə olunsa da, Putin dönəmində mərkəzi hakimiyyət ənənəvi ruhani cərəyanları, din xadimlərini dəstəkləmək xətti tutdu. 


Təbii ki, ənənəvi ruhaniliyin əsas mərkəzlərindən biri də QMİ-dir. Şeyxülislam Azərbaycanda olduğu qədər Şimali Qafqazın ənənəvi ruhani liderləri arasında nüfuza sahibdir. Rusiya isə Çeçenistanın timsalında gəlmə ruhaniliyə qarşı ənənəvi ruhanilikdən istifadə etməklə ciddi uğur qazana bildi. Məhz bu səbəbdən də Rusiya baş müftisi Ravil Qaynutdinlə soyuq münasibətlərinin olmasına baxmayaraq Şeyxin Şimali Qafqaz ruhaniliyi üzərində təsiri Moskva tərəfindən dəstəklənib. 

Bu xətt, göründüyü kimi, Şeyxin özünü də məmnun edir. Bu səbəbdən də QMİ sədri Rusiya ilə əlaqələrinə böyük önəm verir. Aydın məsələdir ki, Bakıda Şeyxə qarşı münasibətin dəyişməsini Moskvada da müşahidə edirlər. Belə bir vəziyyətdə Moskvadan QMİ-yə ziyarətlərin artması, mükafatlandırmalar Şeyxə qarşı Bakıdakı müxaliflərinin əməllərinə cavab xarakteri daşıyır. Yeri gəlmişkən, diqqətli oxucular xatırlayır ki, 2000-ci illərin əvvəllərində Bakıda Şeyxə qarşı hücumlar artan zaman Şeyxülislam idarəni Tiflisə köçürəcəyi ilə bağlı mesaj vermişdi. Bu mesaj böyük rezonans doğurmuşdu.

Görünür, bu dəfə Şeyxə dəstək Moskvadan gəlib. Doğrudur, hazırda Rusiya ilə Azərbaycan hakimiyyətləri arasında münasibətlər xeyli dərəcədə istidir. Bu mənada indiki vaxtda Rusiya prezidentinin mükafatlandırmaları QMİ sədri üçün vazkeçilməzdir. Ancaq Putinin jestlərinin Şeyxin Bakıdakı rəqiblərini nə qədər sakitləşdirə biləcəyini zaman göstərəcək.

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR