İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Sərkisyana Qarabağ ismarışı – Bakı danışıqları Moskvada davam etdirildi

12964 11.08.2016 08:00 Siyasət A A
Dünən Ermənistan prezidenti Serj Sərkisyan işgüzar səfərlə Moskvada olub. Səfər prezidentlərin Bakı sammiti və Ərdoğan-Putin görüşündən dərhal sonraya təsadüf eləməsi ilə ikiqat diqqətdə idi.

Rəsmi məlumatlara görə, Sərkisyan Rusiyaya prezident Vladimir Putinin dəvəti ilə yollanıb. Lakin Serj Sərkisyana yaxın mənbəyə istinadən verilən məlumata görə, əslində erməni prezident özü Putinlə görüşə can atıb. Səbəb də prezidentlərin Bakı zirvəsi və Ərdoğan-Putin təmasından sonra yaranan yeni situasiya, ortaq əməkdaşlıq layihələri və Ermənistanın bu layihələrdən kənarda saxlanması perspektivi və əlbəttə ki, regiondakı son geosiyasi və geoiqtisadi gəlişmələrin Qarabağ məsələsinə təsirləri ilə bağlı İrəvanın keçirdiyi narahatlıqdır.
Yada salaq ki, Rusiya və Ermənistan prezidentləri sonuncu dəfə iyun ayında Sankt-Peterburqda,  Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Qarabağ probleminə həsr olunmuş üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər. Həmin görüşün yekununda Qarabağa dair yalnız ümumi bəyanat qəbul edilib. 

Bakı sammiti ərəfəsində isə Kreml başçısı AzərTAc-a müsahibəsində bildirmişdi ki, Rusiya münaqişə tərəflərinə hansısa həll variantını sırımağa hazırlaşmır, həll variantını tərəflər özləri tapmalıdır və Rusiya həmin anlaşmanın reallaşması üçün qarant dula bilər. Bu da o anlama gəlir ki, Rusiya öz satellitinə Qarabağ məsələsində hələ ki təzyiq eləmək fikrində deyil. 
Bakda isə Rusiya lideri əlavə olaraq demişdi ki, həll modeli elə olmalıdır ki, nə Azərbaycan, nə də erməni xalqları özlərini məğlub kimi hiss eləməsinlər. Bundan başqa, V.Putin Dağlıq Qarabağ məsələsinin Kreml tərəfindən inhisara alınması haqda yayılan fikirləri də təkzib eləmişdi.

*** 

Erməni qaynaqlarının bildirdiyinə görə, dünənki görüşdə ilk növbədə siyasi, iqtisadi məsələlər, o sırada Avrasiya məkanında baş verən proseslərin müzakirəsi gözlənilirdi. Prezidentlər həmçinin aktual beynəlxalq və regional problemlər üzrə də fikir mübadiləsi aparmalı idilər. Təbii ki, əsas müzakirə mövzuları sırasında Qarabağ məsələsi də olub. 

"RİA-Novosti" agentliyinin görüşlə bağlı analitik məqaləsində isə Sərkisyanın məhz Qarabağa görə Moskvaya çağırıldığı bildirilir. Məqalədə deyilir ki, Ermənistanda vəziyyət mürəkkəbdir, bəzi müxalifət partiyaları Qərbdən ciddi maliyyə dəstəyi alır və indiki hakimiyyəti devirməyə çalışır, bu isə Qarabağ münaqişəsinə cəlb olunmuş ölkə üçün sadəcə olaraq, intihar demək olardı (virtualaz.org).

“Serj Sərkisyanın İrəvandakı silahlı qiyamın yatırılmasında göstərdiyi qətiyyət belə deməyə əsas verir ki, Ermənistan rəhbəri iqtisadiyyatla bağlı ciddi addımlara hazırdır və Putinə konkret təkliflər çatdıracaq. Görüşün əsas mövzusu isə Qarabağ olacaq” - məqalədə vurğulanır.

"RİA Novosti" bildirir ki, aprel döyüşlərindən sonra Putin Qarabağ məsələsində əsas söz sahibinə çevrilib. Bu isə Vaşinqtonda çoxlarının xoşuna gəlmir. “Ona görə də erməni KİV-lərində Rusiyanın guya Ermənistanı satdığı haqda təbliğat başladılıb, daha sonra Qərb xüsusi xidmət orqanları İrəvanda silahlı qiyam təşkil edərək Əliyevlə Sərkisyan arasında ilkin razılaşmanı pozub” - yazıda iddia olunur. Kremlə bağlı Rusiya agentliyi daha sonra yazır ki, bunun nəticəsində Ermənistan prezidenti üçün Azərbaycana güzəştə getmək çətinləşib və Serj Sərkisyan dünənki görüşdə Putinə məhz bu situasiyanı çatdırmalı idi.

Yada salaq ki, İrəvanda polis polkunun binasının ələ keçirilməsini Qarabağ müharibəsinin iştirakçılarından ibarət silahlı qrup törətsə də, Qərbin maliyyələşdirdiyi KİV-lər və QHT-lər bu qiyama dəstək verib, Qərbdən maliyyələşən qruplar silahlılara dəstək olaraq aksiyalar təşkil edib.

Maraqlıdır ki, Moskvaya yola düşən gün Serj Sərkisyan Milli Təhlükəsizlik Şurasının aparatını buraxıb. Məlumata görə, Sərkisyan Ermənistan prezidenti aparatının rəhbərinə və Milli Təhlükəsizlik Şurasının katibinə sentyabrın 1-dək Milli Təhlükəsizlik Katibliyinin nizamnaməsini təqdim etməyi tapşırıb. 

*** 


Rusiya qaynaqlarının xəbərinə görə, dünən Moskvada baş tutan görüşdə Serj Sərkisyan öncə rusiyalı həmkarına Qarabağ məsələsində göstərdiyi “siyasi və diplomatik səylərə görə” minnətdarlıq edib. “Vladimir Vladimiroviç, mən Dağlıq Qarabağ probleminin siyasi-diplomatik həllində göstərdiyiniz səylərə şəxsən Sizə, Rusiya tərəfinə minnətdarlıq etmək istəyirəm. Əlbəttə ki, burada olduqca vacibdir ki, əldə olunan anlaşmalar həyata keçirilsin. Biz buna hazırıq” - Sərkisyan deyib. O, həmçinin dəvətə görə Putinə təşəkkürünü bildirib.

Putin isə görüşün əvvəlində Serj Sərkisyana Azərbaycan prezidenti İlham Əliyevlə Bakıdakı danışıqlarının nəticələri barədə məlumat verəcəyini bildirib. “Biz Bakıda prezident İlham Əliyevlə görüşdük. Və əlbəttə ki, bu mövzudan - Dağlıq Qarabağ nizamlanmasından yan keçə bilməzdik. Aydındır ki, mən Bakıdakı söhbətimizin nəticələri barədə sizi məlumatlandıracağam” - Rusiya dövlət başçısı deyib.


Danışıqlar zamanı dar çərçivədə Kreml başçısı həmçinin bildirib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası yaxşı nəticələr verir. “Ermənistan Güney Qafqazda bizim strateji tərəfdaşımızdır və biz ardıcıl surətdə müttəfiqlik əlaqələri qururuq”, - deyə Rusiya prezidenti qeyd edib. Öz növbəsində Sərkisyan işgüzar səfəri çərçivəsində ikitərəfli əlaqələrə və regional gündəliyə dair bir sıra məsələləri diqqət mərkəzinə gətirmək istədiyini söyləyib. 
Erməni qaynaqlarının məlumatına görə, görüşdə İrəvandakı son dramatik olaylara da toxunulub. Putun bu məsələdə erməni həmkarına tam dəstək ifadə edib. “Ermənistanda bu yaxınlarda girovların götürülməsi - siyasi məsələləri qeyri-legitim yolla həll eləmək cəhdləri qeyri-məqbuldur” - Kreml başçısı vurğulayıb.


Bu yerdə daha xatırladaq ki, Sərkisyan rejiminə qarşı radikal üsullara əl atan silahlı müxalifət qüvvələrinin arxasında Qərbin durmasından şübhələnir.  

“Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllini istəyir”. Bunu isə Rusiya prezidenti görüşdən sonra deyib. Putin vurğulayıb ki, Rusiya İrəvanla Bakı arasında gərginliyin azalmasında maraqlıdır və kompromisin əldə olunması üçün həll yollarının axtarılmasında yardımını davam etdirəcək. “Rusiya qonşuları arasında yaranmış gərgin münasibətin aradan qaldırılmasında maraqlıdır. Biz ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həll yolunun tapılmasında və İrərvanla Bakı arasında birbaşa əlaqələrin yaradılmasında köməyimizi davam etdirəcəyik. Ümidvarıq ki, Ermənistan və Azərbaycan bu münaqişədən nə qalib, nə də məğlub kimi çıxacaq, ümumi bir kompromis yolu tapılacaq”.

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR